“Dərd də namus kimidir, gərək özün çəkəsən”

Seyran Səxavət: “Kədərin şoulaşması hələ başlanğıcdır”Qulu Məhərrəmli: “Sosial şəbəkələrdə kütlə çoxluğu var, amma mahiyyət ifadə etməyən bir çoxluq”
Feysbuk, dünya ölkələrindən fərqli olaraq Azərbaycanda fərqli missiya daşıyıcısıdır. Normalda insanlar sosial şəbəkədən, internetdən, feysbuk, instaqram səhifələrindən hansısa vacib xəbəri paylaşmaq, sevinclərini bölmək üçün istifadə edər. Bizdə "vacib” xəbər anlayışı da fərqlidir. Məsələn, bizim ölkədə səhər nə yediyini ölkəyə elan etməyi vacib xəbər sayanlar var. Eləcə də, istirahətdə olduğu məkanı, necə istirahət etdiyini, istirahətə nə qədər pul xərclədiyini hamıya bildirmək istəyənlər, qayınanasının əlindən təngə gələnlər, evlənib-boşananlar da sosial şəbəkələri "xəbər kanalına” çevirməkdə mahirdirlər.
Son zamanlarsa, feysbuk, instaqram səhifələri ölüm-itim xəbərləri, cənazə, məzar, başdaşı, hətta ağılarla dolmağa başlayıb.
Bir neçə gün öncə sosial şəbəkələrdə "Atama dua edin, can verir” paylaşımı qızğın müzakirələrə səbəb oldu. "Bu necə övladdır ki, atası can verir, o isə həngamədə macal tapıb status yazır?!”
Bənzər halları bundan öncə də müşahidə etmişik. KİV-də az-çox tanınan xanımlardan biri anasının cənazəsinin yanında çəkdirdiyi şəkli paylaşmışdı. Sonra da bir başqası həyat yoldaşının rəhmətə getdiyini, yas mərasiminə nə qədər pul xərcləndiyini yazmışdı.
Kiminsə anasının, atasının cənazəsini çiynində daşıdığı anları əks etdirən fotoları paylaşanlar da var. Yəqin həmin fotolara şərhlər də təxminən belə olmalıdır: "Ana çiyinlərdə. Ata "aparılır”... və sair.
Deməli, bəzi insanlar hətta ağır itki yaşadıqları anlarda da, feysbuka "sədaqətlərini” itirmirlər. Bunun bir adı da kədərin şoulaşdırılmasıdır, məncə.
Dünən yenə də feysbuk qəm notları ilə əhatə olunmuşdu. "Atam can verir, dua edin”in ardınca, bir başqası artıq canını tapşırmış anasına feysbuk üzərindən ağı deyirdi. Anası gecə yenicə rəhmətə gedib. Hələ torpağa təslim də edilməyib. 15 dəqiqə keçməmiş qızının feysbukda ağısı yayılır; "canım anam, bu nə xəbərdi oyandım mən...” və sair belə sözlər. İnsan heyrət edir ki, bu qız anasının cənazəsi ortalıqda olduğu bir vaxtda harda, necə fürsət tapıb status yazır?!
Allaha dua - "çerez” feysbuk?!
Çinarə Ömray adlı istifadəçi bu "fürsətcillər”lə bağlı dünən maraqlı yazı ilə çıxış edib. Qısaca, ixtisarla təqdim edirik:
"Biz faciəmizi də, dərd-sərimizi, sevincimizi də adam balası kimi yaşaya bilmirik. Məsələn, yas mərasimi.
Deməli, kiminsə evində yas düşəcəyini isti-isti feysbukdan öyrənirik. Birinin atası can verir, tez telefonu, ya planşeti əlinə alıb bir status guppuldadır ki, bəs "atama dua edin, can verir!” Guya bu feysbukdakılar Allahın yaxın qohum-əqrəbasıdır və Allah keçəmməyəcək də bunların sözündən, bunun fb dostlarının hesabına atasına 5-6 il təzədən yazacaq ki, get, şellən. Nəysə, üstündən bir neçə saat keçir, məlum olur ki, Allah bunun dostlarının duasını heç belə vejinə də almadı, öz bildiyi ilə getdi və... fatihə...
Deyirəm, qızdakı fərasətə bax ki, "uspet” edib girir fb-yə, bir dənə qap-qara şəkil yapışdırır örtük fotosuna, atasının da qabaqcadan fotoşopda düzəltdiyi şəklini də profil edib yazır ki: "Atam keçindi. Di hələlik, mən getdim ağlamağa, xurmayla çay fasiləsində gələcəm”.
Mənim anam kimisi də elə bir ayağı startda dayanır ki, görüm, bu gün kim öldü. Qaçır ərinə xəbərə: "Ə, filankəs öldü getdiyee...” Hətta mərhumun qızının "Dua edin!” statusunu görən professional fb-çilər günorta evdə yemək də bişirmirlər ki, axşama filankəsgildə pendir, göyərti, çörək yeyəcəyik, kişi ancaq axşama keçinər. Və qızın profilini ciddi izləməyə alırlar.
...Hə, yeri gəlmişkən, 3 dəqiqə bundan qabaq da filankəs xalanın qayınanası rəhmətə gedib. Qohum-əqrəbaları da statusa "halaldı sən kimi gəlinə ki, qayınanana belə qiymət verirsən”, "O evi başacan yeyəsən bala”, - kimi şərhlər yazıb və yas evinə yollanıblar. Başın sağ olsun, Filankəs xala. Halaldı, əlli-ayaqlı gəlinsən...
