Bu universitet və nazirliklər bölgələrə köçürülür ? – Mühüm təklif

Universitetlərin bölgələrə köçürülməsi yenə gündəmə gəlib. Politoloq, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev bildirib ki, universitetlərin bir çox fakültələrinin rayonlara köçürülməsi, bölgələrdə yeni univeristetlərin açılması regionların inkişafına təkan verərdi. Politoloq bununla bir çox üstünlüklər əldə olunacağını qeyd edib; paytaxtda əhali sayında müşahidə olunan artım səngiyər, sahibkarların regionlara axını güclənər, kafelər, əyləncə mərkəzləri açılar, yataqxanalar tikilər, məşğulluq artar, yerli əhalinin gəlirləri də çoxalar. Region univeristetlərində təhsil alan tələbələr də ucuz qiymətə kirayə qalar, yaxud yataqxana xidmətindən istifadə edər, Bakıya miqarsiya azalar, infrastruktur rahatlanar, avtomatik olaraq ümumdaxili məhsulun həcmi artar, qeyri-neft sektoru da inkişaf edər.
Turizm İnstitutunun müəllimi, AVCİYA-nın eksperti Məhərrəm Zülfüqarlı «Sherg.az»a açıqlamasında politoloqun təklifinin yeni olmadığını, illərdir bu təkliflərin zaman-zaman səsləndiyini xatırlatdı:
- Universitetlərin bölgələrə köçürülməsi təklifi illərdir ki, səslənir. Bir sıra ali təhsil müəssislərinin bölgələrdə filialları fəaliyyət göstərir. 
Amma məsələn, Müəllimlər İnstitutunun filialları bağlandı və hamısı Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirildi. Amma niyə məhz bəzi fakültələr köçürülməlidir? Niyə, Şirvan Universiteti olmasın? Niyə, Qazax Universiteti olmasın? Filial mərkəzdən asılı olmaq deməkdir. Fakültə də açılacaqsa, ali məktəb rəhbərliyi bölgəyə gedib-gələcək. Yenə mərkəzlə bağlılıq, asılılıq olacaq. Hesab edirəm ki, bölgələrdə müstəqil ali təhsil müəssisələri fəaliyyət göstərməlidir. Hansı regionda hansı ali məktəb olsun, sualı üzərində isə ciddi düşünülməlidir. Bu məsələdə regionun xüsusiyyəti, yerli və ətraf bölgələrin əhalisinin məşğulluq dairəsi nəzərə alınmalıdır.
M.Zülfüqarlı nazirlik və idarələrin bölgələrə köçürülməsinin də vacibliyini vurğuladı:
- Bu da uzun müddətdir müzakirəsi aparılan məsələdir. Bütün nazirliklər, baş idarələr paytaxta toplaşıb. Onsuz da bizdə nazirliklər həddən artıq çoxdur. Avropada səlahiyyətlərin böyük qismi yerli idarəetmə orqanlarına verilir. Vətəndaş hansısa problemi, müraciəti üçün nazirin qəbuluna düşməli olmur. Problemlər yerində həll edilir. 
Bir halda ki, bizdə nazirliklər çoxdur, bəzilərini bölgələrə göndərmək olar.Xüsusilə də Kənd Təsərrüfatı Nazirliyini, Mədəniyyət Nazirliyini, İqtisadiyyat Nazirliyi... Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı bölgələrindən birində yerləşsin. Mədəniyyət Nazirliyi turizmin daha çox inkişaf etdiyi, tarixi abidələrlə zəngin bölgələrimizdə. İqtsiadiyyat Nazirliyi Sumqayıtda. Niyə də belə olmasın? Burada çətin bir iş yoxdur. Paytaxtda bu qədər nazirlik binası nəyə lazımdır?!.
Məlahət