Büdcədə neftin qiyməti 40 dollardan götürülüb




"Dünyada baş verən mürəkkəb geosiyasi və iqtisadi proseslər, xam neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının devalvasiyası və digər amillər Azərbaycan iqtisadiyyatına öz təsirini göstərib. Ixrac gəlirlərini azaldıb, manata təzyiqi artırıb, devalvasiya həyata keçirilib və üzən məzənnəyə keçid elan edilib". 

Sherg.az bildirir ki, bu sözləri parlamentdəki büdcə müzakirələrində İqtisadiyyat naziri Şahin Mustafayev deyib. 

Nazir qeyd edib ki, problemli kreditlər və xarici valyutada öhdəliklər manat ifadəsində artıb”. Ş.Mustafayevin sözlərinə görə, belə bir şəraitdə valyuta ehtiyatlarından və büdcə vəsaitlərindən səmərəli istifadənin, borclanmanın, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasının, sahibkarlığın inkişafının daha da sürətləndirilməsinin əhəmiyyəti artır: 

"Hazırda ölkədə yeni iqtisadi şəraitə adaptasiyası və iqtisadiyyatın strukturunun yenidən balanslaşdırılması prosesi davam etməkdədir. Bütün bu amillər, o cümlədən neftin qiymət dinamikası, Dövlət Neft Fondunun qorunması ilə məhdudlaşdırılmış makroiqtisadi-fiskal çərçivə, habelə iqtisadiyyatın diversifikasiyası və struktur islahatların sürətləndirilməsi üzrə tədbirlər nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən müxtəlif ssenarilər təhlil edilərək proqnozlar hazırlanıb”. Nazir söyləyib ki, gələn il üçün üçün neftin qiyməti 40 dollar götürülüb: "Mövcud risklər, habelə neft sektorunun azaldıcı, qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla 2017-ci ildə Azərbaycanda ÜDM 1 faiz, növbəti illərdə isə orta hesabla 2 faizdən çox artacağı gözlənilir”. Nazir bildirib ki, koordinasiyalı və sistemli islahatlar, bank sisteminin sağlamlaşdırılması və səmərəli fəaliyyətinin təmin olunması, onlara inamın bərpa olunması, valyuta bazarında gözləntilərin səmərəli idarə olunması, idxalın məhdudlaşdırılması, əlavə xarici şokların olmaması növbəti ildə inflyasiyanın birrəqəmli olması və iqtisadi artımın bərpası üçün əsas şərtlərdir.

Anar