Deputatın təklifi dəstəkləndi: "Valideyn olan tələbələr ödənişsiz oxusalar..."




"Musa Quliyevin təklifi yaxşı təşəbbüsdür, ailəli və övladı olan tələbələrə qayğı göstərilməsi vacibdir”.

Bunu "Sherg.az”a deputatın hamilə və ya 2 yaşına qədər uşağı olan xanım tələbələrin universitetlərdə ödənişsiz əsaslarla təhsil alması təklifinə münasibət bildirərkən təhsil sahəsinin mütəxəssisi, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev deyib. 

O xatırladıb ki, istər işləyən, istərsə də ali təhsil alan xanımlara vaxt verilir ki, övladını böyütsün:

"Müddət müəyyən olunur və ondan sonra ana təhsilinin, işinin başına qayıda bilər. Ananın azyaşlı övladı varsa, çətinlik çəkirsə, bu məzuniyyətdən istifadə edə bilər. Bütün universitetlər tərəfindən qəbul olunur.

Xüsusilə özəl universitetlər tələbələrin ödənişləri hesabına fəaliyyət göstərir. Yüksək bal toplayanlara, bir çox kateqoriya insanlara təhsil haqqında güzəştlər edilir. Valideyn olan tələbələr də ali məktəblərdə ödənişsiz oxusalar, onda universitetlər fəaliyyətini nəyin üzərində quracaq? Ona görə, düşünürəm, burada ən məqbul variant tələbələrə vaxt verilməsidir.

İstənilən halda deputatın təklifinin tərəfindəyəm. Amma fikrimcə, ali məktəblər bunu qəbul etməyəcək. Məsələ ödənişdə deyil ailəli, övladı olan qadınların tədris səviyyəsi də aşağı olacaq. Bu tələbələr ödəniş ödəməsə belə davamlı oxuya bilməyəcək. Təhsil haqqının ləğv edilməsinin də heç bir faydası olmayacaq”.

Qeyd edək ki, deputat dünyanın bir çox ölkələrində də hamilə və ya 2 yaşına qədər uşağı olan tələbələrin universitetlərdə ödənişsiz əsaslarla təhsil aldığını vurğulayıb.

Aysel Aslan