"Aprel döyüşlərindən sonra bir daha şahidi olduq ki, İsrail hər zaman Azərbaycanın yanındadır"
"Bu, Netanyahunun Azərbaycana ilk səfəri deyil"
Arye Qut: "Heydər Əliyev Benyamin Netanyahunu gecədən xeyli keçmiş qəbul edib"
"Aprel döyüşlərindən sonra bir daha şahidi olduq ki, İsrail hər zaman Azərbaycanın yanındadır"
"Aprel döyüşlərindən sonra bir daha şahidi olduq ki, İsrail hər zaman Azərbaycanın yanındadır"
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail filialının rəhbəri, tanınmış siyasi ekspert Arye Qut Sherg.az-a müsahibə verib. Onunla İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana gözlənilən ilk tarixi səfəri, İsrail-Azərbaycan münasibətləri, bu iki ölkə arasındakı hərbi, siyasi, təhlükəsizlik və iqtisadi sahələrdəki əməkdaşlıq, İsrailin Dağlıq Qarabağ münaqişəsinə münasibəti, Bakı-Təl-Əviv yaxınlaşmasının Tehranı qıcıqlandırması və s. məsələlər ətrafında söhbət apardıq.
- Bu ilin dekabrında İsrail Baş naziri Benyamin Netanyahunun Azərbaycana tarixdə ilk səfəri baş tutacaq. Bu səfər Azərbaycan-İsrail münasibətlərinə nə vəd edir?
- Bu səfər Azərbaycan-İsrail əlaqələrinin strateji xarakter daşıması faktını bir daha təsdiq edir. Eyni zamanda bu da bir faktdır ki, Avrasiya məkanında İsraillə Azərbaycan qədər sıx, səmimi münasibətləri olan ölkə yoxdur. Bu iki ölkə arasındakı münasibətlər ona görə təəccüb doğurur ki, Azərbaycan əhalisinin əksəriyyəti şiə məzhəbli olan bir ölkədir. Tarixi baxımdan isə Netanyahu İsrailin Azərbaycana səfər edəcək ilk və yeganə Baş naziridir.
Əslində deyim ki, 1998-ci ilin avqust ayında B.Netanyahu gecə saatlarında Bakıya qısa səfər edib. Bu, yeni Azərbaycan diplomatiyası tarixində ən nadir hadisələrdən biri idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev B.Netanyahunu gecədən xeyli keçmiş qəbul edib. Məhz bu gecə səfərindən sonra Təl-Əvivlə Bakı arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf etməyə başladı. Bununla yanaşı, 2009-cu ildə İsrailin 9-cu mərhum prezidenti Şimon Peres Azərbaycana ilk tarixi səfərini etdi.Həmin vaxt İsrailin xarici işlər naziri kimi çalışan, indi isə müdafiə naziri postunu tutan, Azərbaycanın yaxın dostu Aviqdor Livbermanın Azərbaycana bir neçə dəfə - 2010, 2012 və 2014-cü illərdə səfərləri olub. 2013-cü ilin aprelində isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İsrailə ilk dəfə səfər etdi. 2014-cü ildə isə İsrailin müdafiə idarəsinin rəhbəri Moşe Yaalon Azərbaycana ilk dəfə gəldi".
- Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində İsrailin mövqeyi necədir? İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirmi?
- Baş nazirin bu rəsmi səfəri böyük tarixi və geosiyasi əhəmiyyət kəsb edir. İsrail Azərbaycana həmişə böyük diqqət və səmimiyyətlə yanaşıb. Özü də yalnız ona görə deyil ki, Azərbaycanda heç zaman antisemitizm olmayıb və yoxdur. Həm də ona görə ki, rəsmi Bakı başqa ölkələrdə antisemitizmin hər hansı təzahürlərini dəfələrlə pisləyib və yenə də pisləyir. Cənubi Qafqaz və Yaxın Şərq regionunda son hadisələr, Moskva-Bakı-Tehran və Moskva-Bakı-Ankara əməkdaşlığı formatının genişlənməsi Azərbaycanın müstəqil siyasətinin parlaq əksi və əyani sübutu oldu. Azərbaycan xarici siyasət arenasında öz müstəqil davranışı ilə dəfələrlə sübut edib ki, heç bir ölkə və beynəlxalq təşkilat digər dövlətlərə nəsə diktə edə bilməz. İsrail bu gün deyil, 20 il öncə Azərbaycana siyasi hərbi baxımdan dəstək olub. Bu gün də dəstəkdir.
İsrail dünyaya açıq şəkildə bəyan edir ki, Təl-Əviv Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını Ermənistandan tələb edir. Bu da faktdır ki, indiki məqamda İsraillə Ermənistan arasında heç bir ticari əlaqə yoxdur. Siyasi dialoq da çox aşağı səviyyədədir. Azərbaycanla isə açıq-aydın siyasi, iqtisadi və hərbi tərəfdaşlıq var və bu strateji tərəfdaşlıq inkişaf edir və davam edir.
