Deputatdan çağırış: "Avropa Şurasının hədələrinə "göz yummamalıyıq"! "






"Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov nümayəndə təyin edildikdə AŞ-nı "bizim təşkilat” adlandırırdı. Görün vəziyyət hansı həddə çatıb ki, o, indi Şuradan imtina edir”.

Bu sözləri "Sherg.az”a millət vəkili Tahir Kərimli deyib. 

Onun sözlərinə görə, Avropa Şurası 5-10 nəfərin hüququnun pozulmasını bəhanə edir, amma milyonlarla qaçqın və məcburi köçkünlərin hüquqların tapdanmasına göz yumur:

"Bu, açıq şəkildə xristian təəssübkeşliyi, islamafobiyadır. AŞ Azərbaycanın torpaqlarını işğaldan azad etmək üçün hərbi yoldan istifadəsinin əleyhinə çıxır, ancaq Ermənistanın işğal siyasətinə irad tuta bilmir. Bu addımların hər birinin başında ikili siyasət durur.

Azərbaycan haqqında yayılan qərəzli materiallara, həqiqəti əks etdirməyən hesabatlara əsaslanıb, ölkəmiz haqqında mühakimə yürüdürlər. Ona görə, Milli Məclisdə məsələ qaldırdım ki, Azərbaycanı təşkilatdan çıxarmaqla hədələyirlərsə, biz özümüz onların qərarını gözləmədən təşkilatdan imtina etməliyik. Bu hədələrə göz yummamalıyıq.

Azərbaycan müstəqil siyasətini yürüdür, heç bir dövlətdən asılı olmadan mövcudluğunu saxlayır. Vaxtilə Qərb Avropa Şurasının və böyük dövlətlərin simasında demokratiyanı imitasiya etməklə məşğul idi. İndi isə onların tələblərinə boyun əyməyən dövlətlərə qarşı açıq şəkildə qərəzli mövqe sərgiləyirlər”.

Qeyd edək ki, millət vəkili Səməd Seyidov AŞ-da onun haqqında hazırlanan qərəzli məlumatlara etiraz edib. Müstəqil Araşdırma Qurumunun korrupsiyaya dair hesabatı barədə müzakirələrdə çıxış edən S. Seyidov Şuranın tərkibində təmsil olunmaq istəmədiyini bildirib:
"Mən Azərbaycanı təmsil etməklə fəxr edirəm. Düşünürəm ki, mənim ölkəmi rüsvay etməyə dair istənilən cəhdin özü korrupsiyadır”.

Aysel Aslan