"Paşinyan artıq mövcud geosiyasi reallıqları dərk etməyə başlayıb. O başa düşür ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Ermənistanın iqtisadi inkişafı təmin oluna bilməz”.
Bunu "Sherg.az”a açıqlamasında siyasi ekspert Ceyhun Əhmədli deyib.
Analitik bildirib ki, Paşinyan öz seçicilərinə 2019-cu ilin Ermənistan iqtisadiyyatı üçün "sıçrayış ili” olacağı sözünü vermişdi. Lakin real iqtisadi göstəricilər buna əks prosesin getdiyini deməyə əsas verir:
"Son 7 aylıq statistik göstəricilərə baxsaq, görərik ki, düşmən ölkədə işsizlik və inflyasiya daha da artıb. Yaranmış qeyri-stabil vəziyyətə görə xarici investorlar ölkəni sürətlə tərk etməkdədir. Bunu Ermənistanın rəsmi qurumları təsdiq edirlər. Paşinyanı danışıqlar masası ətrafına gəlməyə sövq edən amil də bu problemlərdən qaynaqlanır.
Bir neçə ay bundan əvvələ qədər Paşinyan Qarabağdakı qondarma rejimin danışıqlar prosesində iştirakından dəm vururdu. İndi isə özü şəxsən posesə qoşulmaq məcburiyyətində qalıb. Hər şeydən əvvəl bu, Azərbaycan dövlətinin növbəti uğuru kimi qələmə verilməlidir”.
Siyasi ekspert bildirib ki, uzun müddətdən sonra danışıqların gedişində müsbət dinamikanın şahidi oluruq:
"XİN rəhbərlərinin sonuncu görüşündə 2 vacib razılıq əldə olunmuşdu: - Xalqları sülhə hazırlamaq və nəticəyə yönəlik danışıqları davam etdirmək. Burada vacib bir məqamı qeyd etmək lazımdır. Xalqları sülhə hazırlamaq tezisinə bədbin ruhda yanaşmaq lazım deyil. Söhbət danışıqlar yolu ilə münaqişənin həllindən gedirsə, torpaqların işğaldan azad edilməsinə paralel olaraq Azərbaycanlıların Dağlıq Qarabağ və ətraf rayonlara köçürülməli olduğu məsələsi nəzərdən qaçmamalıdır. Deməli, xalqlar sülh prosesinə indidən hazırlanmalıdır. Bu, labüd bir prosesdir və qəti surətdə təslimçi sülhdən söhbət gedə bilməz”.
C.Əhmədli vurğulayıb ki, Azərbaycan dövlətinin başçısı bütün çıxışlarında vurğulayır ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunacaq. Bunun başqa yolu yoxdur:
"Güman etmək olar ki, Paşinyanla Azərbaycan Prezidenti arasındakı baş tutan görüş XİN rəhbərlərinin görüşünün davamıdır. Yəqin ki, Paris razılaşmaları müzakirə olunub. Görüşün 1 saat davam etməsi məhsuldarlıqdan xəbər verir. Paşinyan artıq dalana dirənmiş vəziyyətdədir. 2019-cu il ərzində sülh təşəbbüslərinin daha da artacağı proqnozunu vermək olar”.
Qeyd edək ki, ötən gün Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər.
İsmayıl