Rəvan Habiloğlu gəzən şayiələrə münasibət bildirdi
Onun mahnılarını bu gün də sevərək dinləyənlər çoxdu. Özü isə səhnədən və sənətdən xeyli vaxtdı uzaqlaşıb. Söhbət Xalq artisti, mərhum sənətkar Habil Əliyevin oğlu Rəvan Habiloğludan gedir. Uzun müddət efirlərdə olmayan sənətçi barədə müxtəlif şayiələr dolaşmağa başlayıb. İndi də Rəvanın dəli olduğunu deyirlər. Rəvan Habiloğlu söz-söhbətlərə aydınlıq gətirdi.
- Rəvan, sənin barəndə son günlər müxtəlif şayiələr dolaşır. Deyirlər, dəli olmusan?
- İnanın şokdayam. Niyə bizimkilər bəzən insanın mənəvi dünyasını dağıtmaqdan zövq alırlar. Dəli olmuşam? Kimin pəncərəsini sındırıb, kimin qapısını dağıtmışam? Mənim barəmdə o qədər yalan danışıblar ki, hərdən az qalıram özüm də inanım. Hə, deyirlər ki, dəli olmuşam? Nə gözəl... Dəli olmamışam, sadəcə depressiyadayam. Depressiyada olanda dəli olursan ki? Mən sənətə gəlirdim ki, yaradıcılıq potensialımı göstərim. Amma imkan vermədilər. Mənim səhnədə varlığım kimlərisə narahat etdi.
- Hələ də subaysan? İkinci dəfə ailə qurmamısan?
- Hələki subayam. Düzünü desəm, təklikdən daha yorulmuşam.
- Məgər Bakıda hansısa xəstəxanaya müraciət etmisən ki, bu cür xəbər yayılıb, səni dəli elan etdilər?
- Bakıda heç bir həkimə getməmişəm. Ancaq mən depressiya yönlü insanam. Atamı itirəndən sonra onun yoxluğu məni sarsıtdı. Nə bilim, həyatdı da.
- Gözaltın var? Evlənmək istəmirsən? Pul baxımından necə, çətinliyin var?
- Mənim pul, maddiyyat baxımından heç vaxt çətinliyim olmayıb. Pulum olub. O vaxtlar efirlə bağlı çətinliklərim yaranmışdı. Efirə qadağalar qoyulmuşdu. İndi belə bir problemin olacağına inanmıram. Şükür Allaha ki, imkanım, pulum var. Şükür Allaha ki, maddi baxımdan heç vaxt çətinliyim olmayıb. Sağ olsun Prezidentimiz. Ailəmizə bir neçə ev verib. Öz şəxsi biznesim var. Sənət aləmində də düşmənim yoxdu. Mən belə düşünürəm. İndi kim məni sevmirsə, bu, onun öz şəxsi işidir. Ancaq mənimlə ciddi problemi olan sənətçi yoxdu. Mənim də heç kimlə işim yoxdu. Vuran vurub, çapan çapıb. Daha nə edərlər?
- Qayıdışında ud yanında olacaq?
- Udla qurtardım. Ud janrında mahnılar yoxdu. Artıq müasirləşirik. İndi hər şeyin ləzzəti gedib. Sənət aləmində məni dəstəkləyənlər də olub, sağ olsunlar. Axtaranlar da olub, axtarmayanlar da.
- Sonda onu da qeyd edək ki, deyirlər, Rəvan gündəmə gəlmək üçün dəlixanaya düşməyini şayiə olaraq özü yayıb.
- Mən belə qalmaqallara, şayiələrə ehtiyacı olan insan deyiləm. Mənim işim oxumaqdı. Mən tamaşaçılarımla görüşə gəlmək istəyirəm. Yeni mahnılarım, layihələrim var. Belə ucuz reklamlara ehtiyacım yoxdu.
Tahirə