İlk dəfə olaraq icraedici hakimiyyət qanunverici hakimiyyətin ərazisinə soxulub
Bu sondur...
Ermənistanda Paşinyanı çara, diktatora tirana bənzətdilər
İlk dəfə olaraq icraedici hakimiyyət qanunverici hakimiyyətin ərazisinə soxulub
İlk dəfə olaraq icraedici hakimiyyət qanunverici hakimiyyətin ərazisinə soxulub
Ermənistanda siyasi gərginlik getdikcə daha da artır. Baş nazir Nikol Paşinyan hökumətinə qarşı müxalif qüvvələr səfərbər olmağa başlayıblar. "Çiçəklənən Ermənistan” partiyasının sədri, Ermənistanda iş adamı kimi tanınan Qaqik Çarukyan yeni hökumətə qarşı ittifaq yaratdığını bəyan edib. O, parlamentdə təmsil olunmayan siyasi qüvvələrlə yaxın zamanlarda danışıqlara başlayacağını açıqlayıb. Ermənistanın "Jamanak” qəzetinin məlumatına görə, danışıqlarda məqsəd növbədənkənar parlament seçkilərində vahid blokla iştirak etməkdir. Siyasi bloka "İrs” partiyası, Erməni Milli Konqresi və digər kiçik partiyaların, eləcə də Andreas Qukasyanın, Samvel Babayanın, Seyran Ohanyanın daxil olacağı gözlənilir.
Erməni mətbuatı yazıb ki, Çarukyan yeni yaradılan "Sasna srer” partiyasına da əməkdaşlıq təklif edəcək. Bu partiyanın üzvləri iki il əvvəl Erebuni rayonunda post-patrul alayına hücuma görə, saxlanılan silahlı qruplaşmanın üzvləridir. Onlar məhz Qaqik Çarukyanın təqdim etdiyi pul girovunun müqabilində həbsxanadan çıxa biliblər. Siyasi ekspertlər hesab edirlər ki, Paşinyana qarşı yaradılan cəbhə onun parlament seçkilərində qalib gəlməsini şübhə altına alır. Bu arada Təhlükəsizlik Xidməti keçmiş deputat Levon Sarkisyanı həbs edib. O, 2008-ci ilin oktyabrında Ermənistan Dövlət Gömrük Komitəsinin keçmiş başçısı Armen Avetsyanın malikanəsinə silahlı hücumda təqsirli bilinir. Xatırladaq ki, "Ayaqqabı şəhəri” Açıq Səhmdar Cəmiyyətinin təsisçisi Ara Karapetyan və İrəvanın Nor-Nork rayonunun keçmiş polis rəisi Armen Nikoqosyanın yaratdığı bandit dəstəsinin 10 üzvü bu cinayətə görə 2011-ci ilin mayında 15 il müddətinədək azadlıqdan məhrum edilib.
İlkin məlumata görə, basqının sifarişçisi keçmiş deputat Levon Sarkisyan olub. Cinayətdən sonra Levon Sarkisyan oğurlanan qızıl-zinət əşyalarını və bahalı saatları qarətçilərin əlindən alıb. Keçmiş deputatın malikanəsi və mənzilində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xeyli sayda silah-sursat, o cümlədən "AK-74” avtomatı, qumbara və qumbaraatan, 4000 müxtəlif çaplı güllə aşkarlanıb. Bundan başqa, xüsusi istintaq xidməti Ermənistanın böyük telekanallarından birinin sahibi Samvel Mayrapetyanı da saxlayıb. Təfərrüatlar açıqlanmasa da ilkin məlumata görə, Mayrapetyan fırıldaqçılıqda ittiham olunur. O, Ermənistanın iri sahibkarlarından biridir. Onun avtosalonlar şəbəkəsi, tikinti şirkətləri və restoranları var. Biznesmenin 2008-ci ildə ölkədə konstitusiya quruluşunun devrilməsində ittiham olunan sabiq prezident Robert Koçaryana yaxın adamlardan biri olduğu deyilir. Ermənistanda baş verənlər onu deməyə əsas verir ki, sabiq iqtidar parlamentdəki say üstünlüyündən istifadə edərək, Paşinyana təzyiq üçün zəmin hazırlamağa cəhd göstərir. Paşinyan isə bunun qarşısını almaq üçün köhnə sistemi dağıtmaqda israrlı olan inqilabi kütləyə istinad edir. Son məlumatlara görə, baş nazir məqsədinə doğru irəliləməkdədir. Yəni dekabr ayında növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı yüksəkdir. Arzuolunmaz sürprizləri nəzərə alan Paşinyan seçki kampaniyasını "küçə inqilabı” formasında aparacaq və bu taktika sabiq hakim elitanın qələbə şansını minimuma endirəcək. Prosesləri dəyərləndirən Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Paşinyanın getdikcə çara çevrildiyini deyib.
