Deputat:"Qərbin qərəzli iddialarına qarşıyıq" - İkili standart

Adil Əliyev: "Onlar Ermənistanda baş verən hadisələrə münasibət bildirmək əvəzinə, Azərbaycanda insan haqlarının pozulduğunu iddia edirlər"




"Amerikanın Azərbaycana qarşı yönələn qərəzli hesabatları dünyadakı ikili standartların nəticəsidir”.

Bu barədə "Sherg.az”a millət vəkili Adil Əliyev danışıb. O vurğulayıb ki, Azərbaycanda demokratik seçkilərin keçirilməsi, insan haqlarının qorunması tək ABŞ-ı deyil, bütün dünyanı narahat edir:

"Ona görə, ABŞ Dövlət Departamenti qərəzli şəkildə Azərbaycana zidd bəyanatlar yayır. Onlar Ermənistanda baş verən hadisələrə münasibət bildirmək əvəzinə, Azərbaycanda insan haqlarının pozulduğunu iddia edirlər. 

Hesab edirəm ki, Azərbaycanın daxili və xarici siyasəti yüksək səviyyədə həyata keçirilir, biz öz müqəddəratımızı özümüz həll edirik. Qərbin qərəzli iddialarına qarşıyıq. Dövlətimizin və ölkə daxili stabilliyin qorunmasının tərəfdarıyıq”.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin 2017-ci ildə dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatında Azərbaycanla bağlı qərəzli iddialar əks olunub. Bu iddialara münasibət bildirən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun sözlərinə görə, hesabat göstərir ki, Dövlət Departamentinin Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələrə münasibəti həmişə olduğu kimi yenə də qərəzli xarakter daşıyıb.

Aysel Aslan