Eyyub Hüseynov: "Çörəklərin daşınması sanitar-gigiyenik qaydalara uyğun olmayan şəraitdə həyata keçirilir"Mənsur Piriyev:" İyulun 1-dən etibarən sahibkarlıq subyektlərinin qeydiyyatı prosesində həmin müəssisə və təşkilatların fəaliyyəti hərtərəfli şəkildə öyrənildikdən sonra qanunvericiliyə uyğun şəkildə tədbirlər görü
"İstənilən məhsul, tarladan, fermadan, zavoddan istehlakçının masasına gələnə qədər müəyyən zəncirvari nöqtələrdən keçir. Qidanın xammalının əkilməsi, yığılması, saxlanması, yuyulub, istifadə olunması bu zəncirin həlqələridir. Hər hansı prosedur düzgün aparılmasa məhsulun keyfiyyəti aşağı düşür”.
Bu barədə "Sherg.az”a çörək zavodlarında bişirilən çörəyin antisanitar şəraitdə mağazalara daşınmasına münasibət bildirərkən Azad İstehlakçılar İctimai Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.
Onun sözlərinə görə, çörəklər xüsusi avtomobillərdə daşınmalıdır:

"İllərdir, AİB-ə bu barədə şikayətlər daxil olur. Elə çörək müəssisələri var, qidanın daşınmasını ayrı-ayrı şəxslərə əmanət edirlər. Nəticədə çörəklərin daşınması sanitar-gigiyenik qaydalara uyğun olmayan şəraitdə həyata keçirilir. Belə mənzərə ilə qarşılaşan istehlakçılar çörəkləri almaqdan imtina etməlidirlər.
Yalnız daşınma qaydalarına əməl etməyən zavodlarla iş bitmir. İstehsal olunan çörəyi antisanitar şəraitdə hazırlayan, tərkibinə qatılan qabardıcı maddələrin miqdarını həddindən artıq edərək, insanları mədə-bağırsaq problemlərinə düçar edən çörək zavodları da var. Standartlara cavab verən çörək biznesi inkişaf etməli, əhalinin keyfiyyətli və təmiz çörəklə təmin edilməsi həyata keçirilməlidir”.
Qida Təhlükəsizliyi Agentliyinin (QTA) Mətbuat Xidmətinin rəhbəri Mənsur Piriyev də çörəklərin antisanitar şəraitdə daşınmasına münasibət bildirib. Qurum sözçüsü diqqətə çatdırıb ki, agentlik may ayının 22-dən etibarən qida məhsulları sahəsində fəaliyyət göstərən müəssisələrdə monitorinqlərə start verib:"Artıq 20-dən artıq iri istehsalat müəssisələrində, satış mərkəzlərində və ictimai iaşə obyektlərinə baxış keçirilib. Eyni zamanda vətəndaşlardan daxil olan müraciətlər, məlumatlar toplanılır. İyulun 1-dən etibarən sahibkarlıq subyektlərinin qeydiyyatı prosesində həmin müəssisə və təşkilatların fəaliyyəti hərtərəfli şəkildə öyrənildikdən sonra qanunvericiliyə uyğun şəkildə tədbirlər görüləcək. Bununla bərabər, istehlakçıların prosesdə aktiv iştirakını təmin etmək üçün innovativ tədbirlər də həyata keçiriləcək. Ancaq indiki mərhələdə həmin məlumatların toplanılması və bu istiqamətdə maarifləndirmə işləri aparılır”.
Qeyd edək ki, sosial şəbəkədə zavod çörəyinin antisanitar şəraitdə- maşının ayaqlığında daşınmasını əks etdirən foto paylaşılıb.
Aysel Aslan