Politoloq bildirib ki, ərköyün Paşinyan üçün “sürprizlər” hazırlanır
İşğalçı Ermənistanın 1988-ci ildən başlatdığı təcavüz siyasəti Nikol Paşinyanın qeyri-ardıcıl, bir-birinə zidd olan açıqlamaları ilə özünü daha aydın büruzə verməkdədir. Ümumiyyətlə, rəsmi İrəvanın Dağlıq Qarabağa yönəlik siyasəti heç vaxt ardıcıl və konstruktiv olmayıb. Götür-qoy etmədən hər düşündüyünü danışan Paşinyanın hakimiyyəti dövründə isə proses bir qədər də mürəkkəb vəziyyətə çatıb.
Çıxılmaz durumda qalan baş nazir qondarma rejimi "müstəqil” tərəf kimi prosesə qatmaqla sülh danışıqlarını və status-kvonu uzatmaq istəyir. Şübhə yoxdur ki, düşmən tərəfin sərsəm tələbləri hər zamankı kimi uğursuzluğa məhkum olacaq. Əslində müşahidə etdiyimiz bütün ziddiyyətli məqamlar Ermənistanın təcavüzkar siyasətindən və beynəlxalq prinsipləri kobudcasına pozmasından irəli gəlir. Ekspertlərə görə, Azərbaycanın Ermənistana verdiyi Naxçıvan dərsi işğalçını regiondakı mövcud reallıqlarla hesablaşmağa məcbur edəcək. Ordumuzun ardıcıl uğurları birmənalı olaraq, regionda hərbi-siyasi vəziyyətin xeyrimizə dəyişməsindən xəbər verir. Ötən dövrdə hərbi-siyasi vəziyyət buna imkan vermirdi. Ermənistan həmişə Rusiyanın arxasında gizlənir və müxtəlif vasitələrlə Azərbaycanla olan əməliyyatlara üçüncü dövlətləri qatmağa çalışırdı. Lakin düşmən bu dəfə umduğunu ala bilmədi. Nəticədə çarəsiz və sahibsiz qaldı. Bütün hallarda Ermənistan olduqca aciz duruma düşüb. Diqqət çəkən məqam Rusiyanın da bunda maraqlı olmasıdır. İndiki şəraitdə Azərbaycanla Rusiyanın maraqları üst-üstə düşür. Ermənistan siyasi rəhbərliyinin qeyri-real bəyanatları Rusiyanı qane etmir. Məhz bu səbəbdən Azərbaycanın Ermənistana hərbi-siyasi təzyiqi Rusiya tərəfindən narazılıqla qarşılanmır. Paşinyan hökuməti ortaya konkret mövqe qoymazsa, düşmən acı sonluqla barışmaq məcburiyyətində qalacaq.
Nikol Paşinyanın absurd ifadələri ilə bağlı "Şərq”ə danışan siyasi elmlər doktoru Zaur Mammədov deyib ki, Soçi görüşündə Rusiya Prezidenti Vladimir Putin Ermənistanlı həmkarına çərçivə müəyyənləşdirmişdi. Lakin hazırda düşmən ölkədə baş verənlər Moskvanın maraqlarına cavab vermir. Ona görə də Kreml Ermənistana tutarlı "cavablar” verəcək:
"Bu günlərdə Ermənistanda fəaliyyət göstərən amerikan laboratoriyaları haqqında narahatlıq ifadə olunub. Əsas məsələlərdən biri qaz siyasətidir. Rusiya Ermənistana ixrac etdiyi qazın qiymətini qaldırır. Rusiya Ermənistan üçün təbii qazın qiymətini 2018-ci ilin sonunadək min kubmetr üçün 150 dollar müəyyən edib. Görünür, Kreml Ermənistanın yeni rəhbərliyini yola gətirmək üçün ona təzyiq etməyə çalışır. Rusiyanın planı aydındır, əgər qaz bahalaşarsa, bu, indiki hakimiyyətin reytinqinə neqativ təsir edəcək.
Ermənilərin "Jamanak” qəzeti yazır ki, Moskvanın ermənilərə satdığı qazı bahalaşdırmaq istəyi yeni rəhbərliyə təzyiq vasitəsidir. Təbii qaz strateji əhəmiyyətli enerji daşıyıcısıdır və onun bahalaşması avtomatik şəkildə ölkədə yeni bahalaşma dalğası yaradacaq.
Düşmən ölkənin İrandan qaz alması da mümkün deyil. Çünki Ermənistanın qaz təchizatı Rusiyanın "Qazprom” şirkətinə aiddir. Eləcə də iqtisadiyyatın digər sahələri, olan-qalan böyük müəssisələr Rusiyanın nəzarətindədir. Moskva bunları başqa ölkələrlə paylaşmaq fikrində deyil”. Politoloq bildirib ki, ərköyün Paşinyan üçün "sürprizlər” hazırlanır: "Dağlıq Qarabağ və ya sərhədyanı regionlarda işğalçı Ermənistana qarşı müəyyən əməliyyatların başlaması ehtimalı yüksəkdir. İstisna deyil ki, Rusiya Azərbaycanın növbəti əməliyyatlarına qarışmayacaq.
İsmayıl