Deputatdan Sərdar Cəlaloğluna DƏSTƏK: "Burada təhlükəli bir məramın olduğunu düşünmürəm"





"Siyasət nümayəndələri, xüsusilə, prezidentliyə namizədlər ölkənin daxili və xarici siyasəti, dövlətin gələcəyinə dair müxtəlif təkliflər səsləndirə bilərlər”.

Bunu "Sherg.az”a millət vəkili Zahid Oruc Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Türkiyə-Azərbaycan konfederasiyasının yaradılması təklifinə münasibət bildirərəkən deyib. O hesab edir ki, konkret ideyalara görə, kimlərisə mühakimə etmək düzgün deyil:

"Prezident İlham Əliyevin sayəsində Türkiyə və Azərbaycan arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsinə gəlib çatıb. 2009-cu ildə bu istiqamətdə real addımlar atılıb, "Bir millət iki dövlət” şüarı iqtisadi, hərbi, siyasi, mədəni və s. bağlarla möhkəmləndirilib. 90-cı illərdə Azərbaycan müstəqilliyini qazandıqda Türkiyə elitası ölkəmizə münasibətdə tərəddüdlü davranışlar həyata keçirirdilərsə, indiki reallıqda iki dövlət arasındakı münasibətlər hərbi müttəfiqlik səviyyəsinə qədər yüksəlib. Bütün bunlar konfederativ münasibətlər üçün əsasdırmı? Münasibətlərin konfederasiya səviyyəsinə çatdırılması Azərbaycanın müstəqilliyini aşağılayırmı? Hər halda Azərbaycan öz müstəqil varlığını davam etdirməlidir. Gələcəkdə müxtəlif formatlarda, ayrı-ayrı ölkələrlə əməkdaşlıqlarımızı davam etdirə bilərik.

Biz heç bir halda Azərbaycanı "böyük qardaş” adı ilə güclü dövlətə sığınmaq, tərkibində yer almaq, onun gücündən fayda götürmək mövqeyini tutmuruq. Ona görə, Azərbaycanın hər bir siyasi, diplomatik, parlament və digər nümayəndələri bu illər ərzində müstəqilliyimizin böyük önəm daşıdığını görür. Hər bir halda Sərdar Cəlaloğlunun Türkiyə-Azərbaycan konfederasiyası yaradılması təklifində Azərbaycanın müstəqil varlığına son qoyulması kimi təhlükəli bir məramın olduğunu düşünmürəm. Açıqlamanın konturları tam şəkildə bəlli olsa, müstəqilliyimizə zidd fikirlər yer alsa, hər kəs buna qarşı çıxardı. Belə deyilsə, hər bir fikrin yaşarlılıq, ətrafında diskussiya mühitinin formalaşması imkanları var”.

Qeyd edək ki, bəzi deputatlar və siyasətçilər ADP sədri Sərdar Cəlaloğlunun Türkiyə-Azərbaycan konfederasiyasının yaradılması barədə təklifinə sərt reaksiya bildiriblər. Hətta Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Məclisin deputatı Tahir Rzayev Sərdar Cəlaloğlunun Xalq Cəbhəsi dövründə mövcud olan şüursuz hərəkətləri davam etdirdiyini vurğulayıb.

Aysel Aslan