Bu da Ermənistanda Israilə və yahudilərə qarşı isteriya yaradır.Uğurlu aprel döyüşlərindən sonra bir daha şahidi olduq ki, İsrail hər zaman Azərbaycanın yanındadır. İsrail hər zaman Azərbaycandakı yəhudilərlə bağlı siyasəti və multikulturalizmi dəstəkləyir və dəstəkləməkdə davam edir. İsrailin bu münasibəti və Netanyahunun gözlənilən səfəri bir daha onu təsdiq edir ki, Azərbaycan Cənubi Qafqazda geosiyasi proseslərin şərtsiz lideridir. Regionun lider dövləti kimi özünü təsdiq edib. Mən bunu hər zaman, harada oluramsa İsraildə, Rusiyada, İtaliyada və ya İsveçdə olan zaman söyləmişəm ki, Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda heç bir geosiyasi layihəni həyata keçirmək mümkün deyil. İndiyə qədər Azərbaycanın İsraildə öz diplomatik missiyasını açmamasına baxmayaraq, Azərbaycan hökuməti İsraillə çoxsaylı rəsmi nümayəndə heyəti göndərir. Öz növbəsində Bakıda İsraildən gələn çoxsaylı nümayəndə heyətə qarşılanır. İsraillə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın genişlənməsi, İsrailin Azərbaycandan neft almasını, Azərbaycanın iqtisadiyyatı və kənd təsərrüfatına investisiya yatırması çox əlamətdar hallardır. Azərbaycanın kənd təsərrüfatı, hərbi sənaye və telekommunikasiya sahələrində İsrailin müasir texnologiyalarına ehtiyacı var. Bu ölkələr arasında təhsil, mədəniyyət və humanitar layihələr inkişaf etməkdədir.
- Aprel savaşında şahidi olduq ki, Azərbaycan məhz İsraildən aldıqları silahların gücünə düşməni geri oturtdu. İsraillə Azərbaycan arasındakı hərbi əməkdaşlıq hansı səviyyədədir? Və bu əməkdaşlığın davam etdirilməsi Azərbaycana nə verəcək?
- İsrail Azərbaycanın strateji dostudur, bunu hər zaman da deyir. Bu, həm baş nazir səviyyəsində deyilib, indi də müdafiə naziri səviyyəsində deyilir. Hesab edirəm ki, Libermanın bu gün müdafiə naziri olması Azərbaycan üçün çox yaxşı şərait yaradıb. Aydındır ki, İsraildə yaşayan erməni diasporasında, ümumiyyətlə Ermənistanın özündə bir panika yaratdı ki, Azərbaycanın dostu olan Liberman İsrailin müdafiə naziridir.
İsrail-Azərbaycan münasibətləri heç də üçüncü tərəfdən, Ermənistandan asılı deyil. İsraillə Azərbaycan arasında çox gözəl siyasi dialoq, iqtisadi, ticarət əlaqələri mövcuddur. Eyni zamanda da hərbi-siyasi baxımdan da bu əlaqələr mövcuddur və demək olar ki, son aprel hadisələri onu göstərdi ki, Azərbaycan ordusunda İsrail texnologiyasından yüksək səviyyədə istifadə olundu. Bu da aydındır ki, Ermənistanı qorxudur, ermənilər panika yaşayır.
Bu, bir tərəfdən də onu göstərir ki, bugünki Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Bugünkü Azərbaycan güclü Azərbaycandır, çox güclü ordusu var. Azərbaycanın ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Bir şeyi tam açıq deyim ki, İsrail hər zaman Azərbaycanın yanındadır. Bunu tək mən yox, İsraildə olan rəsmi adamlar da deyir, həm xarici işlər naziri səviyyəsində, həm də İsrailin hazırki müdafiə naziri olan Liberman səviyyəsində.
Aprel savaşı onu göstərdi ki, İsrail hər zaman Azərbaycanın yanındadır. Digər yandan Azərbaycan əsgərinin igidliyi və qəhrəmanlığı sübut etdi ki, Azərbaycan 90-cı ilin Azərbaycanı deyil. Artıq Ermənistan bunu yaxşı anlayır. Həmçinin separatçı ölkə onu da yaxşı bilir ki, İsraillə Azərbaycan arasındakı hərbi əməkdaşlıq yüksək səviyyədədir. Aydındır ki, bu da bəzi ölkələri qıcıqlandırır. Amma bütün hallarda Azərbaycanın daxili və xarici siyasəti milli maraqlara söykənir.
- İsrail dünyada erməni diasporunun Dağlıq Qarabağla bağlı təxribatlarının, dezinformasiyalarının qarşısını ala bilirmi? Ümumən, bu istiqamətdə fəaliyyəti varmı?
