Bir müddət öncə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri əzəli torpağımız olan Kəlbəcərdə girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovla görüşdükləri haqqında məlumat yayıb. Girov Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov isə qurumun yaydığı məlumatı yalanlayıb.
O bildirib ki, görüşün olması barədə onlara heç bir məlumat verilməyib. Bundan başqa Kürdoğlu diqqətə çatdırıb ki, girovun ailəsi fevral ayından indiyədək ondan xəbər ala bilməyib.
"Sherg.az” olaraq BQXK haqqında iddiaları dəqiqləşdirmək üçün girov Şahbaz Quliyevin bacısı İradə Quliyeva ilə də əlaqə saxladıq.
O isə BQXK-nın onlara mütəmadi məlumat verdiyini, qurumdan narazılıqlarının olmadığını dedi:
"Çünki məktubları aparıb, gətirirlər. Düzdür, arada bir müddət fasilə oldu, görüşlər gecikdi. Lakin məktub əvəzinə Şahbazın video görüntüsünü bizə gətirdilər. Televiziya və mətbuatda bunu işıqlandırmadıq, düşmən tərəfinə hər hansı informasiya verilməsin deyə. Amma biz mütəmadi BQXK ilə əlaqə saxlayırıq, məktublarımızı veririk, qardaşımın məktublarını da alırıq. Ona görə, qurumdan heç bir şikayətimiz yoxdur. Əslində BQXK da yardım etməsə, girovlarımızla tamamilə əlaqə kəsilər”.
BQXK-nın fəaliyyəti haqqında "Sherg.az”a danışan millət vəkili Elman Məmmədov da bu qurumdan narazılıq edib.
Deputat deyib ki, bir erməni dığası, erməni ailəsi Azərbaycana əsir düşdükdə və ya könüllü gəldikdə BQXK və başqa beynəlxalq təşkilatlar əl-ayağa düşürlər:
"Elə haray-həşir salırlar ki, elə bil həmin ermənilər onların əmisi uşaqlarıdır. Buna rəğmən bizim iki günahsız insanımızla bağlı heç bir iş görmürlər. Sadəcə hərdənbir görüşlər təşkil olunur. Bu görüşlər isə yalnız hesabat üçün aparılır. Ancaq onlar öz nizamnamə vəzifəsini yerinə yetirsələr, günahsız olan Dilqəm və Şahbaz çoxdan azad olunmuşdu. BQXK beynəlxalq təşkilat kimi işğalçı dövləti məcbur edə bilər.
Mən də Kürdoğlunun fikirləri ilə razıyam, düz deyir. Bu məsələdə hər şey özümüzdən asılı olacaq. Yaxın günlərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və bütün ermənilərin katolikosu II Qaregin arasında görüş keçiriləcək. Mütləqdir ki, şeyx girovlarımızın məsələsini qaldıracaq.
Dövlət səviyyəsində bu işıqlandırılır, vacib tədbirlər görülür. Lakin Ermənistan normal dövlət deyil. Bu dövlətə normal insanlar rəhbərlik etmir ki, beynəlxalq qanunlara əsaslanıb, addım atsınlar. Sarkisyan hakimiyyəti cinayət qurumdur və kriminal aləmin qanunları ilə addım atır.
Bizim yeganə seçimimiz qalır ki, ermənilərin dəyər verdiyi 3-4 nəfəri ölkəmizə gətirək, girovlarımızla dəyişək. Başqa çıxış yolu görmürəm”.
Aysel Aslan