Bu sahə yenidən qurulur
“Əhalinin keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər”
Regionda və dünyada geosiyasi mövqeyini möhkəmləndirən Azərbaycan öz milli enerji sektorunu hər cür asılılıqdan çıxarmaqla enerji təhlükəsizliyini tam təmin edib. Bununla yanaşı, ölkəmiz Avropanın enerji təhlükəsizliyinə töhfə verən enerji mərkəzi statusunu da qazanıb. Vurğulamaq lazımdır ki, elektrik enerjisi sisteminin yenidən və müasir texniki tələblərə uyğun şəkildə qurulması, Avropa standartları səviyyəsinə çatdırılması, daxili enerji tələbatının tam ödənilməsi müstəqilliyin ilk illərindən həlli vacib məsələ hesab edilib.
Ümummilli lider Heydər Əliyevin bütün xarici ölkələrə rəsmi və işgüzar səfərləri zamanı apardığı danışıqlarda elektrik enerjisi təsərrüfatının yenidən qurulması, obyektlərin inşası və bərpası əsas müzakirə mövzusu olub. Məhz bu sahədə verilən düşünülmüş qərarlar respublikamızın hazırkı müstəqil elektrik enerjisi sisteminin formalaşmasını təmin edib. Ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi sayəsində yeni generasiya güclərinin işə salınması, enerji ötürücü sisteminin köklü şəkildə inkişaf etdirilməsi tarixi nailiyyət kimi müstəqil dövlətimizin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Ümummilli liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də enerji sisteminin cari fəaliyyəti və perspektivləri daim diqqət mərkəzində olub. 1993-cü ildən sonra ölkəmizin elektrik enerjisinə tələbatının ödənilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib. Məhz həmin dövrdə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında xarici sərmayələrin cəlb edilməsi ilə mövcud elektrik stansiyalarının yenidən qurulması və modernləşdirilməsi layihələri icra edilib. Bütövlükdə ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə respublikamızda 3 500 MVt-a yaxın generasiya gücü işə salınıb.
Enerji məsələsi hər zaman dövlətin prioritet sahələrindən olub...
Azərbaycan Prezidenti İlham Əliyevin apardığı qətiyyətli və ardıcıl siyasi xətt nəticəsində iqtisadiyyatın bütün sahələrində olduğu kimi elektrik energetikası sahəsində də böyük nailiyyətlər əldə edilib. Ölkənin elektrik enerjisi sistemi, enerji istehsal edən əksər strukturlar yenidən qurulub. Azərbaycanı xarici ölkələrlə birləşdirən magistral elektrik xətləri yenilənib, şəhər və rayonlarda onlarla böyük və kiçik elektrik stansiyaları tikilib. Məlumdur ki, Azərbaycan kimi enerji təhlükəsizliyini təmin etmiş dövlətlər belə enerji təminatı kursunu sürətlə dəyişən qlobal çağırışlara uyğunlaşdırmağa, enerji siyasətinin əhatə dairəsini təkcə neft-qazla məhdudlaşdırmamağa çalışır. Enerji hasil və ixrac edən bir sıra dövlətlərin öz milli maraqlarından irəli gələn kritik məqamlarda enerji faktorunu digər dövlətə qarşı asanlıqla təsir rıçaqına çevirmələri bilinən reallıqdır. Ənənəvi enerji ehtiyatlarının getdikcə tükənməsi, dünyanın neft bazarındakı qiymət tərəddüdləri bir çox dövlətlər qarşısında neft və təbii qaz kimi resurslardan asılılığın azaldılması, enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi kimi məsələləri aktuallaşdırır. Bir sözlə, milli təhlükəsizliyin tərkib hissəsi kimi enerji təhlükəsizliyinin bütün dövrlər üçün təmin edilməsi bu gün hər bir dövlətin başlıca vəzifəsi sayılır.
Dövlət başçısının göstərişləri əsasında elektrik enerjisinin idxalına son qoyulub, ixrac dövrü başlayıb...
