Daha çox təhsilsiz qadınlar zorakılığa məruz qalır
“Qadın təhsilsiz olanda doğru seçim edə bilmir, seçimində yanıldığını biləndə isə özünü müdafiə edə bilmir”
Azərbaycanda qadınlara qarşı zorakılıq getdikcə artır. Ailə-məişət zorakılığının budəfəki qurbanı isə Qəbələdə xüsusi amansızlıqla öldürülən 3 uşaq anası olub. 1991-ci il təvəllüdlü Verdiyeva Səbinə həyat yoldaşı tərəfindən amansızlıqla qətlə yetirilib.
S.Verdiyevanın atası Məzahir Cabbarovun dediyinə görə, qızı boğulmayıb, xüsusi amansızlıqla, küt alətlərdən və bıçaqdan istifadə edilərək qətlə yetirilib. Bunu S.Verdiyevanın bədənindəki kəsilmiş-deşilmiş yaralar sübut edir.
M. Cabbarovun iddiasına görə, qızını tək kürəkəni Xəyal Verdiyev deyil, oğlanın atası Xaliq Verdiyev və anası Dürdanə Verdiyeva birgə qətlə yetiriblər: "Son 1 il ərzində qızım həyat yoldaşı, qayınanası və qayınatası tərəfindən 5 dəfə döyülüb, xüsusi işgəncələrə məruz qalıb. Onu evə gətirsək də, həyat yoldaşı ilə bir-birlərini sevərək ailə qurmuşdular, qızım ailəsinin dağılmasını istəmirdi. Biz də valideynləri olaraq həm 3 uşaq anası olduğu, həm də hamilə olduğu üçün qızımızın qayıtmasına razılıq vermişik. Biz də ailəsinin dağılmasını istəmirdik. Sonuncu dəfə isə kənd icra nümayəndəsi Eyyub Alıyevin zəmanət verməsi ilə qızımızın əri evinə qayıtmasına razılaşdıq”.
M.Cabbarov qeyd edib ki, qızının həyat yoldaşının atası X.Verdiyev və anası D.Verdiyeva gənc ailənin dağılmasını istədiklərini heç vaxt gizlətməyiblər: "Bir həftə əvvəl Xaliq Verdiyev küçədə qarşımı kəsdi, dedi ki, Səbinə yenidən əri evinə qayıtsa, onu öldürəcəklər. Ancaq biz sonuncu dəfə də 3 uşaq anası, hamilə olduğunu və həyat yoldaşı ilə bir-birini sevdiyi, həm də kənd icra nümayəndəsinin zəmanət verməsi səbəbindən onun geri qayıtmasına razılıq verdik. Ancaq onlar ailəsinin dağılmamasını istəyən qızımı xüsusi amansızlıqla öldürdülər. Tək Xəyal deyil, atası Xaliq və anası Dürdanə də həbs edilməlidir”. M.Cabbarov onu da nəzərə çatdırıb ki, bu ilin mart ayında amansızlıqla döyülmüş, burnu qırılmış qızının həmin vəziyyətdə çəkilmiş fotoşəklini polisə təqdim edib, tədbir görülməsini istəyiblər. Ancaq polis hər hansı tədbir görməyib.
Qeyd edək ki, 3 uşaq anasının xüsusi amansızlıqla öldürülməsi uzun müddətdir qadınlara qarşı zorakılıqdan narahatıq duyan ictimaiyyət üzvlərinin səbr kasasını daşırıb. "Təmiz Dünya” İctimai Birliyi sosial şəbəkələrdə qadınlara qarşı zorakılığın dayandırılması məqsədi ilə aksiya keçirib. Sosial şəbəkə istifadəçiləri də dəstək məqsədi ilə "qadınqətllərinəson” haştaqı yaradaraq öz səhifələrində paylaşım ediblər.
