Daha kresloda qocalmaq olmayacaq

Bundan sonra rektorlar 5 ildən bir təyin ediləcək
Ekspertlər hesab edir ki, bu hal universitetlərin fəaliyyətinə ciddi şəkildə müsbət təsir göstərəcək



«Təhsil haqqında Qanunun tətbiq edilməsi barədə» fərmana edilən dəyişikliyə əsasən bundan sonra ali təhsil müəssisələrinin rektorları 5 il müddətinə təyin ediləcək. Hər 5 ildən bir yeni təyinatlar olacaq, yaxud da köhnələr yenidən təsdiqlənəcək.

Dəyişikliyi şərh edən təhsil eksperti Kamran Əsədov «Şərq»ə açıqlamasında bildirdi ki, 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında" qanun çərçivə qanun olduğundan burada bir çox məsələlər, o cümlədən, ən ciddi məsələlərdən olan ali təhsil müəssisələrində rektorlar, həm də elmi şuralar, dekanlar, kafedra müdirlərinin seçilməsi, onların vəzifətutma müddətləri kimi məsələlər öz əksini tapmayıb:

- Ona görə də ölkədə fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrinə hətta 30 ilə qədər bir adamın rəhbərlik etdiyini, bu dövrdə universitetdə hansısa bir dəyişikliyin, inkişafın olmadığının şahdi oluruq. Məsələn, Ağacan Əbiyev 30 il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, Timuçin Əfəndiyev 30 il Mədəniyyət və İncəsənət Universitetində, Əhliman Əmiraslanov 25 Azərbaycan Dövlət Tibb Universitetində, Siyavuş Qarayev 19 il Azərbaycan Dövlət Neft Akademiyasında, Abel Məhərrəmov 20 il Bakı Dövlət Universitetində, Səməd Seyidov 17 il Xarici Dillər Universitetində rektor kimi çalışıblar. Hazırda da bu vəzifələri uzun müddət tutanlar var. 

Belə ki, Siyavuş Kərimi 18 ildir ki, Azərbaycan Milli Konservatoriyasına, Ömər Eldarov 19 ildir Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına, Fərhəd Bədəlbəyli 28 ildir Bakı Musiqi Akademiyasına, Gülçöhrə Məmmədova 20 ildir Azərbaycan Memarlıq və İnşaat Universitetinə, Havar Məmmədov 20 ildir ki, ali təhsil müəssisələrində rektor kimi çalışır. Əlbəttə ki, elmi tədqiqat işlərinin uzun müddət davam etdiyini nəzərə alsaq, bu müddətlər elmdə kiçik vaxt hesab oluna bilər. Amma rektorlar elmi tədqiqat işləri ilə məşğul olmurlar. Onlar ali təhsil müəssisəsini idarə edirlər. Son illərdə Azərbaycan təhsili inkişaf yolundadır, amma ali məktəblər bundan kənarda qalırlar və müasir çağırışlara cavab vermirlər. Bunun əsas səbəbi onların fəaliyyətindəki müddətsizlik ilə bağlıdır.

K.Əsədov hesab edir ki, rektorların 5 il müddətinə təyin olunması universitetlərin fəaliyyətinə ciddi şəkildə müsbət təsir göstərəcək:

- Çünki 5 il sonra fəaliyyətində irəliləyiş olmayan rektorların yenidən təyin olunması çətin olacaq. Ona görə də universitetlər əmək bazarının tələbinə cavab verən kadr hazırlığı həyata keçirməkdə, dünya reytinqində irəli getməkdə maraqlı olacaqlar. Prezident tərəfindən "Təhsil haqqında" qanuna edilən əlavə çox böyük ideyadır və ciddi dəyişikliyə səbəb ola bilər. Bu həm də ali təhsil idarəçilərinin gəncləşməsinə gətirib çıxaracaq. Prezidentin yeni fərmanı ilə məsələ bitmir. Təklif edirəm ki, bundan sonra rektorların vəzifəyə gətirilməsi də dəyişsin. 

Bunun üçün 2 metod var. Biri demokratik, biri isə administrativ üsuldur. Bir də bunların ortaq üsuludur. Həmişə ortaq üsula üstünlük vermişik. Kollektiv 3 nəfəri seçib nazirliyə, nazirlik də Prezident Administrasiyasına göndərir. Bu zaman 3 nəfərdən biri təyin olunur. Burada həm demokratiya, həm də administrativ təyinetmə var. Dünyanın bir çox ölkələrində rektorları 2 dəfədən artıq olmamaq şərtilə kollektiv seçir. Bəzi ölkələrdə isə administrativ təyinat olur. Bunların hamısı təcrübədə var. Bunların üstün və çatışmayan tərəfləri mövcuddur. Üstünlük odur ki, hər yeni gələn rektor yeni təfəkkür gətirir. 

Universitet bu zaman seçkidən-seçkiyə yenilənir. Administrativ üsul zamanı 20-25 il rektor olanda universitet normal idarə edilir. Bütün hallarda rektorların fəaliyyəti hesabatlılıq təmin olunmaqla həyata keçirilməlidir. Fəaliyyəti hər hansı bir zamanla məhdudlaşmayan rektorlar dünya səviyyəli universitet olmağı hədəfləmir və bu baxımdan elmi-tədqiqat potensialını gücləndirməyi əsas vəzifə kimi qarşılarına qoymurlar. Amma bundan sonra fəalliyyəti dövründə müsbət tendensiya olmayanlar növbəti dəfə seçilməyəcəklər. 

Burda neçə dəfə seçilməsi nəzərdə tutulmur. Bu ancaq bundan sonra təyin olunacaq rektorlara aiddir. Onu da deyim ki, seçki ilə rektorların seçilməsi ənənəsi mövcud olub. Amma uğurlu olmayıb. Bunun üçün bir təcrübə, ənənə olmalıdır. Bunun üçün universitetlərimiz dünyada mövcud olan universitetlərə yaxınlaşmalıdır. Bizdə seçki yolu ilə rektor vəzifə tutsa, o qədər də effektiv olmayacaq. Azərbaycanda isə bu sahədə çox işlər görülməlidir. Rektor menecer olmalıdır, yenilikçi olmalıdır, dünya təhsilini yaxından izləməli, universitetin fəaliyyətini buna uyğun həyata keçirməlidir.

Məlahət Rzayeva