“ "Cənub Qaz Dəhlizi"nin siyasi perspektivləri də mövcudur" - Deputat






" "Cənub Qaz Dəhlizi" XXI əsrin müqaviləsi sayıla bilər”.

Bunu "Sherg.az”a Azərbaycanın liderliyi ilə həyata keçirilən nəhəng beynəlxalq layihə - "Cənub Qaz Dəhlizi" haqqında danışarkən iqtisadçı, millət vəkili Vahid Əhmədov söyləyib. 

Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyev 2013-cü ildən indiyə qədər kontraktın ərsəyə gəlməsi üçün böyük işlər görüb:

"Çünki Azərbaycan qazının xaricə çıxarılmasının önündə çoxlu maneələr var idi. Qonşu dövlətlər çox çalışdılar ki, biz qazımızı onların boruları vasitəsilə xarici ölkələrə çıxaraq. Bütün müzakirələrə rəğmən, tranzit ölkə kimi Türkiyənin istifadə edilməsi qərara alındı. Bütün çətinliyə, təhdidlərə baxmayaraq, biz bu nailiyyətə imza ata bildik.

"Cənub Qaz Dəhlizi" tam istifadə edildikdə, təxminən 2020-ci ildə 31 milyon tona yaxın qaz ixrac ediləcək. Buradan gələcək gəlir isə təqribən 40 milyard dollara yaxındır”.

V.Əhmədov hesab edir ki, bu böyük layihənin iqtisadi əhəmiyyəti ilə yanaşı siyasi perspektivləri də mövcudur:

" "Cənub Qaz Dəhlizi" kimi iri beynəlxalq layihələr Azərbaycanın müstəqilliyinin qorunub saxlanması üçün vacibdir. İri dövlətlər bu cür böyük işlər görülən regionlarda sabitliyin formalaşmasına çalışırlar.

Azərbaycanın trilyon kubmetrlərlə ölçülən qaz ehtiyatlarının Türkiyə vasitəsilə xaricə ötürülməsi xüsusilə önəmlidir. "Cənub Qaz Dəhlizi"ni həm Avropa, həm də Amerika dəstəkləyir. Layihənin tezliklə başa çatdırılacağına ümid edirəm. 2020-ci ildə Azərbaycan qazının tamamilə Avropaya çatdırılacağını düşünürəm. Həmçinin "Cənub Qaz Dəhlizi"nin davamı olaraq, TAP və TANAP layihələri də inşa ediləcək. Bu da digər Avropa dövlətlərinin qazla təmin edilməsində əhəmiyyətli olacaq”.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" Cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.

Aysel Aslan