Deputat nazirləri "topa tutdu" - "Çobandan soruşursan ki, bu qışlaqlar kimindir, nazirlərin adına kimi deyirlər…”




 
"Qonaqkənddə nazirlərin, komitə sədrlərinin mal-qaraları qışlağa gedir. Çobandan soruşursan ki, bu qışlaqlar kimindir, nazirlərin adına kimi deyirlər…”

Sherg.az bildirir ki, bu sözləri parlamentdəki büdcə müzakirələri zamanı Qubanı təmsil edən millət vəkili Yevda Abramov deyib. 

Deputat məmurlardan şikayətlənərək qeyd edib ki, büdcə layihəsinə səs verib düyməni basarkən arzu edəcək ki, büdcədən haram əllər yox olsun: 

"Xalq biz deputatlardan çox şey gözləyir, danışmamaq da olmur. Elə-belə də burada gəlib oturmaq olmur axı, Oqtay müəllim? Mən bu gün büdcədən rayonum üçün pul istəmirəm. Bilirəm ki, 2017- ci il ağır il olacaq. Amma elə məsələlər var ki Azərbaycan məmurundan çox şey asılıdır. Mən indi burada ad çəkmək istəmirəm. Sadəcə hər zamankı kimi xalqın dərdini söyləyirəm. Kimisə tənqid etmişəmsə, bu şəxsi qərəzlə bağlı olmayıb. Bu gün Qubaya 20 sm qar yağıb, şaxta 10-12 dərəcədir. Belə bir zamanda xalqın boğazından tutmaq, xalqı çətinliyə salmaq düzgün deyil.Tarif Şurası qərar verdi, enerjinin qiyməti artdı. Bu Şura hansı arqumentləri əsas götürüb işığın ,qazın qiymətini qaldırdı?Mənə maraqlıdır ki, məmurlarımız belə ciddi qərarları qəbul edərkən, doğrudanmı, xalqı düşünürlər?".

Anar