- İsraildə bununla bağlı fəaliyyət aparılır. "Xocalıya Ədalət" kampaniyasına birinci gündən qoşuldum. 4-5 il öncə bu işə başlayanda İsraildəki bəzi siyasətçilər bizi anlaya bilmirdi. Orada ilk siyasi tədbiri millət vəkili Qənirə xanım Paşayevanın dəstəyi ilə həyata keçirdik. Sonra bu önəmli işdə bizə Heydər Əliyev Fondu dəstək göstərdi. Məhz bu Fondun dəstəyi və real yardımı ilə bir il ərzində İsrailin müxtəlif şəhərlərində "Xocalıya Ədalət" adlı fotosərgilər keçirdik. Yadımdadır, İsrailin şimalında qədim şəhər olan Akkoda şəhər bələdiyyəsinin binasında bu fotosərgini keçirdik. Akko şəhərinin meri Şimon Launkrinin sözləri yadıma düşür. Lankri deyib: "Bu fotosərgi məni sarsıtdı, gördüklərimdən şoka düşdüm. Bu, Azərbaycan xalqına qarşı vəhşiliyin təzahürüdür. Günahsız körpələr, qadınlar və qocalara qarşı misli görünməmiş qəddarlıq və barbarlıqdır. Bunun heç cür izahı yoxdur.Azərbaycanlılar və yəhudilər hər zaman qardaş olub. Biz indi də qardaşıq".
Bu bir daha onu göstərdi ki, biz Xocalı qətliamı ilə bağlı işləri daha da gücləndirməliyik. Yəhudilər dünyanın ən qəddar genosidini yaşamış xalqdır. Bu mənada azərbaycanlılara qarşı törədilən Xocalı faciəsi də mənim şəxsi ağrım və şəxsi faciəmdir. Bu, tarixi faktdır. Baxın, İsrailin qədim Akko şəhərində əslən Azərbaycandan olanların ən böyük icması var. Bu icmaya mənim dostum qardaşım silahdaşım Şirin Nehamiyya Mixaeli rəhbərlik edir. Aprel döyüşləri zamanı Şirin qardaşımız Azərbaycana dəstək məqsədi ilə Azərbaycan kökənli yahudilərdən batalyon yaratmağa hazır olduğunu bəyan etdi. Ş.Lankrinin və "STMEGİ" beynəlxalq xeyriyyə cəmiyyətinin prezidenti Qerman Zaxaryaven təşəbbüs ilə İsraildə Azərbaycan Dağ Yəhudilərinin İrsi Üzrə Əlaqələndirmə Mərkəzi tikilib. Bu, mərkəzin inşasına 1 milyon dollardan çox vəsait ayrılıb. Bu Azərbaycan dövlətinin deyil, İsrail dövlətinin vəsaiti hesabına başa gəlib. Ümid edirik ki, yaxın zamanlarda İsraildə Heydər Əliyev adına "Azərbaycan evi" də açılacaq.
- Azərbaycan-İsrail münasibətlərinin bəzi ölkələri qıcıqlandırdığını qeyd etdiniz. İranı da bu ölkələrin sırasına qatmaq olarmı?
- Əlbəttə, İsrail-Azərbaycan strateji əməkdaşlığı İranı qıcıqlandırır. İranın qıcıqlanması bü günün işi deyil. Yadınızdadırsa, 1990-cı illərdə də rəsmi Tehran proseslərə bu cür reaksiya verirdi. Ulu öndər HeydərƏliyevlə bağlı da bəzi hadisələr olub ki, İran qıcıqlandığını aydınca büruzə verib. Daha sonra Şimon Peresin Bakıya səfərindənöncə də İran ayatolla rejimini də qıcıqlanmışdı.
Qeyd etdiyim ki, İsraillə Ermənistan arasında heç bir siyasi dialoq yoxdur. Çox paradoksal bir vəziyyətdir ki, İran özünü müsəlman ölkələrinin carçısı adlandırır. Amma 20 faiz ərazisi işğal olunmuş və 1 milyondan artıq qaçqını olan müsəlman şiə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmir. Rəsmi olaraq ərazi bütövlüyünün dəstəklənməsi barədə bayənatlar var, fəqət Tehran açıq-aydın Ermənistanla strateji tərəfdaşlığı inkişaf edərək, faktiki olaraq Azərbaycana qarşı siyasət yürüdür. Bu, İran İslam Respublikasının milli təhlükəsizlik konsepsiyası ilə əlaqədardır. Yəni Azərbaycanın siyasi, iqtisadi və hərbi baxımdan güclənməsi İranın xeyrinə deyil. Bu, Ermənistanın da xeyrinə deyil. İran Ermənistanla iqtisadi və siyasi əlaqələrini davam etdirir. Hətta bu yaxınlarda bildiriblər ki, Tehran İrəvanla hərbi-strateji əməkdaşlığa getməyə də hazırdır. Bu isə yenidən Azərbaycana vurulan geosiyasi zərbədir. İranla Azərbaycan arasında 600 km-lik sərhəd var. Bu sərhədin böyük bir hissəsi Ermənistan tərəfindən işğal olunub. Amma İran buna öz mövqeyini bildirmir. Aprel hadisələrindən sonra Azərbaycanın dostu və düşmənin kim olduğunu gördük. Onu da unutmayaq ki, İranda 35 milyon azərbaycanlı var. Tehran düşünür ki, Azərbaycan güclənərsə, həmin 35 milyon azərbaycanlı Azərbaycana birləşmə ideyasını ortaya ata bilər. İranın Azərbaycan əleyhinə siyasəti bundan irəli gəlir.
Ayyət Əhməd