""Cənub Qaz Dəhlizi" Azərbaycan iqtisadiyyatına böyük imkanlar açır”
Bu barədə "Shərg.az”a "Cənub Qaz Dəhlizi"nin iqtisadi əhəmiyyətindən danışarkən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bu layihənin Azərbaycan üçün müsbət cəhətləri çoxdur:
"Çünki layihə özündə çox sayda ölkələri birləşdirir. Bura da Azərbaycan istehsalçı ölkə kimi çıxış edir. Gələcəkdə dəhlizə digər Xəzəryanı ölkələrin qoşulması imkanları da var. Türkiyə, Gürcüstan və Avropa ölkələri tranzit dövlətlər rolunda çıxış edir. Eyni zamanda bu dəhlizdə yerləşən ölkələr içərisində Türkiyə və Avropa ölkələri istehlakçılardır.
"Cənub Qaz Dəhlizi" həm kateqoriya baxımından fərqli, həm də çox sayda ölkələri özündə birləşdirən layihədir. Bu dəhliz Azərbaycana çox böyük imkanlar verir. İlkin olaraq, Azərbaycan "Cənub Qaz Dəhlizi"nin reallaşmasından iki milyad dollardan artıq gəlir əldə edəcək. Bu kifayət qədər böyük rəqəmdir. və nəticə etibarı ilə Azərbaycanın dövlət gəlirlərini, strateji valyuta ehtiyatlarını artırır. İkincisi, "Cənub Qaz Dəhlizi" Azərbaycanın regionda strateji mövqeyinin möhləmlənməsinə şərait yaradır. Çünki bu olduqca əmiyyətli və strateji bir layihədir. Layihənin reallaşması işində Azərbaycan birmənalı şəkildə aparıcı ölkə oldu. Üçüncüsü də, "Cənub Qaz Dəhlizi"nin reallaşması sərmayə qoyuluşu baxımından da vacibdir. Çünki bir milyard dollarlıq investisiyanın təxminən yarısı Azərbaycanın üzərinə düşür.
Təbii ki, Azərbaycan bu sərmayələrdən faydalanan ölkələrdən biridir. Bunun da ölkəmizə ciddi mübət təsirləri var. Layihənin reallaşması ilə bir çox yataqlar işə salınır. Bununla da bir çox iş yerləri açılır. Kəmərin işə başlaması Avropanın enerji təhlükəsizliyində xüsusi ilə Azərbaycanın rolunu artıracaq. Çünki Azərbaycan birinci mərhələdə 10 milyard kubmetr mavi qaz, ikinci mərhələdə 20 milyard kubmetir qaz nəql edəcək. Bu da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu artırır. Və nəhayət, bu lahiyə regional məsələlərdə çox əhəmiyyətlidir. Çünki o regional məsələlərdə Azərbaycanın mövqeyinin güclənməsinə gətirib çıxaracaq".
Qeyd edək ki, ötən gün Səngəçal terminalında "Cənub Qaz Dəhlizi"nin açılış mərasimi baş tutub. Bu dəhliz Cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.
Kənan Eynuroğlu