Deputatdan Jirinovskiyə CAVAB:"...erməniləri dəstəkləməkdən əl çəkin !"






"Ermənilər həmsədr dövlətlərlə birlikdə, uzun illərdir, qondarma Dağlıq Qarabağın danışıqlarda üçüncü tərəf kimi iştirak etməsinə çalışır”.

Bunu "Sherg.az”a Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski erməniləri dəstəkləyən açıqlamalarını şərh edərkən millət vəkili Elman Məmmədov deyib.

 O vurğulayıb ki, Rusiya və Ermənistan nə qədər canfəşanlıq etsələr də, istədiklərinə nail ola bilməyəcəklər:

"Çünki Dağlıq Qarabağda yaradılmış cinayətkar qurum Azərbaycan ərazisində yaşayan terrorçu qüvvələr tərəfindən formalaşdırılıb. Dövlətimiz öz gücündən istifadə edərək, həmin qondarma qurumu ləğv edib, cinayətkarları cəzalandıracaq.

Danışıqlarda münaqişə tərəfləri kimi yalnız Ermənistan və Azərbaycan çıxış edə bilər. Ermənistan isə tam müstəqil dövlət olmadığına görə, danışıqlarda əsas söz sahibi elə onun himayədarı Rusiyadır. Rəsmi Moskva Azərbaycanla səmimi qonşuluq münasibətini qorumaq istəyirsə, ermənilərin fikrini dəstəkləməkdən əl çəkməlidir. Azərbaycanın əraziləri Ermənistan dövlətinin silahlı qüvvələri tərəfindən işğal olunub. Ona görə, dövlət səviyyəsində danışıqlar ancaq işğala məruz qalan və işğalçı olan dövlətlər arasında aparıla bilər”.

Qeyd edək ki, Jirinovski Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan tərəfindən yaradılan qondarma DQR rejiminin danışıqlarda iştirak etməsinin vacib olduğunu bildirib:

"Çünki onların "torpaqlarının” taleyi həll olunur”.

Aysel Aslan