Burda gündə 80 xəstə dərdinə çarə tapır

Vərəm dispanserinə ayrılan dərmanların apteklərə satılması iddiası doğru deyil
"O adamlar aptekdən dərman alır ki, onlar vərəm adını üzərinə götürmək istəmirlər, xəstəliklərini gizlədirlər"


"Biz son dərəcədə diqqətli olmalıyıq. Yeraltı keçidlərdə, ventilyasiyası olmayan yerlərdə insanların vərəmə yoluxma riski çox yüksəkdir"



Bu günlərdə 1nömrəli Vərəm Əleyhinə Dispanserdə müalicə alan xəstələrdən biri maraqlı iddia irəli sürüb. Xəstənin sözlərinə görə, dövlət tərəfindən dispanserə dərmanlar verilir. Heç bir aptekdə satışda olmayan bu dərmanları yalnız dispanserdə qeydiyyatda olan xəstələr əldə edə bilərlər.
Buna baxmayaraq, vətəndaş iddia edir ki, dispanserdə çalışan bəzi həkimlər dərmanları apteklərə satırlar. Daha sonra isə xəstəni həmin aptekə yönləndirirlər.

Dispanserin həkim-professoru Yavər Şıxəliyev "Şərq”ə açıqlamasında iddiaların əsassız olduğunu söyləyib. O bildirib ki, hazırda dispanserdə kifayət qədər dərman preparatları var. Həkimlərin apteklərə dərman satması isə məntiqsiz haldır:

 "Gündə təxminən 70-80 nəfər xəstə gəlib dispanserimizdən dərman alır. Dərmanların hansısa apteklərə verilməsi qeyri-mümkündür. Çünki apteklərdə icazəsiz şəkildə vərəm əleyhinə dərmanların satıldığını müşahidə etsələr, böyük miqdarda cərimə tətbiq edərlər. Dispanserimizdə hansısa həkimlərin xəstələri apteklərə yönləndirməsi ilə bağlı məlumat tamamilə yanlışdır. Əgər dövlət tərəfindən kifayət qədər dərman verilirsə və xəstələrə pulsuz olaraq paylanırsa, həkim niyə xəstəni aptekə yönəltsin?”.

Professorun sözlərinə görə, dispanserə qeydiyyata düşmək istəməyən şəxslər kənar yerlərdən dərman əldə etməyə çalışırlar: "Həkimlərin kimisə aptekə yönəltməsi tamamilə mümkünsüz bir haldır. Dərmanlar birbaşa institutun anbarına gəlir və anbardan da xəstəxanalara verilir. Təbii ki, kənardan dərman gətirənlər və alanlar var. 

Amma vərəm dispanserində qeydiyyata düşən xəstənin gedib aptekdən dərman alması ağlasığmazdır. Kim pulsuz dərmanı qoyub, gedib aptekdən pulla dərman alar? Ölkədə olan apteklərə ciddi şəkildə nəzarət edilir. Kənar kimsə aptekə dərman verə bilməz. Tutaq ki, kimsə apteklərə dərman sata bilər. Bəs, həmin aptek rəhbərliyi belə risk altına girə bilərmi? Apteklər müntəzəm olaraq yoxlamalardan keçir və icazəsiz satılan dərmanların haradan əldə olunduğu araşdırılır. Heç bir aptek belə məsələlərlə "başını ağrıtmaz”.

Rusiyanın istehsal etdiyi müəyyən vərəm dərmanları var ki, onlar açıq satışa da verilir. Çünki vərəm dərmanları yalnız vərəm əleyhinə istifadə olunmur. Məsələn, vərəm əleyhinə ən güclü və bahalı dərman "Refampisin”dir. Bu dərman başqa xəstəliklərdə də istifadə olunur. 

Ona görə apteklərdə bu dərmanlar ola bilər. O adamlar aptekdən dərman alır ki, onlar vərəm adını üzərinə götürmək istəmirlər, xəstəliklərini gizlədirlər. Belə xəstələrin sonda aqibəti çox pis olur. Onlar vərəmin daha ağır formasından əziyyət çəkirlər. Çünki dərmanların hamısını kənardan ala bilməzlər. Məsələn, 5 dərmanın yalnız 2-3 ədədini almaq mümkündür”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə bildirib ki, vərəm əleyhinə xüsusi dövlət proqramı var. Professorun fikrincə, vərəm əleyhinə olan dərmanların apteklərdə satılması düzgün deyil: "Hazırda ölkəmizdə vərəm xəstəliyi geniş şəkildə yayılıb. Bu xəstəlik, əsasən Rusiya həbsxanalarından gəldi. Səbəb odur ki, vərəm əleyhinə dərmanlar dustaqlar tərəfindən lazımi səviyyədə içilməyib və həmin mikrobakteriyaların davamlı forması yaranıb. 

Nəticədə bu tolerant forma çox geniş yayılıb. Azərbaycan adambaşına vərəmə yoluxma sayına görə ilk yerləri tutur. Bu, Ümumdünya Səhiyyə Təşkilatının da göstəricilərində əks olunub. Ona görə də biz son dərəcədə diqqətli olmalıyıq. Yeraltı keçidlərdə, ventilyasiyası olmayan yerlərdə insanların vərəmə yoluxma riski çox yüksəkdir. 

Dünyanın hər yerində vərəmin müalicəsi üçün "DOTS” və "DOTS plus” proqramları var. Bu proqramlar əsasında xəstələr müalicə olunurlar. Ona görə də vərəm xəstələri birmənalı olaraq dövlət proqramı çərçivəsində müalicə olunmalıdırlar. Qayda-qanun belədir. Bu qaydaları kim, harada və necə pozur, bunu demək çətindir. Bəlkə də qaydaları pozan şəxslər var. Ümumiyyətlə, vərəm xəstələri yalnız vərəm əleyhinə dispanserdə qeydiyyata düşməli və orada müalicə almalıdırlar”.

Yeganə Bayramova