Deputat 4-cü sinif şagiridnin intiharından danışır:"Nəticə budur"

"İntiharla bağlı yayımlanan filmlərin, xəbərlərin, verilişlərin təsirində olan, uşaqdan böyüyə çox insan var”.
Bu barədə "Sherg.az”a Zaqatalada 4-cü sinif şagirdinin intihar etməsindən danışarkən millət vəkili Fazil Mustafa bildirib.
O diqqətə çatdırıb ki, bu cür hallar ancaq psixoloji hazırlıq prosesi ilə aradan qaldırıla bilər:
"Valideyn-məktəb münasibətləri, müvafiq dövlət qurumlarının ailə institutu ilə çalışması, birgə fəaliyyət göstərməsi vacibdir. Hər şey sənəd üzərində formalaşdığına görə, real işləmək ənənəsi yoxdur. Nəticə isə budur. 
Məktəbin uşaqdan, valideynin isə məktəbdən xəbəri yoxdur. Heç kim bir-biri ilə maraqlanmır. Hətta mobil telefonların, texnologiyanın inkişaf etdiyi bir dönəmdə valideynlərin məktəblə əlaqə saxlamaması həqiqətən təəssüf doğurur.
Nəticədə uşaqlar hər hansı filmin, adi söhbətin təsiri ilə intihara əl atır. Ciddi psixoloji hazırlıq tədbirlərinə başlanmalıdır. İntiharların sayının gündən-günə artması hamımızı narahat etməlidir. Amma bu sahədə irəliləyiş yoxdur”.
Qeyd edək ki, rayonun Muxax kənd sakini, 2007-ci il təvəllüdlü Hafiz Nazim oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsində inşa edilmiş təndirxanada asılı vəziyyətdə özündən böyük qardaşı tərəfindən aşkar edilib. 11 yaşlı Hafiz Məmmədovun intihar səbəbi hələ ki, istintaqa məlum deyil.
Aysel Aslan