"Dəmirbank"dakı sığortalanmayan pullar batacaq" - Açıqlama

"Bunu indiyə kimi bağlanan bankların misalında demək olar.Nə fond, nə də bank özü sığortalanmış əmanətlərin həcmini açıqlayıb. Əslində açıqlanmalıdır"



Lisenziyası ləğv edilmiş bankda olan sığortalanmış əmanətləri Əmanətlərin Sığortalanması Fondu minimum 3 aya, maksimum 6 aya qaytarmalıdırlar”.

Bunu "Sherg.az”a "Dəmirbank”ın lisenziyasının ləğv olunmasından sonra bankda əmanət yerləşdirən şəxslərin hüquqları ilə bağlı danışarkən bank hüququ üzrə ekspert Əkrəm Həsənov deyib. O qeyd edib ki, söhbət yalnız vətəndaşların milli valyuta ilə yerləşdirilən illik 15 faizdən, xarici valyutada isə, illik 3 faizdən çox olmayan əmanətlərindən gedir:

"Yəni əgər vətəndaşın "Dəmirbank”da 15 faizi ötməyən, manatla yerləşdirilmiş əmanəti var idisə qaytarılmalı idi. Xarici valyuta ilə yerləşdirilən əmanətlərdə isə illik 3 faizi ötməyən əmanətlər qaytarılır. Digər banklar bağlananda bununla bağlı problemlər olub. Məsələn, vətəndaş gəlir, müqaviləni göstərir ki, 3 faizlə əmanət yerləşdirib. Bank isə deyir, bu, bizim sistemdə 6 faiz göstərilir. "Dəmirbank”la bağlı problem var ya yoxdur, dəqiq bilmirik.

Bundan sonra Əmanətlərin Sığortalanması Fondu elan verəcək ki, vətəndaşlar əmanətlərinin olduğunu qeydiyyata aldırsınlar. 1 il ərzində istənilən əmanətçi gedib, əmanəti olduğu faktını təsdiqlədə bilər.

Sığortalanmamış əmanətlər və şirkətlərin vəziyyətləri bu məsələdə ağırdır. Böyük ehtimalla onlara heç nə verməyəcəklər, pulları batacaq. Bunu indiyə kimi bağlanan bankların misalında demək olar.

Nə fond, nə də bank özü sığortalanmış əmanətlərin həcmini açıqlayıb. Əslində açıqlanmalıdır. Çünki kompensasiya olunan əmanətlər həmin məbləğdən çıxılacaq. Sığortalanmış əmanətlərin qaytarılması sığortalanmayan əmanətlərin və şirkətlərin bankdakı pullarının hesabına aparılacaq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən "DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin lisenziyası dekabrın 23-dən etibarən ləğv edilib.

Aysel Aslan