Deputat: "30 ildir ki, həmin torpaqlarda nə azan səslənir, nə də “Allahu Əkbər” deyilir"




"30 il bundan öncə 250 minə yaxın soydaşımız Ermənistan hökumətinin dəstəyi ilə vandalizmlə üz-üzə qalaraq, öz yurd-yuvalarından didərgin düşüblər. 30 ildir ki, həmin torpaqlarda nə azan səslənir, nə də "Allahu Əkbər” deyilir".

Sherg.az xəbər verir ki, bu sözləri parlamentin iclasında millət vəkili Musa Quliyev deyib. 

Deputat təklif edib ki, Milli Məclisdə erməni vandalizmi ilə bağlı dinləmələr keçirilsin: 

"Bu il Prezident İlham Əliyevin sərəncamı və iştirakı ilə Cümhuriyyətimizin, ordumuzun, Bakının işğaldan azad edilməsinin, eləcə də parlamentin 100 illiyi ilə bağlı təntənəli tədbirlər keçirildi. Bu il eyni zamanda Ermənistan Respublikası adlanan qədim Azərbaycan torpaqlarında yaşayan soydaşlarımızın erməni vandalizmi ilə qarşılaşaraq öz torplaqlarından didərgin düşmələrinin 30 illiyi tamam olur. Hesab edirəm ki, bununla bağlı dinləmələr keçirilməlidir”.

Deputat qeyd edib ki, bu ilin dekabr ayında Milli Məclisin bir neçə komitəsində bu haqda dinləmə keçirilsə yaxşı olar: 

"Biz bununla ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımına, deportasiya aktına qiymət verərik. Hadisə ilə bağlı ictimai dinləmənin həyata keçirilməsi vacibdir. Biz bu soyqırımını pisləyən bəyanat qəbul etməliyik”.
Anar