Ekspertlər Təhsil Nazirliyinin səlahiyyətlərinin artırılmasını alqışlayır
Daha neqativ hallar olmayacaq
Semestr imtahanları artıq Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydada keçiriləcək
Ekspertlər Təhsil Nazirliyinin səlahiyyətlərinin artırılmasını alqışlayır
Ekspertlər Təhsil Nazirliyinin səlahiyyətlərinin artırılmasını alqışlayır
Yaxşı deyiblər ki, şayiələrə inanmaq olmaz. Sabiq təhsil naziri Mikayıl Cabbarov yeni təyinatından sonra söz-söhbət gəzməyə başladı ki, Təhsil Nazirliyi Dövlət İmtahan Mərkəzinə birləşdiriləcək. Təhsillə bağlı iki ayrı qurum deyil, bir vahid mərkəz olacaq və sair... Eləcə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Dövlət İmtahan Mərkəzinə çevriləndə Təhsil Nazirliyinin səlahiyyətlərinin əlindən alınıb bu yeni quruma həvalə ediləcəyinə dair də xəbərlər dolaşmağa başlamışdı. Amma göründüyü kimi, hökumət daşları bir-bir yerinə qoydu.
İndi Təhsil Nazirliyinin də, Dövlət İmtahan Mərkəzinin də vəzifələri tam aydınlaşmaq üzrədir. Həmçinin, gəzən bütün şayiələrə rəğmən Təhsil Nazirliyinin səlahiyyətləri nəinki azalır, əksinə, artmaqdadır. Deməli, Azərbaycan dövləti təhsil strategiyasını doğru istiqamətdə müəyyənləşdirir.
Örnəyi bu günlərdə Nazirlər Kabinetinin "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”, "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”, Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi və "Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nda təsdiqlədiyi dəyişikliklərdir. Hansı dəyişikliklərdir bunlar. Qısaca bildirək ki, indiyə qədər ümumtəhsil məktəbində təhsilverənlərin və təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən edilibsə, bundan sonra ümumtəhsil məktəbində təhsilverənlərin attestasiyasının, təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları Nazirlər Kabineti, təhsilalanların digər hallar üzrə attestasiyasının aparılması qaydası isə Təhsil Nazirliyi tərəfindən müəyyən ediləcək. Ali təhsil müəssisələrinin bakalavriat pilləsinə yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları da artıq Nazirlər Kabineti deyil, Təhsil Nazirliyi tərəfindən müəyyənləşdiriləcək. İmtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları səlahiyyətləri çərçivəsində artıq məhz Təhsil Nazirliyi tərəfindən və təhsil müəssisələrinin nizamnamələri ilə müəyyənləşdiriləcək.
İndiyə qədər orta ixtisas təhsili pilləsində tələbələrin biliyinin attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilibsə, bundan sonra ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları Nazirlər Kabineti, təhsilalanların attestasiyasının aparılması qaydası isə Təhsil Nazirliyi tərəfindən müəyyənləşdiriləcək.
Məlum dəyişikliyi şərh edən təhsil eksperti Kamran Əsədov "Şərq”ə açıqlamasında Nazirlər Kabinetinin bu qərarıyla Təhsil Nazirliyinin səlahiyyətlərinin artdığını dedi:
- 2009-cu ildə qəbul olunmuş "Təhsil haqqında” Qanuna görə bir çox səlahiyyətlər Nazirlər Kabinetində idi. Və nəticə etibarilə görürdük ki, Təhsil Nazirliyinin səlahiyyətləri azalmışdı. Məsələn, deyək ki, Təhsil Nazirliyi 11 il təhsil almış şagirdin bilik və bacarığının qiymətləndirilməsinə nəzarət edə bilmirdi. Şagird 11 il Təhsil Nazirliyinin müəyyən etdiyi tədris proqramı əsasında təhsil alır, amma sonda onu başqa bir qurum imtahan edib, biliyini qiymətləndirir. Həmçinin Təhsil Nazirliyinin tabeliyində olan orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin attestasiyasını da ayrı bir qurum həyata keçirir. Mən bunu Təhsil Nazirliyinə qarşı haqsızlıq hesab edirdim. Dövlət İmtahan Mərkəzinin (əvvəlki adı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası - K.Ə.) adından da göründüyü kimi, vəzifəsi ali məktəblərə tələbə qəbulu həyata keçirmək olmalıdır. Buraxılış imtahanlarını keçirmək səlahiyyəti isə Təhsil Nazirliyinin olmalıdır. Ola bilər qəbul edilmiş dəyişiklikdən sonra nazirlik buraxılış imtahanlarını tamam fərqli formatda keçirəcək. Yəni, buna nazirliyin artıq səlahiyyəti olacaq. Bu, çox müsbət haldır. Təsəvvür edin, ümumilikdə ölkə üzrə ümumtəhsil məktəblərində 1.6 milyon şagird təhsil alır. Amma DİM-nin keçirdiyi buraxılış imtahanları nəticəsində 24 min nəfər attestatsız qalır. Bu, necə olur?! Təhsil Nazirliyi 11 il təhsil verdiyi şagirdin yekun qiymətləndirilməsindən niyə kənarda qalmalıdır?
K.Əsədov bakalavriat pilləsində imtahanların təşkil olunmasının Təhsil Nazirliyinin öhdəsinə verilməsini də alqışladığını bildirdi:
- Yadınızdadırsa, ötən illərdə ali məktəb tələbələrinin semestr imtahanları ilə bağlı etirazları oldu. Çünki bəzi universitetlər semestr imtahanlarına hansısa əlavə, əsassız fənlər daxil edirdilər. Bəzən aidiyyəti olmayan fənlərdən imtahan təyin edilirdi. 20 gün ərzində tələbə 6-7 fəndən imtahan verməli olurdu. Bu da imtahan nəticələrinə mənfi təsir edirdi, tələbələrin qiyməti aşağı düşürdü. Universitetlər vardı ki, Təhsil Nazirliyi ilə hesablaşmırdı, "müstəqil siyasət” yürüdürdülər. Bu da tələbələrin incidilməsi ilə nəticələnirdi. Neqativ hallara yol açırdı. Amma məlum dəyişikliyə görə, semestr imtahanları artıq Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydada keçiriləcək. Neqativ hallar da daha olmayacaq. Bu mənada mən Təhsil Nazirliyinin səlahiyyətlərinin artırılmasını alqışlayıram və bunun müsbət nəticələri olacağına da inanıram.
Məlahət Rzayeva