Fazil Mustafa: “Dəyişiklik hasarların sökülməi anlamına gəlmir”
“Məmurların özləri bu qanunun işləməsinə dəstək verəcəklər ya yox, bu o qədər də inandırıcı gəlmir”
Azərbaycan Prezidenti İlham Əliyev Torpaq Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Məcəllənin 46-cı maddəsinin 2-1-ci hissəsinin yeddinci cümləsində "Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna olmaqla, bu maddənin ikinci cümləsinə uyğun olaraq” sözləri "İctimai çimərliklərdə (müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr tərəfindən yaradılan və ya bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə icarəyə verilən, gediş-gəlişi məhdudlaşdırılmayan çimərlik)” sözləri ilə əvəz edilib.
Məcəllənin 46-cı maddəsinə təklif edilən dəyişikliklərə əsasən, ictimai çimərliklərlə bağlı tələblər müəyyənləşib. Belə ki, ictimai çimərliklərdə sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.
Torpaq Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanuna münasibət bildirən millət vəkili Fazil Mustafa "Şərq”ə açıqlamasında deyib ki, ölkə prezidenti hər halda vətəndaşların vəziyyətini yüngülləşdirmək istiqamətində bu dəyişiklikləri edir. Ancaq məmurların özləri bu qanunun işləməsinə dəstək verəcəklər ya yox, bu o qədər də inandırıcı gəlmir. Deputatın sözlərinə görə, məhz bu səbəblərdən dolayı qanunun icrasında çox böyük çətinliklər olacaq:
"Sözsüz ki, bu dəyişikliklərdən sonra müəyyən dərəcədə vətəndaşların dənizdən istifadəsi mümkün olacaq. İctimai çimərliklərin salınması müsbət haldır. Amma çimərliklərin mülkiyyət məsələsi hələ ki, həllini tapmayıb. Bilinmir ki, çimərliklər Bələdiyyənin, yoxsa İcra Hakimiyyəti orqanının tərkibində olacaq. Çimərliyin hasarlanma məsələsi bir azərbaycanlı xəstəliyidir, daun sindromu kimi bizim də hasar xəstəliyimiz var. Hər yanı bağlayırıq ki, heç nə görünməsin. Dənizin qırağına da bu cür yanaşma var. Ona görə dəyişiklik hasarların sökülməsi mənasına gəlmir. Düzdür, qanunda hasarların necə çəkilməsi və hansı məsafədə olması qeyd olunur, lakin hələ ki, buna əməl edən yoxdur. Qanunun tələbləri sərt tətbiq olunsa, bu problemlər ortadan qalxa bilər”.
Yeganə Bayramova