"Bu cür forumlar Azərbaycanın nüfuzunu bütün dünyaya göstərir" - Deputat





"Azərbaycanın əldə etdiyi uğurlarda onun qonşu və dünya dövlətləri ilə dostluq, qonşuluq, tərəfdaşıq əlaqələri qurub, saxlamasının da payı var”.

Bunu "Sherg.az”a millət vəkili Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, Beynəlxalq Humanitar Forumunun Azərbaycanda altıncı dəfə keçirilməsi ölkəmiz üçün müsbət haldır:

"Bu kimi beynəlxalq tədbirlərin Azərbaycanda baş tutması ölkəmizin nüfuzunu bütün dünyaya göstərir. Cənab prezident İlham Əliyev forumdakı çıxışı zamanı bildirib ki, Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, iqtisadiyyatımıza böyük həcmdə investisiya qoyulub, yoxsulluğun səviyyəsi 5 faiz civarındadır. Yəni Azərbaycan ötən zaman içində bu kimi iqtisadi uğurlar əldə edib. Cənab prezident xüsusilə qeyd etdi ki, fəaliyyətimizin əsasında müstəqil iqtisadi siyasətimiz dayanır. 

Eyni zamanda Azərbaycan elə bir coğrafi mövqedə yerləşir ki, bundan istifadə edərək ölkəmiz bir çox layihələrdə iştirak edir. Artıq bu zaman Azərbaycan bir sıra dövlətlərlə yaxşı dostluq, qonşuluq, etibarlı tərəfdaşlıq münasibətləri saxlayır. Ölkə başçımızın apardığı siyasət nəticəsində Ermənistandan başqa bütün qoşu dövlətlərlə diplomatik, siyasi əlaqələrimiz var. Və zaman getdikcə onlarla aramızdakı münasibətimiz daha da genişlənir. Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP, "Cənub Qaz Dəhlizi” kimi böyük layihələrə Azərbaycan illər əvvəl qurduğu, qoruyub saxladığı dostluq, qonşuluq, tərəfdaşlıq əlaqələri ilə imza atıb”.

Qeyd edək ki, ötənlərdə paytaxt Bakıda baş tutan VI Bakı Beynəlxalq Humanitar Forumda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək bildirib ki, müstəqillik dövründə Azərbaycan çox uğurlu inkişafa nail olub. Bu gün Azərbaycanda yaşanan vətəndaş həmrəyliyi ölkəmizin uğurlu inkişafı üçün əsas şərtdir. Azərbaycanı dünyada etibarlı tərəfdaş və dost ölkə kimi tanıyır

Kənan Eynuroğlu