"Bu da, Baxçalının ənənəvi bəyanatlarından biridir"

Qabil Hüseynli: "Baxçalının bəyanatının Türkiyə-Rusiya münasibətlərinə təsiri ola bilməz"


"Dövlət Baxçalının tənqidi bəyanatının Türkiyə-Rusiya münasibətlərinə heç bir təsiri ola bilməz”.

Bunu Sherg.az-a Türkiyə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının "Bir pilotun ölümü ilə Rusiya Türkiyə ilə münasibətləri dayandırmaq nöqtəsinə gətirmişdi. İndi Rusiya əsgərlərimizi şəhid edir, "pardon” deməklə kifayətlənir” – sözlərinə münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib. 

Onun sözlərinə görə MHP sədri ənənəvi bəyanatını verib:

"O özünün milliyyətçi partiya sədri olduğunu sübut etməli idi. Əslində düzdür, Suriyada türk əsgərlərinin vurulması mənfi mənada mühüm hadisə idi. Rusiya bir təyyarənin vurulmasına görə böyük hay-küy qopartmışdı. Lakin indi münasibətlər o səviyyədədir ki,  Rusiyanın Türkiyə ilə əlaqələri pozmağa nə imkanı, nə də haqqı var. Suriya döyüş meydanıdır. Müharibədə isə hər şey ola bilər. Ona görə də D. Baxçalının çıxışı elə də əhəmiyyət daşımır. O, başqa məsələlərə diqqət edərsə, daha yaxşı olar”.

Qeyd edək ki, Türkiyə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Rusiya qırıcı təyyarəsinin Suriyanın Əl-Bab şəhəri yaxınlığında da Türkiyə hərbçilərinin olduğu binanın bombalaması və 3 əsgərin şəhid olmasına sərt reaksiya verib. 

D. Baxçalı deyib ki, Rusiya əsgərləri şəhid edir, sonra da "pardon” deməklə kifayətlənir.

Aysel Aslan