Deputat avtomobil qəzalarının artmasından narahatdır:"...əsl genosiddir"

"Son 25 ildə avtomobil yollarında 66 mindən çox yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 23 min nəfərdən çox insan ölüb, 74 min nəfərdən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb"

 


"Son zamanlar Respublikamızda avtomobillərin yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yüksək standartlara cavab verən, müasir avtomobil yolları inşa edilərək vətəndaşların istifadəsinə verilir". 

"Sherg.az"ın xəbərinə görə, bu barədə xalq yazıçısı, millət vəkili Elmçira Axundova Milli Məclisin bu gün baş tutan iclasında bildirib. Bununla yanaşı xanım parlamentari qeyd edib ki, yollarda baş verə biləcək qəzaların qarşısının alınması və burada nəzarət tədbirlərinin daha da gücləndirilməsi üçün Milli Məclisdə mütəmadi olaraq "Yol hərəkəti haqqında” Azərbaycan respublikasının qanuna əlavə və dəyişikliklər edilir: 

"Lakin bütün bunlara rəğmən avtomobil qəzalarının sayı getdikcə artmaqda davam edir. Əfv komissiyasının üzvü kimi iclaslarda iştirak edərkən mənim əlimdən yüzlərlə müraciət keçir, baxanda görürük ki, həmin müraciətlərin çoxu avtomobil qəzalarına aiddir.

Araşdırarkən məlum olur ki, həmin bu qəzaların başvermə səbəbi yol hərəkəti qaydalarının kobud şəkildə pozulması, sərxoş vəziyyətdə sükan arxasında əyləşmə və ən əsası isə sürücülük vəsiqəsi olmadan avtomobillərin idarə edilməsi səbəbindən belə hadisələr baş verir. Bir çox hallarda isə sürücülər 4 nəfərlik bir minik avtomobilinə 7-8 nəfəri mindirərək və ya götürək sonuncu belə hadisəni traktor qoşqusunda insan daşıyaraq insanların həyatını təhlükəyə atırlar. Nəticədə isə həddindən artıq yüklənən minik avtomobili müvazinəti tarazlaya bilmədiyindən qəza qaçılmaz olur.

Statistika göstərir ki, hər il ölkə üzrə orta hesabla 2 minə yaxın yol nəqliyyat hadisəsi qeydə alınır, hadisə nəticəsində 300 nəfərə yaxın insan həlak olur və 600 nəfərə yaxın insan isə xəsarət alaraq yaralanır. Təsəvvür edin ki, son 25 il ərzində ölkədaxili avtomobil yollarında 66 min-dən çox yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 23 min nəfərdən çoxinsan ölüb, 74 min nəfərdən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Çox dəhşətli mənzərədir və bu itkilər Qarabağ müharibəsində olan itkilərə bərabərdir, hətta deyərdim ki, əsl genosiddir.

Sürücülük vəsiqəsi olmayan şəxslər tərəfindən avtomobil idarə edilməsi hallarına əsasən rayon yerlərində rast gəlinir. Ona görə də düşünürəm ki, Dövlət Avtomobil Müfəttişliyi genişmiqyaslı tədbirlərə başlamalı, bölgələrdə adına nəqliyyat vasitəsi olanbütün şəxslər yoxlanılmalı, həmin şəxslərin sürücülük vəsiqəsinin olub olmaması aşkarlanmalı və bu istiqamətdə profilaktik tədbirlər görülməlidir.
Digər tərəfdən, sürücülük vəsiqəsinin verilməsinə daha da məsuliyyətli yanaşılmalı, imtahanların keçirilməsində şəffaflıq təmin olunmalıdır. Artıq vaxt çatıb ki, yollarda vəziyyət köklü surətdə dəyişsin, sürücülərimizin və piyadalarımızın kütləvi qırğınına son qoyulsun".

Ayyət Əhməd