O vurğulayıb ki, Respublikaçılar Partiyası növbədənkənar seçkiyə qarşı deyil. Yəni problem zaman yox, metoddur:
"Ermənistanda Konstitusiyanı və hakimiyyətin bölünməsi prinsipini zorlayıblar. İlk dəfə olaraq icraedici hakimiyyət qanunverici hakimiyyətin ərazisinə soxulub. Eyni metodla zamanında Bonapart, Hitler, bolşeviklər davranaraq, xalqın arxasında gizləniblər. Artıq növbədənkənar seçkidə kimin nə qədər səs toplayacağı vacib deyil. Bu sondur, Ermənistanda plüralizm öldü. Baş nazirimizin yerinə çar, diktator və ya tiranımız olacaq. Məgər bunu istəmirdiniz? İndi həzz ala bilərsiniz. Belə çıxır ki, 100 min nəfər toplayan hər kəs istədiyi şeyi edə bilər? Siyasətdə hər zaman bumeranq effekti qalır. Mən bunu öz səhvlərimizi nəzərə alaraq deyirəm”.
Ermənistandakı vəziyyəti "Şərq”ə şərh edən Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov deyib ki, Paşinyan özünü "demokrat” siyasətçi kimi qələmə verərək, faktiki olaraq anti-demokratik addımlar atır, parlamentə təzyiq göstərir:
"Paşinyan növbədənkənar seçkilərin keçirilməsinə nail olmaq üçün müxtəlif siyasi qüvvələrlə pərdəarxası danışıqlar aparır, siyasi qruplaşmaları öz tərəfinə çəkməyə çalışır. Əlbəttə ki, parlamentdə təmsil olunan Qarabağ klanının nümayəndələri, Respublika Partiyasının üzvləri mübarizəni axıra qədər aparacaqlar. Çünki onlar hakimiyyəti asanlıqla əldən vermək niyyətində deyillər. Bu baxımdan son günlər fəaliyyətlərini bir qədər də aktivləşdiriblər”.
Professor bildirib ki, Ermənistanda Paşinyanı dəstəkləyən kütlə var, yəni baş nazir küçədən rıçaq kimi istifadə edə bilir:
"Amma Paşinyana dəstək verən insanlar bunu baş naziri sevdiklərinə, yaxud lider kimi qiymət verdiklərinə görə etmirlər. Reallıq odur ki, artıq ermənilər Qarabağ klanını hakimiyyətdə görmək istəmirlər, camaat onlardan bezib. Məcbur qaldıqları üçün Respublikaçılar Partiyasının qarşısında olan qüvvəyə dəstək verirlər. Reallıq odur ki, parlament seçkisində Respublikaçılardan deputat seçilənlər olacaq. Bu, istisna edilmir. Ancaq keçmiş hakim partiyanın yenidən səs çoxluğuna və siyasi üstünlüyə sahib olacağına inanmıram”.
İsmayıl