Deputatdan mühüm tələb: "Bu obyektiv mövqeyə İran da qatılsın"





"Azərbaycanın xarici siyasətində Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş ikitərəfli münasibətlər formatı müsbət nəticələrini verir”.

Bunu "Sherg.az”a ötən gün Bakıda keçirilən XİN rəhbərlərinin görüşünün nəticəsindən danışarkən millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, Azərbaycan İran və Türkiyə XİN rəhbərlərinin bir çox fundamental məsələlərdə ortaq mövqeyi ortaya qoyulur:

"Görüşün sonunda Bakı bəyannaməsi də imzalandı. Bizim üçün maraqlı məqam odur ki, bəyannamədə turizm, nəqliyyat və digər sahələrdə əlaqələrin inkişafı ortaya qoyulub. Ən vacib məqam isə şübhəsiz ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hər üç dövlətin eyni mövqedən çıxış etməsidir. Bakı bəyannaməsində tərəflər münaqişənin həlli məsələsində bu prinsipləri önə çəkiblər. 

Türkiyə və Azərbaycanın bu məsələlərdə konkret mövqeyi var. Türkiyə dövləti məhz bu münaqişəyə görə, beynəlxalq hüquqa söykənərək Azərbaycanın mövqeyini müdafiə edir, Ermənistanla bütün diplomatik əlaqələrini kəsib. Çox istərdik ki, İran da analoji addımları atsın. Çünki islam həmrəyliyinə gedən yol buradan başlayır. Ermənilər Azərbaycanın işğal altındakı bölgələrdə dini abidələri, məscidləri viran qoyublarsa, müsəlmanın dostu ola bilməzlər. 

Düşmən ciddi-cəhdlə müsəlman dövlətləri arasında özünə dostlar tapmağa çalışır. Burada onun məqsədi müsəlman həmrəyliyinə zərbə endirmək, münaqişənin həlli prosesində bunu önləməkdir. Ona görə, İran dövlətinin bu münaqişədə Azərbaycanın haqq işini müdafiə etməsi əhəmiyyətlidir.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə Səudiyyə Ərəbistanının, Pakistanın, Türkiyənin tutduğu obyektiv mövqeyə İran da qatılsın. Hesab edirəm ki, bu istəyin reallaşması üçün geniş imkanlar var. Hər üç dövlətin XİN rəhbərlərinin, prezidentlərin intensiv görüşləri bu məsələnin baş tutması üçün münbit şərait yaradır. Bundan maksimum faydalanmaq lazımdır”.

Qeyd edək ki, Bəyannamənin mətninə görə, dövlətlər regionda sülh, təhlükəsizlik, rifah və əməkdaşlığa xidmət edəcək dərin tarixi köklər, din və mədəni ortaqlıqlara əsaslanan üç ölkənin xalqları arasında həmrəylik və əməkdaşlığı, habelə paylaşılan dəyərləri daha da gücləndirmək üçün öhdəliklərini bir daha təsdiq ediblər.

Aysel Aslan