"Ailəsini, övladları və həyat yoldaşını qoyub başqasi ilə gedən qadınları hər zaman tənqid etməliyik”
Bu sözləri "Sherg.az”a psixoloq Fərqanə Mehmanqızı söyləyib.
Onun sözlərinə görə, bir ana övladını atırsa, onun psixoloji durumu, onun gələcəyi yaxşı olmayacaq:
"Onlar özünə güvənməkdə problem yaşayacaq. Bununla da cəmiyyətdə sağlam olmayan bir şəxsiyyət kimi yetişəcəklər. Cəmiyyətin " qara yarası” olacaqlar. Uşaqları olmayanlar həyat yoldaşlarını qoyub qaçırsa, demək həyat yoldaşından bezib. Əgər bezibsə, bunu hüquqi müstəvidə həll etməlidir".
Psixoloq diqqətə çatdırıb ki, bəzən də hər qadınların cüzi bir səhvini sosial şəbəkələrdə çox şişirdirlər:
"Kütlə çox olduğuna görə, onlar içində dar fikirlilər də çox olur. Rəylər adətən bir-birinə qarşı olur. Bunu etmək istəyən adam ona baxıb ürəklənir. "O bunu etdi, məndə edə bilərəm” -deyə düşünür. Əslində bunlar səhv addımdır. Bəziləri bu məsələyə mənfi cəhətdən yanaşırlar. Bu cür hadisələr hər zaman baş verib. Sadəcə indi sosial şəbəkələrin güclü fəaliyyəti nəticəsində bu məsələ belə geniş yayılır. Çünki insanlıq halı, insan düşüncəsi hər zaman olub. Bu cür hadislər gərgin münasibətli ailələrdə daha çoxdur. Bir adamın psixoloji durumu normaldırsa, təzyiq altında qalmırsa, onda onun qaçmağına bir səbəb yoxdur.
O özünü, ailəsini düşünə bilir. Amma psixoloji durumu pis olduqda onlar ailələrini, övladlarını, gələcək həyatlarını belə düşünmürlər. Onlar üçün birinə qoşulub qaçmaq çıxış yolu kimi görünür. Bununla da onlar həm özləri, həm ailə üzvlərini , həm də övladlarını mənəvi terrora məruz qoyurlar. İstərdim ki, belə hallara qarşı böyük bir qınaq olsun. Amma bura da onların ailələri, həyat yoldaşları qınaq obyekti olmasın.
Çünki onlar "Mən qaçım. Onsuz da günahı ailəmdə, həyat yoldaşımda axtaracqlar. Mən isə həyatımı yaşayacam” kimi xam xəyallara düşürlər. Bu cür məsələlərdə hər zaman günahı ailələrin, həyat yoldaşlarının üstünə atırıq. Buna görə də qadınlara belə addım atmaq rahat gəlir. Ailədə heç bir gərginlik yoxdursa, bu zaman günahı qadınlarda görmək lazımdır. Buna görə onları qınamaq lazımdır. Çox vaxt belə hadisələrə insanların münasibəti bu cür olur:"Gəlinə göz verib işıq vermirdilər. Onu incidirdilər. O da tab gətirə bilməyib, evdən qaçdı”. Bu fikirləri özlərinə təsəlli kimi düşünüb qaçırlar. Bununla onalara vicdan rahatlığı vermək olmaz. Qadınlar günahlandırılmalıdılar ki, onlar özlərini günahsız hiss etməsinlər”.
Ailə qurmamış qızların qoşulub qaçmasına toxunan F.Mehmanqızı onu da bəyan edib ki, bu hadisələrin yaşanmasında günahkar valideyinlər olur:
"İnsanların müəyyən azadlığı var. Özünə qoymalı olduğu qayda- qanunlar mövcuddur. Amma körpəlikdən uşaqları hər şeyə olmaz, hər şeyə qadağa qoymaları insanın psixologiyasında belə bir düşüncə yaradır: "Mən pisəm, mənfiyəm”. Uşaqları utanmaz, hayasız kimi sözlərlə təhqir edirlər. Bu da mərdi qova-qova namərd edərlər məsəli ilə üst-üstə düşür. Uşaqlar belə psixologiyə ilə böyüyüb, həyatına başqa bir şəxs girib, ona dəyər verdiyini hiss etdirəndə artıq o həyatındakı bütün qaydaları unudur. Çünki insanın ruhu sevgi ilə qidalanır.
Hər zaman gözəl münasibət görməyən bir insan yaxşı münasibət gördükdə bu addımı atır. Ailəsi tərəfindən sevilən, onlardan fikirlərinə anlayış görən heç bir qız gərəksiz addım atmaz. Valideyin sonradan deyə bilər ki, biz ona yaxşı baxırdıq, ona fikir azadlığı verirdik. Amma çox vaxt bu sözlər yalan olur. Onlar isti münasibətə ehdiyacları olduğu üçün belə bir münasibət gördükdə ona meyil göstərirlər. Bunun qarşısını almaq üçün valideynlər qızlarına dəyər verməlidir. Valdeynlər övladları ilə dost olmalıdırlar”.
Kənan Eynuroğlu