Deputat: “Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır, çünki...”

Araz Əlizadə: “...Bu ölkə BMT-nin qətnamələrinə məhəl qoymur. Beynəlxalq hüquq normalarını pozaraq separtçıya qucaq açır, dəstək verir”
“Saakyanın Fransaya səfərt etməsi və Fransanın da buna imkan yaratması bu ölkənin ikili standartlardan çıxış etməsini və separatizmə dəstəyini açıq-aydın ortaya qoyur”


"ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir rolu yoxdur. Çünki bu onun tərkibinə daxil olan 3 ölkə ABŞ, Fransa və Rusiya Ermənistanın havadarlarıdır”.

Bunu "Sherg.az”a Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfərinə münasibət bildirərkən millət vəkili Araz Əlizadə söyləyib.

Parlament üzvü qeyd edib ki, Fransa ermənilərin ikinci vətəni hesab olunur: 

"Baxın, ortada BMT-nin 4 qətnaməsi var. Fransa bu qətnamələrə də məhəl qoymur. Bu ölkə beynəlxalq hüquq normalarını pozaraq separtçıya qucaq açır, dəstək verir. B. Saakyanın Fransaya səfərt etməsi və Fransanın da buna imkan yaratması bu ölkənin ikili standartlardan çıxış etməsini və separatizmə dəstəyini açıq-aydın ortaya qoyur. Bu ölkə, işğalçıya, separatizmə dəstək göstərir. Təsəvvür edirsinizmi Fransa B.Saakyanı Parisə dəvət etməklə, fransız rəsmilərin Azərbaycanın işğal altındakı torpaqlarına səfərlərini təşkil etməklə qondarma rejimin tanınmasına çalışırlar. Bu səfər B.Saakyanın və qondarma rejimin tanıdılmasına bir cəhddir. 

Bu mənada hesab edirəm ki, Azərbaycan beynəxalq təşkilatlar və eyni zamanda Avropa ölkələri qarşısında məsələ qaldırmalıdır. Onlar da Fransanı bu qanunsuz əməllərindən çəkindirməlidir. Fransa daxil olmaqla bütün dünya Azərbaycan əraziləri olan Dağlıq Qarabağ və ətraf rayonların ermənilər tərəfindən işğal olunduğunu bilir. Fransa bunu bilə-bilə belə addım atırsa, deməli separatizmə açıq-aydın dəstək verir. Sonra da bu ölkə durub insan hüquq və azadlıqlarından danışır. 

Azərbaycanın 1 milyondan çox qaçqın və məcburi köçkünü var. Bu insanları öz yurdlarından B.Saakyanlar didərgin salmadımı ? Guya Fransa bunu bilmir, bilir, sadəcə ikili standartlar və xristian təssübkeşliyindən əl çəkmir. Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin həllinə dair ədalətli qərar çıracağına inanmaq olmaz. Bu ölkənin Minsk qrupunda qalması düzgün deyil və Minsk qrupundan getməlidir”.

Qeyd edək ki, Fransa ənənəvi olaraq ermənipərəst siyasət yürüdür. Fransanın Prezidenti Emmanuel Makron Frankafoniya sammitində iştirak üçün oktyabr ayında Ermənistana üç günlük səfər etsə də, tarazlığı qorumaq üçün Azərbaycana səfər etmədi. Məsələn, Rusiya rəhbərliyi həssaslığı nəzərə alaraq, tarazlı münasibəti təmin edir. Bu günlərdə regiona səfər edən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da tarazlı münasibət nümayiş etdirdi və münaqişənin həlli ilə əlaqədar obyektiv və ədalətli açıqlamalarla çıxış etdi. Fransanın şəhərlərinin merləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək işğal altında olan şəhərlərimizlə Fransanın şəhərləri arasında "qardaşlaşma” sazişləri imzalayırlar. Fransa hökuməti tərəfindən bunun qarşısının alınması üçün heç bir tədbir görülmür. 10-dan artıq Fransa şəhəri bu kimi qanunsuz və ilk növbədə Fransa qanunlarını pozan sənədə imza atmışdır.


Ayyət Əhməd