Əhməd Qəşəmoğlu: "Artıq bu vəziyyəti dayandırmaq və mənəvi dəyərlərin cəmiyyətdə daha aparıcı rol oynaması üçün ciddi işlər görülməlidir "
Aytən Ələkbərova: "İnsan özü-özünə hörmət etmədiyi təqdirdə heç kim ona hörmət etməyəcək"
Ötən gündən etibarən sosial şəbəkələrdə gənc oğlanın borca görə, təhqir edilib, döyülməsini əks etdirən ">video müzakirələrə səbəb olub. İstifadəçilərin kəskin tənqid etdiyi videoda görünür ki, döyülən oğlan anasına müraciət edərək pulu göndərməyi tələb edir. Gənc oğlanı döyənlər isə söyüş söyür və təhqir edirlər.
Yaranan bu eybəcər mənzərə haqqında Sherg.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu dəfələrlə mətbuatda səsləndirdiyi fikirlərini xatırladıb.
Sosioloq deyib ki, cəmiyyətdə maddi dəyərlər mənəvi dəyərlərdən önə keçdiyi zaman daha eybəcər hallar ortaya çıxacaq:
"Hətta yarım ildən sonra indi yayılan videodan daha xoşagəlməz variantlara əl atacaqlar. Ona görə, bu məsələlərin qarşısını almaq haqqında düşünməliyik. Artıq bu vəziyyəti dayandırmaq və mənəvi dəyərlərin cəmiyyətdə daha aparıcı rol oynaması üçün ciddi işlər görülməlidir. Təbii ki, bu, ümumi humanitar siyasətdə edilən dəyişikliklərlə tənzimlənməlidir. Həmin sahədə məsul orqanlar daha çox düşünməlidir. Çünki belə davam etdikcə, cəmiyyətdə eybəcər hallar artacaq. Daha mənfi münasibətlərin ortaya çıxmaması üçün elmi əsaslarla fəaliyyət proqramı hazırlanmalıdır və qanunvericilikdə dəyişikliklər, humanitar siyasətin qurulması taktikaları öz əksini tapmalıdır”.
Cəmiyyətdəki bu xoşagəlməz vəziyyətin çıxış yollarını izah edən Ə.Qəşəmoğlu əlavə edib ki, problemin birtərəfli qarşısını almaq mümkün deyil:
"Kompleks işlər görülməlidir. Tək əhalinin nə isə etməsi, əhaliyə "gedin, mənəvi dəyərləri inkişaf etdirin” demək problemləri həll etməz. İnsanlara sadəcə tövsiyə verməklə həll ediləsi məsələ deyil”.
Sözügedən hadisəni törətmiş şəxslərin psixoloji durumundan söz açan psixoloq Aytən Ələkbərova isə onların affekt vəziyyətinə düşdüyünü söyləyib. Psixoloqun sözlərinə görə, görünür, bir neçə dəfə borcunu geri istəyiblər:
"Qarşı tərəfdən artıq cavab gəlmədikdə hər insanda belə aqressiv affekt vəziyyəti baş qaldırır. Həmin halda insan artıq sinirlərinə hakim ola bilmir. O şəxslərin psixi problemlərinin olmasını demək olmaz. Qarşı tərəfin addımları onları affekt vəziyyətinə düşməsinə səbəb olur. Nəticədə belə xoşagəlməz addımlar sərgilənir.
Əslində mənəviyyatı alçaldan insandan danışırıq. Lakin qarşı tərəf ilk növbədə danışdığı yalanla mənəviyyatını alçaltmış olur. Bir söz var: "özünə hörmət et ki, sənə də hörmət etsinlər”. İnsan özü-özünə hörmət etmədiyi təqdirdə heç kim ona hörmət etməyəcək. Bu cür eybəcər davranışlarla qarşılaşma səbəbi əslində budur. İnsan özünə hörmət edirsə, milyonlarla borcu olsa da, qarşılığında bu hadisəyə qədər gətirib çıxarmaz. Özü yıxılan ağlamaz”.
Həmin videonu izləyin:
Aysel Aslan