“Dərman mafiyası”na qarşı mübarizəyə gec başlanılıb

Elçin Bayramlı: “Bundan ağır cinayət yoxdur, ola da bilməz”




Bir neçə şirkətlə əlbir olan bəzi vəzifəli şəxslərin ölkədə mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçirilməyən dərman preparatlarının satışını təşkil etdiyinə dair faktlar üzə çıxıb. İfşa olunandan sonra ictimaiyyətə "dərman mafiyası” kimi təqdim olunan bu qruplaşmada generalların və deputatların da adı hallanır. Belə bir problemin ortaya çıxması isə Səhiyyə Nazirliyinin idarəetməni düzgün həyata keçirə bilməməsinin göstəricisi kimi qiymətləndirilir.

Baş nazirin müavini Əli Əhmədov Azərbaycanda saxta dərman satışına qarşı mübarizənin davam edəcəyini deyib. Müvafiq dövlət qurumlarının rəhbərləri və nümayəndələri ilə birlikdə dərmanların idxalı və keyfiyyətinə dair müzakirələrin aparıldığını qeyd edən Ə.Əhmədov dərman vasitələrinin dövlət tərəfindən qiymətlərinin tənzimlənməsi haqqında Azərbaycan hökumətinin qərarının olduğunu və bunun vətəndaşların sağlamlığına xidmət etdiyini bildirib. Onun sözlərinə görə, ölkədə dərman vasitələri dövlət tərəfindən tənzimlənən qiymətlərlə satılır və Azərbaycan vətəndaşları bunu yüksək qiymətləndirir. Bunun nəticəsidir ki, bir neçə gün əvvəl saxta dərman satışı ilə məşğul olan bir qrup şəxs ifşa edilib.

Dərman bazarlarına keyfiyyətsiz məhsulların daxil olması barədə məlumatların olduğunu deyən Baş nazirin müavini saxta dərman probleminin dünyada geniş yayıldığını vurğulayıb. Ölkənin dərman bazarında keyfiyyətsiz və qeydiyyatdan keçməyən preparatların mövcud olduğunu deyən nazir bu cür mənfi hallara qarşı ciddi mübarizə tədbirləri görməyin vacibliyini vurğulayıb.

İqtisadçı-ekspert Elçin Bayramlı "dərman mafiyası”na qarşı mübarizənin xeyli gec başlanmasına rəğmən təqdirəlayiq hal hesab edir. Uzun illərdir bu mafiyanın əhalimizə divan tutduğunu, insanları aldatdığını, xəstələri zəhərləyib öldürdüyünü, pulunu soyduğunu xatırladan ekspert bu barədə yazmaqdan, danışmaqdan yorulduğunu deyib: 

"Lakin görülən tədbirlər yetərsizdir. Çünki ölkəyə gətirilən hər bir dərmanın tam kimyəvi analizini, molekulyar tərkibini ayırd edən güclü laboratoriyaların qurulması lazımdır. Eyni zamanda, dərman sahəsində saxtakarlıq edənə ən ağır cəzalar təyin edilməlidir - misal üçün, əmlakı tam müsadirə olunmaqla ömürlük həbs. Çünki bundan ağır cinayət yoxdur, ola da bilməz. Bu, minlərlə insanın həlak olduğu böyük terror aktı törətməkdən min dəfə daha böyük terrordur. Xalqımızın genefondunu, sağlamlığını, gələcəyini məhv edir, ölkəmizi on milyardlarla zərərə salırlar”.

E.Bayramlının sözlərinə görə, "dərman mafiyası”na qarşı mübarizə fonunda quldurlar yenə xalqı zəhərləməyin bir yolunu tapmağa çalışacaqlar. Bunun üçün həmin sahədə tam şəffaf nəzarət təmin olunmalıdır. Əks halda, gizli yollar tapılacaq, lazımi adamlar ələ alınacaq. Burada on milyardlarla dövriyyədən söhbət gedir”.

Dərmanların qiymətinin süni şəkildə qaldırılması ilə bağlı etirazlara gəldikdə isə iqtisadçı deyib ki, bu, istehsalçı şirkətlərin qoyduğu qiymətdən asılıdır. Dövlət qiyməti ucuzlaşdıra bilməz: 

"Dərman mafiyasına qarşı əməliyyat qiymətləri qaldıra bilər, lakin dövlət bunun qarşısını ala bilər. Sadəcə, gətirilən dərmanın üzərinə maksimum 10 faiz gəlir qoyulmasını təmin edə bilər. Qaldı ki, həkimlərin firmalarla əməkdaşlığına, bunun qarşısını ala biləcək heç bir inzibati metod yoxdur, ola da bilməz. Çünki eyni tərkibli dərmandan onlarla firma istehsal edir, həkim hansını istəsə yaza bilər, lakin o, yazdığından yaxşı rüşvət aldığını heç cür sübut edə bilməzsən. Ümid qalır həkimin vicdanına. Aşağı gəlir olan yerdə də insanların çoxunun vicdanını itirdiyi dəqiq məlumdur. Demək, yeganə yol, icbari tibbi sığortanı təcili tətbiq etmək, həkimlərə normal əməkhaqqı vermək və cəzaları xeyli sərtləşdirməkdir”.

Şəymən