Elnur Sultanov:" "Cənub Qaz Dəhlizi" kimi 40 milyardlıq nəhəng layihənin məşğulluğu artıracağı gözlənilir. Bu çoxlu iş yerlərinin açılmasına şərait yaradacaq"
"Cənub Qaz Dəhlizi" məşğulluğu artıracaq, iş yerlərinin açılmasına şərait yaradacaq,
""Cənub Qaz Dəhlizi" vasitəsilə Azərbaycan qazının xaricə çıxarılması ölkəmizə ilk növbədə valyuta axını vəd edir”.
Bunu "Sherg.az”a politoloq Elnur Sultanov söyləyib. Onun sözlərinə görə, ilk mərhələdə gəlirlər birbaşa mənfəət olaraq hesablanmayacaq, yatırımların ödənilməsinə xərclənəcək:
"Çünki Azərbaycan öz yatırımlarını geri qazandıqca, xarici borcların həcmi əhəmiyyətli dərəcədə azalacaq. Daha sonra isə mənfəət olaraq, qazın ixracından əldə edilən gəlir xəzinəyə daxil ediləcək.
Bu proses tək Azərbaycan qazının xaricə satılmasına xidmət etmir. "Cənub Qaz Dəhlizi" kimi 40 milyardlıq nəhəng layihənin məşğulluğu artıracağı gözlənilir. Bu çoxlu iş yerlərinin açılmasına şərait yaradacaq. Azərbaycan şirkətləri layihəyə podratçı kimi daxil olduğundan, yararlar əldə etdilər.
Bizim Türkiyə ilə olan neqativ ticarət balansımız "Cənub Qaz Dəhlizi"nin istifadə olunması ilə balanslaşdırılacaq. Türkiyədən indiyə qədər daha çox mal alır, az ixrac edirdik. Bu balansda yaranacaq tarazlıq da iqtisadi cəhətdən əhəmiyyətlidir”.
E.Soltanovun sözlərinə görə, Azərbaycanın liderliyi ilə həyata keçirilən bu layihə Türkiyənin və Gürcüstanın enerji təhlükəsizliyi baxımından bu dövlətlərə töhfə deməkdir:
"Bu, Türkiyənin və Gürcüstanın enerji qovşağı olmaq planlarına dəstəkdir. Həmçinin Avropa İttifaqında üzv olmayan digər dövlətlər üçün də gələcəkdə enerji təhlükəsizliyinin təmin olunmasıdır. Bir sıra ölkələrin qaza ödədiyi vəsaitin layihə sayəsində azalması həmin ölkələr üçün müsbət nəticə vəd edir. Bütün cəhətləri nəzərə aldıqda "Cənub Qaz Dəhlizi" Azərbaycanın tək gəlir deyil, eyni zamanda nüfuz əldə etməsi deməkdir. Ölkəmiz regionda və Avropa ölkələrində özünə dostlar qazanır.
Sosial baxımdan "Cənub Qaz Dəhlizi"nin əhəmiyyətinə gəlincə, proses ərzində Azərbaycan şirkətləri dünyanın ən qabaqcıl holdinqləri ilə işlədilər. Bundan sonra da həmin şirkətlərlə əməkdaşlıq davam etdiriləcək. Bu, Azərbaycan şirkətlərinə, onların rəhbərlərinə dünyanın ən mütərəqqi qütblərindən olan Avropada beynəlxalq standartlara cavab verən, keyfiyyətli iş görmək bacarığı qazandırır.
Nəticədə, Azərbaycan mühəndisinin, diplomatının, müxtəlif sahələrin işçilərinin Avropadan qazandığı bilik və bacarıqlar gələcəkdə başqa sahələrdə də tətbiq ediləcək. Qazanılan təcrübələr yeni iqtisadi layihələrin həyata keçirilməsi üçün də fürsətlər yarada biləcək”.
Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" Cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.
Aysel Aslan