Büdcə müzakirələri konstruktiv keçdi

Millət vəkillərinin qəbul edilən təkliflərinin maliyyə tutumu 610 milyon manatdır ki, bu da az məbləğ deyil
"Dövlət investisiya xərclərinin bir hissəsi real sektorun dəstəklənməsinə və biznes mühitinin yaxşılaşdırılmasına yönəldilsə, daha effektiv nəticələr əldə etmək olar"


"2019-cu il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi Milli Məclisin plenar iclasında səsə qoyularaq qəbul edilib.
Qəbul edilən büdcə layihəsini şərh edən ekspertlərin fikrincə, 2019-cu ilin dövlət büdcəsi Azərbaycanda növbəti illər üçün proqnozlaşdırılan iqtisadi artım tempinə uyğun olaraq tərtib olunub. İqtisadi artım növbəti ildə büdcə gəlirlərinin formalaşmasına və artmasına müsbət təsir göstərəcək.

Gələn ilin büdcə gəlirlərinin 9,2 milyard manatı qeyri-neft sektorunun payına düşür. Qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmaların payı 400,4 milyon manat artacaq ki, bu da 2018-ci illə müqayisədə 4,7 faiz çoxdur. Dövlət büdcəsində diqqət çəkən əsas məqamlardan biri xərclərdir. Bu sahədə bütün istiqamətlərdə artımlar qeydə alınıb. Elm xərclərində 4,2 faiz artım gözlənilir. Bu xərclər son dövrlər ən çox müzakirə edilən istiqamətlərdən biridir.

Təhsil xərcləri ötənilki büdcədən 11,3 faiz çoxdur. Səhiyyə sahəsində artım daha yüksək olacaq. Sosial təminat xərclərində 9 faiz artım proqnozlaşdırılır. Aqrar sektora 834 milyon manat vəsait ayrılacaq.
2019-cu ildə sosialyönümlü xərclərin payı 7 milyard 900,9 milyon manat olacaq ki, bu da bu illə müqayisədə 11,2 faiz çoxdur.

İqtisadçı-ekspert Qadir İbrahimlinin sözlərinə görə, 2019-cu ilin büdcə layihəsi ilə bağlı müzakirələr əvvəlki illərlə müqayisədə daha konstruktiv keçib. Bu müzakirələrdə deputatların təklifləri xeyli dərəcədə nəzərə alınıb: 

"Millət vəkillərinin qəbul edilən təkliflərinin maliyyə tutumu 610 milyon manatdır ki, bu da az məbləğ deyil və qəbul edilən təkliflərin əksəriyyəti sosial yönümlüdür.
Büdcədə əsas əhəmiyyətli məqamlardan biri dövlət investisiya xərcləri ilə bağlıdır. 

Gələn il bu məqsədlə 6 milyard 825 milyon manatın xərclənməsi nəzərdə tutulur ki, bu da cəmi büdcə xərclərinin (25 milyard 190 milyon manat) 27 faizini təşki edir. Qısası, hər 4 manatın 1 manatı investisiya xərcidir. Dövlət investisiyalarının bölgüsü haqda qərarı baş nazir verməlidir. Büdcədə bəzi istiqamətlər göstərilib. 

Buraya Bakı Neft Emalı Zavodunun yenidən qurulması, Bakı Nəqliyyat Agentliyinə yeni avtobusların və Metropolitenə yeni qatarların alınması və bu qəbildən olan layihələr daxildir. Təbii ki, dövlət investisiya xərclərinin bir hissəsi real sektorun dəstəklənməsinə və biznes mühitinin yaxşılaşdırılmasına yönəldilsə, daha effektiv nəticələr əldə etmək olar. Baş nazirin investisiyaların bölüşdürülməsi üzrə qərarından sonra bu barədə daha əhatəli fikir yürütmək mümkün olacaq”.

Şəymən