Deputatdan “The Financial Times"a sərt reaksiya: "... İkiüzlü, dələduz, satqın... "





"Bəzi beynəlxalq nəşrlərin Azərbaycan haqqında qərəzli yazılar dərc etməsi onların ölkəmizə qarşı ikili standartlardan çıxış etməsinin sübutudur”.

Bunu "Sherg.az”a "The Financial Times”nəşrində Azərbaycanla bağlı irəli sürülən bir sıra iddialara münasibət bildirərkən millət vəkili Adil Əliyev deyib.

Deputatın sözlərinə görə, həmin ölkələrdə demokratiya, insan haqları pozulduğu halda bunları Azərbaycandan tələb edirlər:

"Halbuki bu qədər azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşayır. Müharibə şəraitində yaşayan dövlət olaraq şəhidlər veririk, qazilərimiz var. Əzəli-əbədi torpaqlarından zorla çıxarılan insanların maddi, mənəvi ziyanlarına, hüquqlarına beynəlxalq qurumlar biganə qalır. İllərdir, dünya ictimaiyyətinə səsimizi çatdırmağa çalışırıq ki, heç olmasa, həmin insanlara dəymiş maddi-mənəvi ziyan ödənilsin, hüquqları bərpa olunsun. 

Bütün bunlara biganə yanaşan beynəlxalq nəşrlər, ölkədə xarici kəşfiyyata xidmət edən ikiüzlü, dələduz, satqın 1-2 nəfərə görə, Azərbaycana qara yaxırlar. 1 milyon insan küçədə qalıb, qaçqın və məcburi köçkün şəraitində yaşayır, amma beynəlxalq ictimaiyyət 1-2 nəfərin "hüquqlarından” danışır. Ona görə, biz bu təxribatlara qarşı həmrəy olmalı, aktiv mübarizə aparmalı, ölkə başçısının apardığı siyasəti dəstəkləməliyik. Bu həmrəylik gələcəkdə bizi belə təxribatlardan sığortalayacaq”.

Aysel Aslan