“Cümhur İttifaqı” 50 faizdən çox səs alacaq

Ola bilər, AKP parlament seçkisində müəyyən düşüş yaşasın







"CHP-nin prezidentliyə namizədi Məhərrəm İncənin mitinqlərinə qatılan insanların çoxluğu onun populyar siyasətçi olduğu anlamına gəlmir”.

Bunu Türkiyədə 24 iyunda keçiriləcək prezident və parlament seçkisi ilə bağlı "Şərq”ə danışan politoloq Natiq Miri deyib. Ekspert xatırladıb ki, Türkiyədə prezident üsul-idarəsinin dəyişdirilməsi zamanı keçirilən referendumda "yox” deyənlərin sayı 50 faizə yaxın oldu. Yəni prezident-üsul-idarəsinin əleyhinə böyük bir kütlə ortaya çıxdı. CHP-nin mitinqlərinə qatılan insanlar həmin sosial bazanın təmsilçiləridir: 

"Məhərrəm İncənin mitinqlərinə Qərbə inteqrasiya xəttini müdafiə edənlər və CHP-nin sahib olduğu 25 faizlik elektorat qatılır. Sirr deyil ki, müxalifətin mitinqlərinə xarici dairələrin maliyyə müdaxiləsi də var. Onlar mitinqlərə əlavə insan cəlb etmək istiqamətində xeyli pul sərf edirlər. Əslində CHP və İYİ Partiyanın seçkidə qazana biləcəyi ümumi səs 36-38 faizdən çox deyil. Rəy sorğularında dəyişən rəqəmlər isə yalnız bu iki partiyanın biri-birinə olan münasibəti ilə bağlıdır. Məhərrəm İncənin populyarlığının artması Meral Akşenerin səs faizinin azalması deməkdir. Ümumilikdə səs faizinin artması demək deyil.

 Əlbəttə, bu, önəm kəsb etmir. Çünki toplananların yerini dəyişəndə cəm dəyişmir”. Politoloq bildirib ki, AKP və MHP-nin təşkil etdiyi "Cümhur İttifaqı”nın səs faizinin ciddi şəkildə aşağı düşəcəyi ehtimalı zəifdir: "İlk turda "Cümhur İttifaqı” 50 faizdən çox səs toplayaraq seçkini qazanacaq. Ola bilər, AKP parlament seçkisində müəyyən düşüş yaşasın. 

Lakin bunu da birmənalı söyləmək mümkün deyil. Meral Akşenerin qaranlıq keçmişi, Məhərrəm İncənin PKK ilə bağlı açıqlamaları və biri-birinə zidd bəyanatları müxalifət düşərgəsinin ümumi səsinə mənfi təsir göstərir. Bu da türk toplumunda xəyal qırıqlığı yaradır. Buna rəğmən yalançı sosioloji sorğularla toplum üzərində basqı yaratmağa, ictimai rəyi aldatmağa çalışırlar. 

Bunlar siyasi gedişlərdir. Həqiqət seçki günü sandıqdan çıxacaq. Bir məsələni də qeyd edim. Əgər seçki gününə qədər terror yuvası olan Qəndilə Türkiyə bayrağı sancılarsa, bu, seçki prosesində həlledici amil olar və hakim partiyanın səsini artırar. Ümumiyyətlə, AKP liderliyində Türkiyədə baş verən proseslər və iqtisadi yöndə 7.5 faizlik artım cəmiyyətə təsir edən müsbət məqamlar kimi dəyərləndirilir”.

İsmayıl