"Burada nə İsrailin, nə də Fələstinin tərəfini tutmalıyıq" - Deputat





"Amerika Birləşmiş Ştatlarının İsraildə yerləşən səfirliyini Təl-Əviv şəhərindən Qüdsə köçürməsi açıq-aşkar təxribat xarakterli addım idi”.

Bunu "Sherg.az”a Türkiyənin Qəzzada qətlə yetirilən fələstinlilərə görə, 3 günlük matəm elan etməsindən danışarkən millət vəkili Zahid Oruc deyib. 

Onun sözlərinə görə, Qüdsə müdaxilə üçün 14 may - İsrailin yaradıldığı tarixin seçilməsi, ABŞ-ın İranla bağlanan nüvə sazişindən çıxmasından sonra addım atılması regionda baş qaldıracaq müharibənin başlanğıcıdır:

"Türkiyə Fələstin məsələsini hər zaman xarici siyasətinin prioriteti hesab edib. İsraillə qardaş ölkə arasındakı gərginliklər yeni deyil. Hazırda, Türkiyədəki seçkilər ərəfəsində prosesin əldə tutulması, məqsədli şəkildə idarə edilməsi təsadüfi deyil.

Qəzzada baş verən hadisələrdən sonra bir tərəfdə təntənə yaşanır, ən müasir silahlar nümayiş etdirilirdi. Digər yanda isə X-XV əsrin silahları ilə - sapandla səfirliyə qarşı dava aparılırdı. Amerika göstərmək istəyir ki, Qüdsün mərkəzi ABŞ torpağıdır. Belə olan halda, tərəflər arasındakı gərginlik də artır. İsrail Fələstinlə dil tapmağa, çox sayda ərəb dövləti ilə düşmənçilik durumundan qurtarmağa çalışmalı idi. Burada nə İsrailin, nə də Fələstinin tərəfini tutmalıyıq. 

Problemə siyasi, tarixi konfliktlər kontekstində yanaşanda görürük ki, bu yanaşma sülhə aparmayacaq. Beynəlxalq oyunçular prosesə nə qədər çox qoşulsa, məsələ o qədər dərinləşəcək. Fələstin xalqı üzərində ayrı-ayrı dövlətlər bir-biri ilə mübarizə aparacaq. Bu isə həmin tapdağın altında qalan insanların faciəsi deməkdir”.

Z.Oruc sülhün əldə olunması çətinləşmədən, beynəlxalq sülh konfransının çağırılmasını təklif edir:

"İsraillə bütün yüksək münasibətlərimizə rəğmən qeyd etməliyik ki, onun sülhə meyl etməsi daha düzgündür. Dövlətin İslam dünyası ilə əlaqələrinin saxlanması, İsrailin müsəlman dünyasının düşməni olmadığının sübutu üçün sülh addımı atılmalıdır. Belə olduğu təqdirdə, bizim müttəfiqlik münasibətlərimiz daha davamlı xarakter daşıyacaq”.

Qeyd edək ki, Türkiyə Qəzzada baş verən hadisələrlə əlaqədar 3 günlük matəm elan edib.

Aysel Aslan