"Bir arvad yazır ki, ərim axşam evə gec gəldi. Bunun camaata nə dəxli var?!”
Yazıçı-dramaturq Seyran Səxavət sosial şəbəkələrdə "dərd paylaşanlara” məsləhət verdi:
- Elə xəbərlər var ki, hamı bilməsə də olar. Tutalım, mənim kiməsə şad xəbərim var, onu zəng edib desəm yaxşıdır, yoxsa feysbukda yazsam?! Bu xəbər iki nəfərə aiddirsə, onu niyə külli-aləm bilməlidir? Bu, ağır çıxmasın, özünü çöldə qoymaq kimi şeydir. Baxır, hansı xəbəri kütləviləşdirmək olar. Əgər bu xəbər hamıya və hər kəsə aiddirsə, ictimai mahiyyət daşıyırsa, bəli, o xəbəri paylaşmaq, insanların ondan xəbər tutmasını təmin etmək olar. Hətta lazımdır da. Yoxsa bir arvad yazır ki, bu gün filan xörəyi bişirmişəm. Ərim axşam evə gec gəldi. Bunun camaata nə dəxli var?! Ölün var, otur dərdini çək. Bu, sənə aid olan dərddir. Adam gərək öz dərdini özü çəksin. Dərd həm də namus məsələsidir. Gərək yükünü özün çəkəsən. Dərdi paylaşmaq, həm də yükü başqalarına yükləmək deməkdir; gəlin, mənim dərdimə şərik olun, ortaq olun. İnsan sevincinə ortaq edər də, dərdinə yox ki! Düz deyirsiz ki, dərd, kədər də şoulaşıb. Kədərin şoulaşması hələ başlanğıcdır. 
Bundan da pis şeylər olacaq. Mənim üçün həyatın ən böyük gözəlliyi sirlərdən ibarət olmasıdır. İki nəfər arasındakı məhrəmləri onlardan başqa kimsə bilməməlidir. Hər şeyi hamıyla paylaşmaq robotlaşmaya aparır. Anan rəhmətə gedib, atan rəhmətə gedib, bu, sənə aid məsələdir də. Başqasını niyə şərik edirsən? Ümumiyyətlə, biz çox məsələlərdə sürət götürmüşük, çox sürətlə gedirik. Sürətlə gedən də tez yorular. Əvvəl-axır başımız harasa dəyəcək, onda dayanacağıq. Asta yeriməkdən gözəl heç nə yoxdu. Xalq mahnımızda deyilir ki, "asta yeri kəmər düşər belindən”. Bizim kəmərimiz çoxdan "düşüb”, itirə-itirə gedirik. İkinci "kruq”u edənlər, bizim salıb itirdiklərimizi tapır özünküləşdirir.
Sosial şəbəkələri məişət mövzuları zəbt edib
Professor Qulu Məhərrəmli isə sosial şəbəkələrin hələ də ciddi məlumat mənbəyinə çevrilmədiyindən təəssüfləndiyini bildirdi:
- Sosial şəbəkələr paylaşım meydanıdır. Ən müxtəlif mövzular qoyulur, fikir bildirilir, hətta məişət məsələlərinə də. Ciddi mövzular da qoyulur. Demək olmaz ki, sosial şəbəkələrdə yalnız məişət məsələləri müzakirəyə çıxarılır. Amma müqayisəli götürdükdə, bəli, sosial şəbəkələr ciddi məlumat mənbəyinə çevrilməyib. Ona görə müzakirə olunan mövzular da ikinci dərəcəlidir. Sosial şəbəkələr sərbəstdir, azaddır, düzdür, bu, bəzən mənfi halların yaranmasına səbəb olur. Sosial şəbəkələrdə aktivlik var. Lakin biz məsələn, ziyalıların, millət vəkillərinin, elm adamlarının sosial şəbəkələrdə müzakirəyə qoşulduğunu görmürük. Amma Avropada belə deyil. Avropada sosial şəbəkələrdə ciddi elmi mövzular müzakirə olunur. Millət vəkilləri öz şəxsi səhifələrində yazışmalar aparırlar. Təəssüf ki, biz eyni halı Azərbaycanda müşahidə etmirik. Sosial şəbəkələrdə kütlə çoxluğu var, amma mahiyyət ifadə etməyən bir çoxluq. 
Sosial şəbəkələrdə əsasən gənclər və bir az da orta yaşlılardır. Bir ziyalıdan, ya da elm xadimindən soruşanda ki, "Facebook”da varsınız, tez cavab verir ki, "yox, yox, mən orda yoxam”. Halbuki onların sosial şəbəkələr vasitəsilə ictimaiyyətlə ünsiyyət yaratmaları təqdirolunası haldır. Cəmiyyət olaraq da biz hələ sosial şəbəkələrin daşıya biləcəyi böyük yükü qavraya bilməmişik. Bir nənə üçün sosial şəbəkə nəvəsinin şəklini yerləşdirmək yeridir. Bir gənc üçün gəzdiyi məkanların şəklini paylaşmaq yeri. Amma ölkələr var ki, sosial şəbəkələrdə ciddi mövzuları, milli məsələləri müzakirəyə çıxarırlar. Bizdə belə halın müşahidə edilməməsi, təəssüf doğurur. Sosial şəbəkələrdə ciddi mövzuların qoyulması və müzakirə açılması istənilən, arzuolunan səviyyədə deyil.
Məlahət Rzayeva