Bütün uşaqlara paxlalı qidaları qadağan etmək doğru deyil

Qanın parçalanması müxtəlif xəstəliklərdən baş verə bilər Cənub bölgəsində 4 azyaşlı uşaq xəstəxanalıq olub. Məlumata görə hər 4 uşaqda qanın parçalanması - favizm xəstəliyi aşkarlanıb.




Masallı rayon sakini, 2012-ci il təvəllüdlü Mustafa Mahir oğlu Əliyev, Lənkəran şəhər sakini, 2015-ci il təvəllüdlü Əli Vüsal oğlu Axundov, Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini, 2012-ci il təvəllüdlü Zeynəb Xanbaba qızı Əlizadə və Lənkəran rayonunun Separadi kənd sakini, 2015-ci il təvəllüdlü Cəfərsadiq Tofiq oğlu Məmmədov vəziyyətlərinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilib.

Uşaq şöbəsinə yerləşdirilən azyaşlılar həkimlər tərəfindən müayinə olunduqdan sonra onlara favizm diaqnozu qoyulub. İlkin məlumata görə, bu hal paxladan hazırlanmış qida qəbul etdikdən sonra baş verib.

Paxladan olan qidaların azyaşlı uşaqlar üçün təhlükəli olduğu ilə bağlı suallar hər kəsi maraqlandırır. Qeyd edək ki, uşaqların hər birinin cənub bölgəsindən olması da diqqət çəkir. Həqiqətən də paxlalı qidaların azyaşlıların səhhətinə mənfi təsir etdiyi doğrudurmu?

Paxlalı qidaların qanın parçalanmasına səbəb olduğunu deyən həkim-pediatr Vaqif Qarayev "Şərq”ə bildirib ki, bunu hər kəsə aid etmək olmaz. Həkimin sözlərinə görə, xüsusi göstəricilər mövcuddur. Bu göstəricilər çatışmayanda qan parçalanmağa meyilli olur: 

"Bəzi şəxslərdə anemiya xəstəliyi-qan azlığı olur. Belə xəstəliyi olanlara paxlalı qidalar vermək olmaz. Qanda problem və irsi xəstəliklər də qanın parçalanmasına səbəb ola bilər. Fermen çatışmazlığı və genetik xəstəliyi olanlara paxlalı qidaları qadağan edirik.

Lakin hər kəsə paxlalı qidalarla bağlı qadağa qoymaq düzgün deyil. Xəstəxanaya yerləşdirilən uşaqlar əgər bir ailədən və ya bir nəsildən olsaydılar, məsələ aydın idi. Amma ayrı-ayrı şəxslərin eyni vaxtda xəstəxanaya düşməsi ağlabatan deyil. Həmin uşaqlar mütləq xəstə olublar, onların qanında problem olub ki, paxlalı qida qanın parçalanmasına imkan yaradıb. 

Ola bilər ki, hadisə sırf təsadüf nəticəsində baş verib. Bütün uşaqlar paxlalı qida yedikdən sonra qanı parçalanacaq deyə bir şey yoxdur. Əksinə, paxlalılar uşaq üçün faydalı bir qidadır. Əslində Masallı və Lənkəran zonasında irsi xəstəliklər çoxdur, çünki əksəriyyəti yaxın qohumla evlənir”.

Yeganə Bayramova