Davudoğlunun intihar şousuna münasibət: “Belə siyasi oyunlar effekt vermir”





"Dünya siyasətində əvvəlcədən səhnələşdirilmiş belə tamaşalar tez-tez baş tutur. Belə hallarda ən önəmli olan məsələ bunun tamaşa olduğunu gizlədə bilmək və insanlara hadisənin səmimiliyini qəbul etdirmək olur”.

Bunu "Sherg.az”a açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib.

Partiya sədri bildirib ki, Əhməd Davudoğlu Türkiyənin baş nazirliyi vəzifəsini icra edə bilmədiyi kimi bu işi də bacarmadı:

"Təkcə bu fakt Davudoğlunun hansı səviyyədə siyasətçi olduğunu nümayiş etdirir. Uzun müddətdir ki, dünya gücləri Türkiyəni yürütdüyü müstəqil siyasətdən çəkindirmək və xalqın iradəsi ilə bu siyasəti yürüdən AKP iqtidarını devirmək üçün enerji sərf edirlər. Lakin hər dəfəsində planlar boşa çıxır. Hətta silahlı dövlət çevirilişinə belə cəhd edildi. 

Buraya iqtisadi və sosial sahələrdəki təxribatları da əlavə edə bilərik. Belə anlayıram ki, Türkiyəni əvvəllər olduğu kimi "sözəbaxan” dövlət edə bilmək üçün son variant AKP-ni içəridən bölmək və zamanında eyni komandada təmsil olunmuş siyasiləri ön plana çıxarmaqdır. Anlaşılan odur ki, Abdullah Gül, Əhməd Davudoğlu və Əli Babacan kimi siyasi fiqurlar baş rolda çıxış edəcəklər”.

T.Abbaslının sözlərinə görə, bu siyasilərin arxasında Türkiyə xalqından daha çox dünya gücləri dayanır:

"Həmin güclər onlara media, maliyyə və s. sahələrdə birbaşa dəstək olurlar. Bəhs etdiyimiz siyasi tamaşanı böyük oyunun təkib hissəsi hesab edirəm. Ancaq kimsə unutmamalıdır ki, dünya 10 il öncəki, hətta 5 il öncəki dünya deyil və cəmiyyətlər də əvvəlki informasiyasız, kontrollu cəmiyyət deyil. Belə siyasi şoular əvvəlki kimi effekt vermir. 

Çünki insanlar açıqgözdürlər. Kimlərsə siyasi səhnəyə qayıtmaq və siyasi iddia ortaya qoymaq istəyirsə, xalqı öz səmimiliyinə inandırmalı və mandatı da xalqdan almalıdır. Dünya güclərinə arxayın olub Türkiyə siyasətində nələrsə etməyə çalışanların fiyaskodan başqa heç bir prespektivi yoxdur”.

İsmayıl