Gənclər daha üzərində beşbarmaq gəzdirməklə öyünmür
Zaman-zaman bir sıra şəxslər, xüsusilə, gənclər tərəfindən xarici ölkələrdən beşbarmaqların və digər bu qəbildən olan əşyaların qanunsuz yollarla respublikamıza gətirilməsi halları ilə rastlaşırıq. Bu cəhdlərin qarşısı hər dəfəsində Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən alınsa da, hüquqpozma törədənlərin də beşbarmaq arzusu tükənmir.
Onlar müxtəlif yollarla bu cür silahların ölkəyə daxil olmasına çalışırlar. Müxtəlif vaxtlarda sərhədi
keçən şəxslərdən yüzlərlə belə əşyalar götürülüb. Bəzi hallarda isə beşbarmağı gömrük sərhədindən
keçirməyə cəhd göstərən şəxslər verdiyi izahatlarında bu əşyaları "suvenir” və ya "xatirə hədiyyəsi”
kimi gətirdiklərini iddia edərək məsuliyyətdən yayınmağa çalışırlar. Hansı ki, səlahiyyətli ekspert
rəylərinə əsasən kustar üsulla hazırlanmış əzici-vurucu xassəyə malik bu beşbarmaqlar, habelə
kəsici-deşici, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən mülki dövriyyəsi qadağan edilən
digər vasitələr soyuq silahlar hesab olunur və bu əməllərə görə digər məsuliyyət növləri ilə yanaşı,
cinayət məsuliyyəti də nəzərdə tutulub. Bəs, beşbarmaq nə olan şeydir və gənclərdə ona qarşı bu
maraq hardandır?
Qeyd edək ki, beşbarmaq - barmaqlara taxılaraq əl içində sıxılaraq tətbiq edilən metal barmaqlıq
şəklində alətdir. Soyuq silah sayılan bu konstruksiya sadəliyinə baxmayaraq, olduqca təhlükəlidir.
Hər hansı bir şəxsə beşbarmaqla güclü zərbə endirərək ağır və ya ölümcül zədə yetirmək olar.
Beşbarmaq metal və ya bərk plastmasdan hazırlanır. Zavod istehsalı ilə yanaşı, kustar üsulu ilə də
hazırlanır. Əldəqayrılma beşbarmaqlar sadələşdirilmiş konstruksiyaya malikdir.
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay isə
kriminalistikada iki cür xəsarət yetirən alət olduğunu deyib: "Biri silah, bir isə arudiya adlanır. Əgər kimsə, çəkiclə birinə xəsarət yetirirsə, bu, arudiya hesab olunur. Çünki çəkic silah deyil, müxtəlif
məqsədlər üçün istifadə olunan alətdir. Amma elə alətlər də var ki, onlar istehsalat üçün nəzərdə
tutulmayıb, sadəcə kiməsə xəsarət yetirmək, öldürmək üçün istifadə olunur. Bunlar artıq silah
sayılır. Silahlar özləri də iki cür olur; odlu silah, soyuq silah. Beşbarmaq da məhz kiməsə xəsarət
yetirmək məqsədi ilə istifadə olunduğu üçün qanunvericilikdə soyuq silahlar sırasına aid edilib və
onların satışına və digər vasitələrlə əldə olunmasına qadağa qoyulub”.
Beşbarmaqların daha çox sovet dövründə dəbdə olduğunu vurğulayan ekspertin sözlərinə görə, son
illərdə beşbarmaqlara qarşı tələbat azalıb, artıq gənclər əvvəlki kimi üzərində beşbarmaq
gəzdirməklə öyünmür. Bu gün sadəcə yumruq zərbəsi zəif olan insanlar ondan istifadə edirlər.
Bəzi insanların beşbarmaqlardan suvenir kimi istifadə etməsinə gəldikdə isə İ.Altay suvenir kimi
saxlanılan silahların tərkibinin gerçək silahdan fərqləndiyini deyib. Onun sözlərinə görə, bəzək
əşyası kimi hazırlanan silahlar yumşaq maddədən hazırlanır və ondan silah kimi istifadə etmək
mümkün olmur. Hətta suvenir tapançalar da var. Amma onların güllə yeri olmur. Kənardan silaha
oxşasa da, güllə ata bilmir. Yəni sadəcə bir maketdir. Bunu isə ekspertiza vasitəsilə müəyyən eləmək
çox asandır”.
Şəymən