Əminliklə deyə bilərik ki, Azərbaycan enerji təhlükəsizliyinin həllinə təkcə neft-qaz resursları çərçivəsində deyil, elektrik enerjisi təminatı səviyyəsində də tam nail olub. Dövlətin enerji təhlükəsizliyi məsələsinə elə öz imkanları müstəvisində çoxşaxəli yanaşması ölkə iqtisadiyyatının və əhalinin enerji təminatının həm bu gün, həm də gələcək üçün etibarlılığını təmin edib. Azərbaycanda bu sahədə həyata keçirilən məqsədyönlü quruculuq işləri nəticəsində ölkəmizin müstəqil elektrik enerjisi sistemi formalaşıb. Hazırda dünyada elektrik energetikası sahəsinin yeni inkişaf meyilləri özünü göstərməkdədir ki, bu da hər bir ölkənin təkcə yaxın müddətdə deyil, həm də gələcək onilliklərdə dayanıqlı və keyfiyyətli enerji təchizatı üçün mühüm əhəmiyyətli qərarlar qəbul edilməsi zərurəti ilə bağlıdır. Dövlət başçısının qərar və göstərişləri əsasında generasiya potensialının yenilənməsi ölkəmizdə elektrik enerjisi idxalına son qoyulmasına, həmçinin ixrac potensialının yaranmasına gətirib çıxarıb. Keçən dövr ərzində, uzunmüddətli istismarda olan yüksək gərginlikli ötürücü elektrik şəbəkələrinin bərpasına da böyük diqqət ayrılıb. Demək olar ki, elektrik enerjisi sisteminin bütün yüksək gərginlikli yarımstansiyalarında avadanlıqlar ən müasirləri ilə əvəz edilib. Dövlət başçısının qərarı əsasında əhalinin enerji təminatını inkişaf etdirmək məqsədi ilə yaradılmış "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti də enerji sahəsində atılmış ən mühüm addımlardan biri hesab olunur.
"Azərişıq”ASC-nin üçillik fəaliyyəti dövründə nail olduğu uğurlar...
2015-ci ilin fevral ayının 10-da "Azərişıq” ASC yaradılarkən onun qarşısına qoyulan əsas vəzifə regionlardakı elektrik şəbəkələrini Bakının səviyyəsinə çatdırmaq, əhalini keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz etmək, texniki itkiləri azaldıb, enerji satışında yığımın faizini artırmaqdan ibarət idi. Həmçinin ölkə Prezidentinin strateji xəttinə uyğun olaraq iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, turizm və başqa sahələrin inkişafı ilə əlaqədar artan tələbatı qarşılamaq istər qeyri-əhali, istərsə də əhali abonentlərini elektrik enerjisi ilə təchiz etmək də "Azərişıq” ASC-nin məsuliyyət yükünü artırırdı. Bu məqsədlə Respublikanın şəhər və rayonlarında paylayıcı elektrik şəbəkələrinin yenidənqurulması və inkişaf etdirilməsi üzrə 2016-2025-ci illər üzrə Tədbirlər Planı - Master Plan hazırlandı və 2016-cı ilin aprel ayında Nazirlər Kabineti tərəfindən təsdiqləndi. Həmin Tədbirlər Planında regional elektrik şəbəkələrinin normal istismar vəziyyətinə çatdırılması üçün irihəcmli investisiya qoyuluşları və irihəcmli tikinti, yenidənqurma və bərpa işləri nəzərdə tutulurdu.
Son 3 ildə 110 yarımstansiya yenidən qurulub...
"Azərişıq” ASC yaradılan kimi dərhal regionlardakı istismar müddətini başa vurmuş elektrik şəbəkələrində ciddi tikinti və yenidənqurma işlərinə start verildi. Mənəvi və fiziki cəhətdən köhnələn və istismar müddətini başa vuran yarımstansiyalar, transformatorlar, elektrik veriliş xətlərinin yenilənməsi gündəmə gəldi. Əslində istismar müddətini başa vuran elektrik şəbəkələrinə görə, neçə illər idi ki, elektrik kəsintiləri açılmalara gətirib çıxarmaqla yanaşı texniki itkilərə səbəb olurdu. Məhz regionların sosial-iqtisadi inkişafı, abonentlərin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün son üç ildə regionlarda 19 ədəd 110 kV-luq, 91 ədəd 35 kV-luq yarımstansiya tikilərək yenidən quruldu. Yeni yarımstansiyaların əksəriyyətində idarəetmənin təkmilləşdirilməsi və çevikliyin artırılması məqsədilə SCADA dispetçer idarəetmə mərkəzi yaradıldı. 5000-ə qədər 10-6 kV-luq Trtansformator Məntəqəsi və Komplekt Trasformator Məntəqəsi quraşdırıldı. 125 min km müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkildi. Yarım milyona yaxın dayaq basdırıldı. Quraşdırılan yeni tipli elektron sayğacların sayı milyon yarımı keçdi. Nəticədə ölkənin 1000-ə yaxın kənd və qəsəbəsinin elektrik təchizatı tamamilə yenidən quruldu və bu işlər hazırda davam etməkdədir.
