Deputatdan prezidentə təşəkkür:"Çingiz Qurbanovun nəşinin qaytarılmasına..."





40 günlük şəhid həsrətimizə son qoyuldu. Nəhayət ki, Azərbaycan öz övladına sahib çıxıb, şəhid əsgərini qoynuna aldı. Gözləri yolda qalan Qurbanovlar ailəsi isə tək təsəllini sağ- salamat orduya göndərdikləri oğullarının tabutuna sarılmaqda tapdılar.

Bəli, düz 40 gün sonra Vətən uğuruna canından keçən Çingiz Qurbanov can verdiyi torpağa tapşırıldı. Əlbəttə, bu ağrı qarışıq sevinc bizə yad deyil. 7 il əvvəl də Azərbaycan xalqı eyni qüruru yaşamışdı. Mübarizlə, Fəridin nəşinin qaytarılması zamanı...

Bu bənzətmə elə- belə deyil. Axı eynən Mübarizlə Fərid kimi Çingizin də ölüsü ermənilərin canına xof saldı. Bəli, onlar şəhidimizin cansız bədənindən qorxdular. Yoxsa niyə bu qədər ləngitsin ki, şəhidimizi qaytarmaqda. Heç bir sivil qaydalara əməl etməyən Ermənistan 39 gün şəhid övladımızın nəşini qaytarmaqdan imtina etdi. Bu, misli görünməmiş vəhşilik olsa da, onlar bu məsələdə mənasız israr nümayiş etdirdilər. Səbəb də bəllidir, Ermənistanı Çingiz "gələndə” Azərbaycan xalqının yaşayacağı coşqu qorxdurdu. Qorxan gözə isə həmişə çöp düşür.

Ermənilər yaxşı bilir ki, artıq əvvəlki dövr deyil. Daha Azərbaycan ön cəbhədə hərbi borcunu yerinə yetirən əsgərlərinin şəhid xəbərinə biganə yanaşmır. Xalq hər bir əsgərin ölümünü öz canında hiss edir. Hər nə qədər ağrılı olsa da, onların torpaq, millət uğrunda sinələrini sipər etməsi bizi qürurlandırır.
Əvvəllər səngərdə, düşmənlə üzbəüz atışmada həlak olan şəhid cəsədləri evlərinə, valideynlərinin üstünə sanki səngərdə deyil, avtomobil qəzasında həlak olmuş adam kimi gətirilirdisə, indi şəhid cənazələri fəxri qaravulların müşayiəti ilə başlar üstündə gətirilir, göz yaşları ilə qarşılanır.

Biz son zamanlar şəhidə verilən dəyərin necə dəyişməsinin Çingiz Qurbanovun nəşinin ermənilərdən alınması zamanı bir daha şahidi olduq. Şahid olduq ki, təkcə Vətən torpağı deyil, bütünlükdə Azərbaycan xalqı böyük ürək ağrısı ilə öz şəhidini bağrına basdı.

Qeyd edək ki, dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi fevralın 5-də geri qaytarılıb. Şəhidimizin cənazəsi qarşı tərəfdən qəbul edildikdən sonra hərbi ehtiram qaydalarına uyğun olaraq fəxri qarovulun müşayiəti ilə Bakı şəhərinə yola salınıb.

Dünən isə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində (TTM) Çingiz Qurbanov ilə vida mərasimi keçirilib. Azərbaycan öz Çingizi ilə halallaşıb, vidalaşıb. Vida mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, hərbi prokuror Xanlar Vəliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, şəhidin ailə üzvləri, dövlət və hökumət nümayəndələri, hərbçilər iştirak edib. Müdafiə naziri Z. Həsənov şəhidin ailə üzvlərinə baş sağlığı verilib.

Şəhidin atası Salman Qurbanov nəşin geri qaytarılmasına görə Azərbaycan prezidenti İlham Əliyevə, müdafiə naziri Zakir Həsənova və aidiyyəti qurumlara öz təşəkkürünü bildirib.

Vida mərasimində şəhid əsgərin həyat və xidməti barədə məlumat verilib. Şəhidimizin cənazəsi üçrəngli Azərbaycan bayrağının müşayiəti ilə doğulub, boya başa çatdığı Qusar rayonuna yola salınıb. Şəhid əsgər doğulduğu Qusar rayonunda dəfn olunub.

Şəhid əsgərimizin yolunu səbirsizliklə gözləyənlərdən biri də millət vəkili Elman Məmmədov idi. "Şərq”ə açıqlama verən deputat Çingiz Qurbanovun nəşinin Azərbaycana qaytarılmasından böyük qürur hissi keçirdiyini deyib:

" Mən Çingizin nəşinin gec- ya tez Azərbaycana qaytarılacağına əmindim. Ermənistan hər nə qədər beynəlxalq qanunları heçə sayıb, şəhidimizi bizə verməkdən imtina etsə də, bizim gücümüz qarşısında duruş gətirə bilmədi. Dövlətimizin və ordumuzun gücü və Azərbaycanın israrla öz şəhidini geri istəməsi onu geri addım atmağa məcbur qoydu. Əks halda Ermənistan aprel döyüşlərinin təkrarlanacağını və ordusunun yarısının qanına qəltan ediləcəyini çox yaxşı bilirdi. Mən bir millət vəkili olaraq, Çingiz Qurbanovun nəşinin qaytarılmasına nail olduğu üçün ölkə başçısına öz minnətdarlığımı bildirirəm. Biz bu uğura məhz cənab prezidentin şəxsi təşəbbüsü nəticəsində nail olduq. O hər bir Azərbaycan vətəndaşının prezidenti olduğunu bur daha sübut etmiş oldu”.

P.S. Ruhun şad, Şəhadət mərtəbən xeyirli olsun, Şəhidim”

Şəymən