Bütün tələbələrə imkan yaradılıb

Avqust ayının 22-sinə qədər “bataqlıqdan” xilas olsunlar


Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi üzrə elektron sənəd qəbulu davam edir.

Təhsil Nazirliyindən verilən məlumata görə, tələbələrin çoxsaylı müraciətlərini nəzərə alaraq qeydiyyat prosesinin vaxtı avqustun 22-dək uzadılıb.
Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət etdiyini deyən Kamran Əsədov hesab edir ki, təhsil aldığı ali məktəbin tədris sistemini bəyənməyən tələbələr bu sistemdən yararlanmaqla daha perspektivli universitetlərə transfer oluna bilərlər: 

"Əvvəla onu deyim ki, ali təhsil almaq mentalitetimizin əsas bəlalarından birinə çevrilib. Minlərlə insan gələcək həyatında heç bir rola malik olmayacaq 2 rəngli vərəqdən ötrü (dipLOM) çox şeyi qurban verib, verir və verəcək. Halbuki o olmadan da uğura nail olmaq mümkündür. Məşədi İbad demişkən: Üç manat pul, bir kəllə qənd... Ali təhsiliniz Mübarək!”

Geridə qoyduğumuz müstəqilliyimizin 26 ilində 26-dan çox yeni universitet açılıb, bağlandığını qeyd edən ekspert hesab edir ki, onlar özlərinin maddi qazanclarını artırmaq məqsədi ilə yüz minlərlə insanın gələcəkləri, taleləri ilə oynadılar. Hələ də minlərlə insanın ABU ilə problemi davam edir.
Son bir həftə ərzində ümumilikdə bütün ali təhsil müəssisələrində təhsil alan tələbələr, onların valideyinlərinin universitet, ixtisas dəyişmələri ilə bağlı ona müraciət etdiyini vurğulayan K.Əsədova görə, onlar arasında "Təfəkkür” Universitetinin tələbələri də var: "Bilirsiz, kimlərinsə maddi və ya kommersiya fəaliyyətinə mane olmaq, qarışmaq istəmirəm, amma burda insan taleyindən söhbət gedir. İnsanlara təminat vermək lazımdır. Ortada problemli situasiya var. Yenidən ABU-nun, Moskva Açıq Universitetinin Azərbaycan filialının və s. fəaliyyəti dayanmış universitetlərin yaşadığı tarix təkrar oluna bilər.

Ona görə də, dostlar, tələbələr, hansı universitetdə, ixtisasda təhsil almanızdan asılı olmayaraq, əgər siz həmin yerdən narazısınızsa, heç bir pul ödəmədən, məmurla ünsiyyət qurmadan, problemsiz transfer.edu.az saytından qeydiyyatdan keçib arzularınızı reallaşdıra bilərsiz. Məhz bütün təhsil müəssisələrinin tələbələrinə imkan yaradılıb ki, avqust ayının 22-sinə qədər "bataqlıqdan” xilas olsunlar. Bundan artıq sizə kim şərait yaradacaq: buyurun şəffaf, obyektiv, heç bir məmurun üzünü görməyəcəyiniz sistemdən istifadə edib normal təhsilinizi davam etdirin. İki ildir ki, ali təhsil, orta ixtisas təhsili alan, amma oxuduğu yerdən narazı qalanlar bu portal vasitəsi ilə problemlərindən xilas olurlar. Əgər gəmi batırsa, kapitan özünü gizlətdiyi qayığa minib xilas edəcək, taleyi şübhə altına alınacaq sərnişinlərdir. Ona görə də siz əgər təhsil aldığınız "gəminin” batdığını görürsüzsə, transfer.edu.az - da qurtuluş biletinizi alıb xilas olun. Yoxsa 1912-ci ildəki ən bahalı "Titanik” gəmisinin sərnişinlərinin taleyini yaşayacaqsız”.

Şəymən