Qadınların xüsusi amansızlıqla qətlə yetirilməsinin dəhşətli bir hadisə olduğunu deyən "Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin sədri Aynur Camalqızının sözlərinə görə, istənilən halda bunun izahı yoxdur: "Əslində biz sadəcə qadınlara qarşı şiddəti yox, bütün insanlara qarşı zorakılığın əleyhinəyik və məsələni də bu cür qaldırmalıyıq. Əvvəla, onu deyim ki, qəddarlıq və amansızlıq sadəcə Azərbaycanda yayılan bir hadisə deyil. Artıq dünyada qəddarlıq geniş vüsət alıb. Müxtəlif ad altında fəaliyyət göstərən terror qruplaşmalarının insanlığa qarşı soyqırımı göz önündədir. Sadəcə bu problemlər qlobal olduğu üçün bizim təsir imkanlarımız məhduddur. Amma Azərbaycanda qadınlara qarşı şiddətin, zorakılığın səviyyəsini aşağı sala bilərik. Bunun üçün Qeyri-Hökumət Təşkilatları və media maarifləndirmə prosesini daha da gücləndirməlidir”.
A.Camalqızının sözlərinə görə, qadınların döyülməsi və öldürülməsi hallarının geniş vüsət almasının bir səbəbi də Azərbaycan ailələrinin qadınlara, qızlara olan münasibətindən qaynaqlanır: "Hesab edirəm ki, qadınlara qarşı zorakılıq hallarının qarşısını almaq üçün köhnəlmiş adətlərdən yaxa qurtarmalıyıq. Valideynlər öz qızlarına öz ayaqları üstündə durmaq üçün oxumağı öyrətmək əvəzinə, qızlarını erkən yaşda ərə verib, məsuliyyətlərini azaltmaq istəyirlər. Xüsusən də yerlərdə ailə qurularkən qanun yox, milli adət-ənənələr əsas götürülür, yetkinlik yaşına çatmayan şəxslər ailə qurur. Onlar ailəyə nə psixoloji, nə də mənəvi baxımdan hazır olurlar. Ümumiyyətlə qadın təhsilsiz olanda doğru seçim edə bilmir, seçimində yanıldığını biləndə isə özünü müdafiə edə bilmir. Qəbələdə öldürülən 3 uşaq anasının həyat yoldaşı ilə toy şəkilləri yayılıb internetdə. Həmin şəklə baxanda, o kişinin üzündən kriminallıq yağır. Mənə elə gəlir ki, təhsilli, özünə güvənən qadın heç vaxt elə bir adamı özünə həyat yoldaşı olaraq seçməzdi. Görünür, bu qadın valideynlərinin iradəsinin ziddinə addım ata bilmədiyi üçün onunla evlənməyə məcbur olub. İnanmıram ki, hansısa qadın könüllü şəkildə o cür insanla evlənsin”.
Qadınlara qarşı zorakılığın qarşısının alınması istiqamətində həyata keçirilən aksiyaları müsbət dəyərləndirən A.Camalqızı deyib ki, Azərbaycanın tanınmış xanımlarının, xüsusən də QHT və media sahəsində çalışan qadınların bu problemə diqqət çəkməsi sevindirici haldır. Həmin xanımların hər birinə öz minnətdarlığımı bildirirəm: "Bir media nümayəndəsi olaraq şəxsən mən də hər zaman onlara dəstək verməyə hazıram. Düşünürəm ki, bu problemə laqeyd yanaşıldıqca, problemlərin əhatəsi genişlənir. Dünən feysbukda həmkarımız Aygün Muradxanlının belə bir paylaşımı diqqətimi çəkdi: "Qırmızı işıqda keçməyin cəzası qadına əl qaldırmaqdan ağırdısa, belə də olacaq”. Burada Aygün xanım metaforadan istifadə etsə də, çox haqlı vurğulayıb. Hesab edirəm ki, problemin qarşısını almaq üçün aidiyyəti qurumlar qadın hüquqları ilə bağlı qanunlarımıza yenidən baxmalı, lazım gəlsə, bir sıra müddəaları daha da sərtləşdirməlidir”.
Şəymən