“Bu forum ölkəmizin imicini təcəssüm etdirən ən mühüm tədbirlərdəndir”

"Ölkəmizin bu cür beynəlxalq tədbirə ev sahibliyi etməsi böyük uğurdur”.
Bunu "Sherg.az”a açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev deyib.
Analitik bildirib ki, Azərbaycan dəfələrlə beynəlxalq tədbirə uğurla ev sahibliyi etmiş bir ölkə kimi beynəlxalq arenada nüfuz sahibidir: 
"V Ümumdünya Mədəniyyətlərarası Forumu ölkəmizin imicini təcəssüm etdirən ən mühüm tədbirlərdəndir. Azərbaycan ayrı-seçkilik, qeyri-bərabərlik, zorakılıq kimi hallara ən sərt şəkildə reaksiya verən və mübarizə aparan ölkələrdəndir. 
Dövlət başçımızın açılış zamanı nitqi də xüsusi diqqətə layiqdir. Prezident Azərbaycanda əsrlər boyunca müxtəlif dinlərin, etnik qrupların birgə yaşadığını, ölkəmizdə daim dini tolerantlığın hökm sürdüyünü vurğuladı. 
Respublikamızda multikulturalizmin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu qeyd edən Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycanda multikulturalizm, 2017-ci ilin isə İslam həmrəyliyi ili elan edildiyini bildirdi. 
Dövlət başçısı qeyd etdi ki, dünyada multikulturalizmin tendensiya halını alması beynəlxalq səviyyədə sülhə, tərəfdaşlığa vacib töhfə olardı. Bu baxımdan, multikulturalizm və bu yöndə Azərbaycanda keçirilən digər silsilə tədbirlər mühüm əhəmiyyət kəsb edir”.
İsmayıl