Cəza cinayətə adekvat olmalıdır

“Kiminsə sözünü kəsmək və iclasın gedişatına mane olmaq halları intizam qaydasında müzakirəyə çıxarıla bilər”
“Parlament hər zaman demokratik düşüncələrin meydanı olmalıdır. Burada siyasi maraqların toqquşması həmişə baş verəcək”



Milli Məclisin ötən gün keçirilən iclasında deputatların etik davranış qaydalarını pozduqlarına görə cəzalandırılması səlahiyyətinin Mərkəzi Seçki Komissiyasına verilməsi təklifinə baxılıb. Bununla bağlı Seçki Məcəlləsinə dəyişiklik edilib. Məcəllənin hazırkı maddəsinə əsasən, deputatın mandatdan məhrum edilməsi haqqında qərarı MSK qəbul edirdi. Dəyişikliyə əsasən, məcəlləyə bir sıra bəndlər əlavə edilib. Həmçinin, MSK-nın qərarından müvafiq məhkəməyə şikayət verilə biləcəyi bildirilib.

Millət vəkili Vahid Əhmədov deyib ki, Seçki Məcəlləsinə edilən dəyişikliyə görə, deputatlar qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozarsa, onların mandatdan məhrum edilməsinə İntizam Komissiyası baxacaq. Daha sonra isə MSK-ya müraciət edəcək: "Bizim taleyimiz faktiki olaraq öz əlimizdədir”. Deputat İntizam Komissiyasının tərkibində dəyişiklik edilməsini təklif edib: "Milli Məclisin İntizam Komissiyasının tərkibində dəyişikliklər edilsin, tərkibi genişləndirilsin. Komissiyanın tərkibinə ləyaqətli insanlar cəlb olunsun. Çünki onlar deputat yoldaşlarımızın taleyini həll edəcəklər”.

Mövzu ilə bağlı "Şərq”ə danışan millət vəkili Zahid Oruc deyib ki, qanun layihəsinin müzakirəsi zamanı və əlavə dəyişikliklər təklif edilərkən öz fikirlərini bəyan edib. Deputat vurğulayıb ki, burada ən aparıcı arqument odur ki, 2016-cı ildə keçirilən referendum zamanı Konstitusiyaya əlavə müddəa daxil edilib: 

"Qanunvericilik sistemində əksini tapan müddəanı nəzərə almalıyıq. Məsələyə yanaşmam ondan ibarətdir ki, mexanizmi elə bir formada təsis etməliyik ki, orada xüsusi olaraq bir neçə amil qoruna bilsin. Əgər parlament üzvü ağır cinayətlərdə ittiham olunmursa və sadəcə etik davranış kodeksini pozmaqda suçlanırsa, bu zaman məsələyə yanaşma sərt tədbirlər və mandatdan məhrum etmə səviyyəsində olmamalıdır. Kiminsə sözünü kəsmək və iclasın gedişatına mane olmaq halları intizam qaydasında müzakirəyə çıxarıla bilər. Ancaq dünyadakı təcrübəyə əsasən, parlament üzvü toxunulmazlıq hüququna malikdir. Konkret cinayət üstündə yaxalanırsa, bununla bağlı hüquq-mühafizə orqanları parlamentə təqdimat verirlər. Deputatın üzərindən toxunulmazlıq götürüləndən sonra hüquqi araşdırmalara başlanılır. Etik məsələdə İntizam Komissiyasına xüsusi səlahiyyətlər verilməsi parlament üzvləri arasında ayrı-seçkilik yaradır. Halbuki Milli Məclisdə vəzifələr şərti xarakter daşıyır. Parlament üzvlərinin hamısı qanun qarşısında bərabərdirlər. Belə olan təqdirdə İntizam Komissiyasının məhkəmə xarakterli hüquqi imkanlar əldə etməsi qeyri-mümkündür”. 

Millət vəkili bildirib ki, ağır cinayətlərlə bağlı məsələdə parlamentin mühüm hakimiyyət qolu olması göz önündə saxlanılaraq, çox mürəkkəb tədbirlər vasitəsi ilə yekun qərar verilirsə, yüngül bir hadisə sayılan etik məsələdə sanki daha sərt mövqe tutulur: 

"Cəza cinayətə adekvat olmalıdır. İndiki halda iki hüquqi maddə arasında çox qəribə bir ziddiyyət yaşanmaqdadır. Parlamentin hər bir təmsilçisi fərqindədir ki, onun fəaliyyəti, davranışları və atdığı addımlar cəmiyyət üçün xüsusi önəm daşıyır. Millət vəkili statusu kifayət qədər yüksəkdir. Dövlət başçısının siyasi komandasının ən mühüm nümayəndələrinin böyük bir hissəsi parlamentdə təmsil olunur. Heç şübhəsiz ki, parlamentin nüfuzu dövlətin mövqeyinə, gücünə, imkanlarına, əlaqələrinə təsir göstərir. Bizim açıqlamalarımız deputatın fəaliyyətində özünü senzuraya məruz qoymağa, onun müstəqilliyini və azadlığını məhdudlaşdırmağa qarşı olan fikirlərdir. Onsuz da cənab sədr tərəfindən son iki ayda sözügedən layihə ilə bağlı ciddi addımlar atılıb. Deputatlar tərəfindən qaldırılan məsələyə spiker tərəfindən adekvat və düzgün mövqe sərgilənıb. Məhz onun mövqeyindən sonra axırıncı layihə gündəmə çıxarılıb. Əvvəlki variant bir qədər fərqli idi. Əminəm ki, qarşıdakı dönəmdə qəbul etdiyimiz hüquqi prinsip hansısa qarışıqlıq və problem yaratmayacaq”.

Z.Orucun fikrincə, parlament hər zaman demokratik düşüncələrin meydanı olmalıdır: 

"Burada siyasi maraqların toqquşması həmişə baş verəcək. Bu, nəinki ziyanlıdır, əksinə, xeyirlidir. 1990-cı illərdə, ölkədə xaosun hökm sürdüyü bir zamanda ümummilli lider Heydər Əliyev parlamentə qısa dövr sədrlik etməklə əsl hakimiyyət nümunəsi ortaya qoydu və xalqın etimadını doğrultdu. Ulu öndər spiker olarkən parlamentdə müxtəlif qüvvələrin meydanlarını daraltmadı, onlara söz haqqı verdi, fikirlərini demələri üçün imkan yaratdı. Əminəm ki, Milli Məclisə yanaşma indiki dövrdə də məhz belədir”.

İsmayıl