"Cəzasızlıq vəsaitlərin təyinatı üzrə xərclənməməsinə gətirib çıxarır" - AÇIQLAMA

Rəşad Həsənov: "Aşağı faizli kredit siyasətini həyata keçirən dövlət qurumlarında hesabatlılıq yox səviyyəsindədir"




"Dövlət qurumları səthi hesabatlar verir, bəziləri, ümumiyyətlə, hesabat vermir. Ona görə, ictimai vəsaitlərin istifadə edilməsində şəffaflığı görmürük”.

Bunu "Sherg.az”a dövlət strukturlarının aşağı faizlərlə götürdüyü kreditləri təyinatı üzrə xərcləməməsindən danışarkən iqtisadçı - ekspert Rəşad Həsənov söyləyib. 

O bildirib ki, bəzi müəssisələrin xərcləmələrində, vəsaitlərin idarə edilməsində ciddi nöqsanlar olmasına rəğmən, növbəti ilin büdcəsi təsdiq edilərkən məhdudiyyət tətbiq edilmir:

"Xüsusilə, aşağı faizli kredit siyasətini həyata keçirən dövlət qurumlarında hesabatlılıq yox səviyyəsindədir. Bu məsələdə mövcud olan problemlər dəfələrlə mətbuatda işıqlandırılır. Cəzasızlığın olması isə vəsaitlərin təyinatı üzrə xərclənməməsinə, irimiqyaslı korrupsiya faktlarının baş qaldırmasına gətirib çıxarır. Mahiyyət dəyişməlidir. Şəffaflıq və hesabatlılıq, ictimai nəzarət kimi məsələlər öz həllini tapmalıdır. Hesablama Palatasının isə müstəqilliyinin təmin olunmasına ehtiyac var. Düzdür, bu qurum de-yure müstəqildir, amma de-fakto bu, belə deyil. Korrupsiya ilə ən sərt şəkildə mübarizə aparılmasa, problemlərin həlli çətin olacaq”.

Qeyd edək ki, deputat Əli Məsimlinin sözlərinə görə, dövlət zəmanəti ilə vəsait, kredit götürüb, onu vaxtında və təyinatı üzrə xərcləyən dövlət qurumları var:

"Hesab edirəm ki, onların fəaliyyəti şəffaf və təqdirəlayiqdir. Bununla yanaşı, bəzi qurumlar dövlət zəmanəti ilə götürdüyü vəsaitləri, kreditləri təyinatı üzrə sərf etməyiblər. Onlar həmin pulları təyinatı üzrə xərcləmirlər, "yeyirlər”. Bunlara çox ciddi şəkildə diqqət yetirilməli və ölçü götürülməlidir”.

Aysel Aslan