Kənd təsərrüfatı və suvarma sistemləri üçün elektrik şəbəkələrində yenidənqurma işləri aparılıb
Qısa müddət ərzində kənd təsərrüfatının inkişafı, xüsusən, pambıqçılıq, taxılçılıq, fındıqçılıq və digər əkin sahələrinin suvarma sistemlərinin elektrik enerji təchizatı üçün elektrik şəbəkələrində tikinti və yenidənqurma işləri həyata keçirildi. Sırf kənd təsərrüfatının inkişafına yönəlik Hacıqabul rayonunda 110 kV-luq "Qarasu”, Şəmkir rayonunda "Şəmkir Aqro”, kimi yarımstansiyalar tikildi. Eyni zamanda, Tovuz, Samux, Goranboy, İmişli və Xaçmaz rayonlarında 4 ədəd 35 kV-luq yarımstansiyalar inşa edildi. Təkcə Gədəbəy və Neftçala rayonlarının hər birində 40 km-dən artıq 2 dövrəli 110 və 35 kV-luq yüksək gərginlikli hava xətləri çəkildi. Bu gün regionlarda 9 minə yaxın melorasiya, su təsərrüfatına aid nasosxana və subartezian quyuları var ki, onların elektrik enerjisi ilə təchizatı üçün qısa müddətdə 5 ədəd 110 kV-luq, 17 ədəd 35 kV-luq yarımstansiya tikilib. 110 km-dən artıq elektrik veriliş xətləri yenidən qurulub və təmir olunub.
Turizm zonalarının və cəbhə bölgəsinin elektrik təchizatı gücləndirilib...
Respublikanın turizm zonalarının elektrik təchizatının keyfiyyətli, fasiləsiz və dayanıqlı şəkildə həyata keçirilməsi üçün Şimal, Şimal Qərb və Qərb rayonlarında ciddi yenidənqurma işləri aparılıb. Qəbələ, Şəki, Zaqatala, Qax, Quba və turizm potensiallı digər rayonlarda 110 və 35 kV-luq yarımstansiyaların tikilərək yenidən qurulmasının başlıca məqsədlərindən biri əhalini keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etməklə yanaşı turizmin inkişafı üçün mövcud və perspektiv güc tələbatını artıqmaq idi. Aparılan tikinti və yenidənqurma işləri regionlarda olduğu kimi cəbhə bölgəsində də həyata keçirilib. Düşmənlə təmas xəttində "Tərtər”, "Şıxarx”, "Daş Salahlı”, "Cocuqmərcanlı” kimi yarımstansiyalar tikildi, Lələtəpə və başqa qaynar nöqtələrə, o cümlədən işğaldan azad olunandan 22 il sonra Tərtərin Çaylı kəndinə elektrik enerjisi verildi. Respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü "Azərişıq” ASC-nin yarandığı 2015-ci ilin əvvəlində 9 500 MVA-dan, 2017-ci ilin bu gününə qədər 12000 MVA-ya qədər yüksəldilib. Silsilə və kompleks tədbirlər hesabına "Azərişıq”ın regional elektrik şəbəkələrində texniki itkilər 15 faizdən 9 faizə endirilib. Faydalı elektrik enerjisinə görə yığım respublika üzrə 93 faiz, Bakı şəhəri üzrə 99 faizə qaldırılıb. 2017-ci ildə artıq "Azərişıq” ASC alınan faydalı elektrik enerjisinin dəyərini 100 faiz ödəyə bilib.
Mühüm yenilik - "ASAN xidmət” mərkəzlərinə inteqrasiya..
Azərişıq ASC yarandıqdan sonra 2015-2018-ci illərdə əldə etdiyi yeniliklərdən biri heç şübhəsiz "ASAN xidmət” mərkəzlərinə inteqrasiya ilə bağlıdır. Hazırda "Azərişıq” abunəçiləri "ASAN xidmət” və "ASAN” kommunal mərkəzlərində 15 xidmətdən yararlana bilirlər. Artıq sahibkarların elektrik şəbəkəsinə qoşulması prosedurları 7-dən 3-ə endirilib, şəbəkəyə qoşulma müddəti 69 gündən 24 günə endirilib. Bu isə sözsüz ki, beynəlxalq standartlara cavab verməklə yanaşı, "Doing bisness”in qiymətləndirməsində Azərbaycanın öz layiqli yerini tutmasında xüsusi rol oynayıb. "Azərişıq” ASC bütün bu məsələləri prioritet saxlamaqla durmadan yeniliklər edir. Artıq regionlardakı bütün "ASAN xidmət” mərkəzlərində də əhali və qeyri-əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması üçün daha sadələşdirilmiş və tez müddətdə prosedurlar həyata keçirilir. Bunun üçün "Azərişıq” ASC-nin mütəxəssisləri tərəfindən yaradılan elektron xəritənin imkanlarından istifadə olunur. Eyni zamanda elektron xəritə vasitəsi ilə avtomatik idarəetmə, balansa nəzarət və başqa işlər həyata keçirilir. Yarımstansiyalar və hava xətləri, eləcə də kabel xətləri müasir texnologiyaların köməyi ilə elektron xəritə üzərinə keçirilib.
İsmayıl Qocayev
Yazı "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.