Beynəlxalq ekspertlər layihənin əhəmiyyətini vurğulayıblar
"ABŞ Cənub Qaz Dəhlizini qətiyyətlə dəstəkləyir”. Bunu dünən Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirk bildirib. Oudkirk deyib ki, ABŞ Cənub Qaz Dəhlizinin reallaşmasına birmənalı dəstək verir:
"Bütün ölkə və şirkətləri bu çətin işin başa çatdırılması münasibətilə təbrik edirəm. Layihənin həyata keçirilməsi regionda stabilliyin bərqərar olmasını və enerji resurslarının diversifikasiyasını təmin edəcək. Öz növbəsində, ABŞ Prezidenti Donald Tramp da layihənin həyata keçirilməsinə dəstəyini bildirir”.
"bp Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir”
bp-nin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qari Cons bildirib ki, BP şirkətində Azərbaycanın 2500 vətəndaşı çalışır. Bu, Azərbaycanda əməkdaşlarımızın 95 faizini təşkil edir: "Azərbaycanla əməkdaşlıq bizim üçün çox mühümdür. Neft və qazın Azərbaycana verdiyi töhfədən məmnunluq duyuruq. 1994-cü ildə "Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana böyük sərmayələrin qoyulmasının əsasını qoydu. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bu günü görsəydi, fəxr edərdilər. Bu, bir cümlə ilə ifadə olunmuş çox aydın fikirdir. BP sizinlə əməkdaşlığı davam etdirmək istəyir”.
"Cənub Qaz Dəhlizi yeni infrastruktur baxımından mühüm layihədir”
Qaz İxracatçısı Ölkələri Forumunun baş katibi Yuri Sentyurin deyib ki, enerji təhlükəsizliyi və uğurlu əməkdaşlıq müttəfiqlikdən asılıdır: "Hazırda bu tədbirdə iştirak edən 19 qaz ixrac edən ölkə bu barədə düşünür. Kəmərlərin 63 faizi qaz ixracı üçün istifadə olunur. 2024-cü ilə qədər qaz ixracı 1,5 dəfə artacaq. Avropa bazarı bundan sonra çox cəlbedici bazar olacaq. Bu, yeni infrastrukturun yaradılmasını tələb edəcək. Cənub Qaz Dəhlizi bu baxımdan mühüm infrastrukturdur. Gələcəkdə qarşımızda duran saziş və layihələr baxımından bu layihə vacibdir. Bizim tərəfdaşlığımız Cənub Qaz Dəhlizinin həyata keçirilməsinin mərkəzində dayanır”. Qaz İxracatçısı Ölkələri Forumunun baş katibi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təbrikini də çatdırıb.
"Cənub Qaz Dəhlizi Azərbaycan prezidentinin yorulmaz fəaliyyətinin nəticəsidir”
OPEK-in baş katibi Məhəmməd Barkindo bildirib ki, Cənub Qaz Dəhlizi Azərbaycan Prezidentinin yorulmaz fəaliyyətinin nəticəsidir. Baş katib deyib ki, bu nailiyyətlər neft-qaz şirkətləri ilə qurulmuş uğurlu əməkdaşlığın töhfəsidir: "Təbii qaz Cənub Qaz Dəhlizi ilə Avropaya çatdırılacaq və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. İki ay əvvəl Azərbaycanda olmuşdum. Prezident və energetika naziri ilə görüşmüşdüm. Dünya enerji bazarı ilə bağlı müzakirələr aparmışdıq. Biz Vyanada aparılan müzakirələrdə sizin tövsiyələrinizdən bəhrələnmişik. Əməkdaşlığımızın genişləndirilməsi üçün mümkün imkanları müzakirə etməyə hazırıq. OPEK və qeyri-OPEK ölkələri arasında əməkdaşlıq inkişaf etdirilməlidir. Dayanıqlı sabitlik haqqında düşünməliyik, bu, qlobal öhdəlikdir”.
İsmayıl