Dəm qazından zəhərlənmələrin qarşısını necə ala bilərik ?- Mütəxəsis yolunu göstərdi
"Bəzi binalarda, evlərdə 30 ildən çoxdur ki, tüstü bacaları təmizlənmir”.
Bu barədə "Sherg.az”a dəm qazından zəhərlənmə hallarının artmasına münasibət bildirərkən Azad İstehlakçılar Birliyinin kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov bildirib.
O xatırladıb ki, qazdan təhlükəsiz istifadə qaydalarına görə, su qızdırıcılarının tüstü bacaları ildə bir dəfə, digər qızdırıcı cihazların tüstü bacaları isə istilik mövsümündən əvvəl mütləq təmizlənməlidir:
"Təəssüf ki, bununla məşğul olan ciddi qurum yoxdur. Adını bilmədiyim bir MMC var, hansı ki, bu işlə məşğul olduğunu iddia edir. Lakin həmin şirkət 8 manat pul alaraq, tüstü bacalarını təmizləyir. Ona görə, insanlar narazılıq edir, baha olduğunu deyir. Çünki həmin şirkət nümayəndələri sadəcə dama çıxıb, bacadan "kirpi” adlı cihazı aşağı ötürür. Bunun qarşılığında isə 8 manat pul alıb gedirlər. Həmin şirkətin nə bir afişası, reklamı var, nə də ki, insanlar onu tanıyır.
Qaydalara uyğun olaraq, şəxsi evlərdə tüstü bacalarının təmizlənməsi ev sahibinin üzərinə düşür. İnsanlar kimə müraciət edəcəyini bilmir.
Biz mütəxəssislər və bu sahədə məsuliyyətli qurumlar – Fövqəladə Hallar Nazirliyi, Azad İstehlakçılar birliyi və s. qurumlar Kütləvi İnformasiya Vasitələrindən, mətbuatdan maarifləndirmə işi aparırıq. Bunun sayəsində dəm qazından zəhərlənmə halları keçən ilkinə nisbətən bu il azalıb. Hər halda bir nəfərin ölümü belə böyük faciədir, buna yol verməməliyik”.
Əhalinin istifadə etdiyi qazın tərkibinə gəlincə, mütəxəssis diqqətə çatdırır ki, qazın zəhərli olması ilə bağlı ortaya atılan iddialar əsassızdır:
"Bu, düzgün fikir deyil. Çünki qaz zəhərli olsa, xarici ölkələr Azərbaycandan qaz almağa bu qədər can atmaz. Çünki Azərbaycan qazı ən keyfiyyətli qazdır, çıxarılan qazın təxmini 94-96 faizi metan qazdır (təmiz qaz).
Qeyd etmək istəyirəm ki, insanlar üçün ölüm ucuzlaşıb. Əksəriyyət ölümə qarşı laqeyd yanaşır, etinasız addım atırlar. Qaz sobalarının qurulmasına, təmizlənməsinə, təmizinə gəlincə isə bunu kimə gəldi etibar etmək olmaz. Çünki qaz təchizatı təhlükəli, bir o qədər də sosial maraq dairəsində olan obyektdir. Ona görə, lisenziyası olan, imtahan vermiş, xüsusi mütəxəssislər bu işlə məşğul ola bilər. Hərə əlinə bir çamadan alıb, camaatın canına düşür ki, qaz sobası təmir edirəm. Bu, düzgün deyil.
Qazla işləyən su qızdırıcıları qurulan vanna otaqlarının standart normaları var. Buna riayət etmədikdə ortaya ciddi fəsadlar çıxır. Belə ki, qazdan ölüm hadisələrinin böyük əksəriyyəti vanna otaqlarında baş verir. Bu otağın həcmi 7,5 kub/metr, hündürlüyü isə 2,20 sm olmalıdır. Mütləq şəkildə pəncərə gözlüyü, təbii işığı olmalıdır. Vana otaqlarının qapısı bayıra açılmalı və qapının aşağısında bir neçə dəliklər qoyulmalıdır. 1 kub/metr metan qazı yananda 9,3 kub/metr təmiz hava lazım olur. Bu hava çatışmayanda yanma prosesi pozulur, zəhərlənmə halı baş verə bilir”.
Dəm qazından zəhərlənmənin insanda özünü göstərən ilkin əlamətlərinə toxunan N.Qasımov vurğulayıb ki, dəm qazının özünəməxsus iyi var və bunu hiss etmək olur:
"Dəm qazının iyi sarımsaq iyinə oxşayır. Həmçinin bu maddə gözyaşardıcı xassəyə malikdir. Bu əlamətləri hiss etdikdə mütləq otağın havasını dəyişmək lazımdır. Hava çatışmadıqda yanma prosesi pozulur, dəm qazı ayrılır.
Otaqlarda olan yanma hadisələrinin əksəriyyəti İrandan, başqa ölkələrdən gətirilən sobalardan baş verir. Firmalar qaz sobalarını sifariş verdikdə şəbəkəyə uyğun sobaları almalı, 130 mm-də normal işləyən qurğuları ölkəyə gətirməlidirlər.
Vanna otağında havalandırma sistemi olmalıdır. Bu qurğu elə qurulmalıdır ki, otağın havasını bir saatda 3 dəfə dəyişə bilməlidir. Vanna otağının qapısı da ona görə bayıra açılmalıdır ki, içəridə zəhərlənmədən huşunu itirib, yıxılan şəxs olduqda qapını içəri açmağa çalışarkən həmin şəxsi əzməsinlər. Bütün bunlar gözlənilmədikdə zəhərlənmə qaçılmazdır.
İnsanlar həyatları üçün laqeyd olmamalıdır Bəzən olur ki, qapıda havalandırma üçün qoyulan deşikləri içəridə istilik olsun adı ilə insanlar özləri qapadır. Nəticədə zəhərli hava təmizlənmədiyindən qarşısıalınmaz fəsadlar ortaya çıxır”.
Qeyd edək ki, bu həftə sonu Goranboy rayonunda iki dəm qazından zəhərlənmə hadisəsi baş verib. Rayonun Xanqərvənd və Zeyvə kəndlərində sakinlər 1983-cü il təvəllüdlü Əhmədova Səfa və 1983-cü il təvəllüdlü Şərifxanova İlahə Natiq qızı dəm qazı zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Adıçəkilən şəxslərə tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilib.
Aysel Aslan